“Azərbaycanlı milyarderin qardaşı namizədlik üçün 5 milyon rüşvət təklif edib” - Şok AÇIQLAMA
5-10-2015, 13:02
“2013-cü ildə keçirilən prezident seçkiləri zamanı Milli Şura ilə mənim aramda müəyyən narazılıqlar yaranandan sonra hüquq müdafiəçisi kimi fəaliyyətə başlamışam”.
Bunu Modern.az saytına açıqlamasında “Demokratiyanın müdafiəsinə kömək” İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Vidadi İsgəndərov deyib.
O, qeyd edib ki, hələ də aktiv siyasətlə məşğuldur. Hüquq müdafiəçisinin sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşı Fərəc Əhmədov da eyni dairədən deputatlığa namizədliyini irəli sürmək istəyib:
“Məndə olan məlumatlara görə, Fərəc Əhmədov 5 milyon manat rüşvət verib özünü deputat seçdirmək istəyib. Lakin niyyəti baş tutmayıb”.
Vidadi İsgəndərlinin sözlərinə görə, Fərəc Əhmədovun təklifi rədd edilib.
Vidadi İsgəndərov 89 saylı dairədən deputatlığa namizədliyinin qeydə alınmasının belə izah edib:
“Bir aydır deyirdim ki, məni qeydiyyatda almayacaqlar. Lakin Dairə Seçki Komissiyası məni namizəd kimi qeydə aldı. Bu isə elə-belə baş vermədi.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova teleqramla müraciət edib bildirmişdim ki, məni qeydiyyata almasalar, xarici dövlətlərin birindən siyasi sığınacaq alacağam. Bundan sonra qeydiyyata alındım”.
Deputatlığa namizəd onu da əlavə edib ki, təşviqat kampaniyasında məmur özbaşınalıqlarından söz açacaq.
Vidadi İsgəndərov 2011-ci il avqustun 27-də Göyçay Rayon Məhkəməsinin qərarı ilə seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma; seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmədə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, prezident İlham Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı sərəncamla əfv siyahısına düşərək azadlığa çıxıb.
V.İsgəndərovun adı bir neçə dəfə müxtəlif qalmaqallarda da hallanıb.