“Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz” – Tofiq Zülfüqarov

8-11-2018, 12:23           
“Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz” – Tofiq Zülfüqarov
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev arasındakı qarşıdurma səngimək bilmir. A.Xudiyevin T.Əliyevin 2001-10-cu illərdə səfir olarkən 2,4 milyon yeyintiyə yol verməsi barədə ittiham irəli sürməsi və bununla bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsi qalmaqala çevrilib.

Artıq Azərbaycan XİN bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Bu barədə uzun illər Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bu haqda danışıb. Zülfüqarovun fikrincə, burada əsas məsələ Xarici İşlər Nazirliyinin indi araşdırmalara başlamasıdır.“Görünür, bundan öncə mənimsəmə faktı olmayıb. Demək, səfir özbaşına hansısa nəticələrə gəlib. Orada hansısa nöqsanlar varsa, səfirliklərə aid qurumlar mövcuddur. Onlar qərar çıxarmalı və bunun əsasında səfir bu və ya digər addımlar ata bilər. Azərbaycan səfirliyi üstündə qanunlarımız durur. Ondan irəli gələn addımlar atılır. Əgər yeyinti halları varsa, Azərbaycanın hüquq-mühafizə orqanları bunu araşdırmalıdır. Yeri gələndə o ölkənin yerli hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq qurmaq olar. Səfirlik, sadəcə, buna şərait yaratmalıdır. Bunun üçün Azər Xudiyevin Ukrayna Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətinə nə gərək var idi? Azərbaycan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun Xarici Əlaqələr İdarəsi var. Bunların vasitəsilə işlər görülür”.

Sabiq XİN rəhbəri səfirimizin Ukraynanın erməni əsilli daxili işlər nazirinə müraciətinə də mövqe bildirdi: “Burada erməni faktorundan əvvəl qanunlara riayət olunmalıdır. Erməni və ya digər millətin nümayəndəsi olması burada əsas deyil. Əsas olan bizə aid olan hüquqların kiməsə verilməsidir. Dövlətimizə aid suveren hüquqlar var. Nəyə görə sən bu suveren hüquqları kiməsə verirsən? Səfirin də hüquqları var. Amma səfir məhkəmə, müstəntiq ola bilməz. Təəssüflər olsun ki, nazirlikdən gizli şəkildə belə bir addım atılıb. Təlimat yoxdursa, bu çox ciddi bir səhvdir. Tələt Əliyev və Azər Xudiyevin fəaliyyətindəki nöqsanların bu və ya digər şəkildə ictimailəşməsi mümkündür. Xarici İşlər Nazirliyi elə bir qurumdur ki, nöqsanları gərək xidməti imkanlar daxilində araşdırsın və sonra nəticə çıxarsın. Mən hər iki şəxsin yaxşı və ya pis işləmələri barədə nəsə deyə bilmərəm. Bu mənim təbiətimdən də uzaqdır. Bunlar qanunazidd fikirlər də ola bilər. Ciddi yoxlamalardan sonra addımlar atılır. Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz. Araşdırmalardan sonra Azər Xudiyevin geri çağırılıb-çağrılmayacağı yönündə hər hansı bir fikir söyləyə bilmərəm. Qanuna riayət edərkən bu məsələni qanun çərçivəsində həll etmək lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.