Başçının Prezidentə seçki təxribatı: DSK necə satılıb?

7-10-2015, 23:50           
Başçının Prezidentə seçki təxribatı: DSK necə satılıb?
Beyləqanda seçki ərəfəsində sabitliyi pozan qüvvələr fəallaşıb. Bu məkrli qrupların arxasında rayon rəhbərliyinin dayandığı iddia edilir.

TİA.AZ-a rayondan daxil olan xəbərlərdə vurğulanır ki, Vaqif Abdullayev icra başçısı postunda vəzifəsini yerinə yetirmək əvəzinə ictimai sabitliyi pozan qüvvələrə hamilik edir. Onun seçkilər ərəfəsində hökumətə qarşı yürütdüyü siyasət məhz öz maraqlarına xidmət edir. V.Abdullayev əhali arasında sosial gərginlik, əyalət üsyanı üçün zəmin hazırlayır. Xarici qüvvələrin və erməni lobbisinin Azərbaycana qarşı aktiv fazada siyasət apardığı bir vaxtda Beyləqanın rəhbəri də sakinləri etiraza qaldırır. Onun rayonda yaratdığı xaos, məmur süründürməçiliyi, çinovniklərin özbaşınalıqları, ayrı-ayrı idarə müdirlərinin qanunsuz fəaliyyəti, şikayətlərin və müraciətlərin həllini tapmaması ciddi şəkildə narazılıq doğurub. Artıq yerli media uzun müddətdir ki, Beyləqanda baş verən proseslərdən yazır. İcra başçısından narazılıq edən sakinlər özbaşınalıqlardan cana doyub. Sakinlər rayonda rüşvətxorluğun, məmur qudurğanlığının son həddə çatdığını söyləyirlər. Bu şikayətlər artıq dosye halında mərkəzə təqdim olunub.
TİA.AZ-a verilən məlumata görə, V.Abdullayevin postunda qalacağı sual doğurur. Çünki seçki dönəmində rayonda sosial gərginliyə səbəb olması hakimiyyətə qarşı xəyanət kimi qiymətləndirilir. Bu arada azinforum.az xəbər yayıb ki, keçmiş icra başçısı İrşad Əliyev müxtəlif növ ağaclar əkdirmişdi. Onun dövründə bu ağaclara qulluq ərazi icra nümayəndələrinə və bələdiyyələrə tapşırılmışdı. Amma ağaclara su verən tapılmır. Bildirilib ki, icra başçısı hər həftəsonu ailəsinə baş çəkmək üçün paytaxta üz tutur. Məhz elə həmin quruyan ağaclar da paytaxt yolunun üstündədir. Axı rayon rəhbəri razı olmaz ki, ailəsi də beyləqanlılar kimi əziyyət çəksin, çala-çaxnaq yollarla getsin, uçuq sinif otaqlarında dərs alsın, şoran torpaqlarda gəzsin. Sayt əlavə edib ki, rayon rəhbərinin sahibkarlara münasibəti belə xarakterizə olunur: “İcra başçısı deyir ki, kim rayonda rüşvət verib iş qurmaq istəyirsə, 50 manatdan artıq rüşvəti gətirib şəxsən mənə versin, ara adam tutmasın. Bu, həm sizin büdcənizə xeyirdi, həm də mənim üçün sərfəlidir. Çünki ara adamı da öz faizini məbləğin üzərinə gəlir və bəzən iş qurmaq istəyən adamın bu işi aşırmağa gücü çatmır”.
Daha sonra bildirilib ki, Beyləqanın 81 saylı seçki dairəsində 15-ə yaxın namizəd var. Dairə Seçki Komissiyasının sədri Azər Əliyev avtomobil qəzası keçirib. DSK sədri öz canının hayında olduğu halda, başçı hüquq-mühafizə orqanlarına sifariş verib. Qəzanı elə sənədləşdirin ki, günahkar Azər Əliyev çıxsın. Səbəb də göstərilsin ki, sürücü içkili olub. Sifariş tam yerinə yetiriləndən sonra başçının sifarişi DSK sədrinə çatdırılıb; ya ərizənlə işdən çıx, ya da haqqında cinayət işi qaldırılacaq. DSK sədri başçının təklifini qəbul edir və ərizəsini yazır. Başçı dərhal 81 saylı DSK sədrinin kreslosunu hərraca çıxarır. Start qiymət 30 min dollardan başlayır, müştəri çıxmadığı üçün qiymət 15 minə enir. Bu qiymətə razı olan Kəbirli kəndinin sabiq ərazi icra nümayəndəsi Zakir Vəlişov dərhal 81 saylı DSK-nın sədri “seçilir”. Bu təyinatı qeyri-rəsmi olaraq birbaşa başçı verir. Halbuki DSK sədri seçilmək üçün əvvəl YAP rayon təşkilatı həmin adamı DSK üzvü təyin etməli, bunun ardınca DSK üzvləri həmin şəxsi özlərinə komissiya sədri seçməlidirlər. Kəbirli kəndində iki vakant iş yeri var - ərazi icra nümayəndəliyi və məktəb direktoru – uyğun olaraq qiymətləri də 10 və 8 min manata təklif olunur. Bundan əlavə, tədqiqatçı Asif Cəfərli sübut edir ki, qədim Beyləqan şəhərində su kəmərləri və kanalizasiya sistemi də mövcud olub. Müasir Beyləqan şəhərinə hələ indi su kəməri və kanalizasiya xətləri çəkilib. Əlinəzərli kəndi yaxınlığındakı meşə zolağından mənbə götürən su kəməri hələlik şəhərin bir hissəsini su ilə təmin edə bilir. Baxmayaraq ki, artıq kəmərin istifadəyə verilməsi barədə hökumətə hesabat verilib. Kanalizasiya sisteminə gəldikdə isə hələ bir nəfər də olsun bu kanalizasiya sisteminə bir bardaq da su buraxmayıb.
Rayonun Yuxarı Kəbirli, Örənqala, Baharabad və Allahyarlı kəndlərinə 5-6 ay əvvəl qaz çəkilib, kəmərin açılışı olub. Lakin açılışdan bir neçə gün sonra adları sıralanan bu kəndlərə mavi yanacağın verilişi dayandırılıb. Əhali hələ də qazın yenidən verilişinin bərpa olunacağı günü gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.