Səfir: İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır

15-01-2019, 07:47           
Səfir: İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin Trend-ə müsahibəsi

- Ötən bir ildə Azərbaycan-İran münasibətlərini, bu münasibətlərin inkişafını necə qiymətləndirirsiniz?

- İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin də qeyd etdiyi kimi, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 73 faiz artıb. Əlbəttə, bu göstərici daha yüksək ola bilər.

2018-ci ildə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana səfər etdi və səmərəli görüşlər keçirildi. Bundan əlavə, mütəmadi olaraq İrandan Azərbaycana yüksək səviyyəli nümayəndə heyəti səfər edir, iki ölkənin parlamentariləri, nazirləri, eləcə də özəl və dövlət şirkətlərinin nümayəndələrinin qarşılıqlı səfərləri olur.

Bütün bunlar İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu və daha da inkişaf edə biləcəyini göstərir. Biz bunu əsas götürürük və çalışmalıyıq ki, 2019-cu ildə iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Birgə layihələrimiz, o cümlədən investisiya layihələrimiz var və onların həyata keçirilməsində irəliləyişlər əldə olunub.

İran və Azərbaycan arasında siyasi əlaqələr baxımından 2018-ci ili analoqu olmayan il adlandırmaq olar. Çox uğurlu il oldu. Ötən il İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bir neçə dəfə Azərbaycana səfər etməsi rəsmi Tehranın Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərməsindən xəbər verir və ümidvarıq ki, 2019-cu ildə də əlaqələr bu şəkildə davam edəcək.

- Dağlıq Qarabağ münaqişəsinin bölgənin ümumi təhlükəsizliyinə və inkişafına əsas təhlükə mənbəyi olduğunu nəzərə alaraq, İran münaqişənin həlli üzrə hansı təkliflərlə çıxış edə bilər?

- İran bölgədə hər hansı münaqişənin region ölkələrinə zərər verdiyini həmişə aydın şəkildə bəyan edib. Çünki İranın özü 8 illik müharibə (İran-İraq müharibəsi – red.) dövrü yaşayıb. Çoxlu sayda şəhid verilib, insanlar əlil olub, didərgin düşüb. Yəni biz özümüz bu problemlə yaxından tanışıq. Hər birimiz bunun ağrısını yaşamışıq – mənim yeganə qardaşım müharibədə şəhid olub. Münaqişələr, müharibələr insanlara mənəvi baxımdan da böyük zərbə vurur.

Ötən il oktyabrın 30-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli və azərbaycanlı həmkarları ilə İstanbulda baş tutan IV üçtərəfli görüşdə İranın münaqişə ilə bağlı mövqeyini çox aydın şəkildə bəyan etdi və bu mövqe dəyişməzdir.

İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində siyasi sahədə istənilən işi görməyə hazırdır ki, regionda təhlükəsizlik və sabitlik daha da artsın. Ümumiyyətlə, regionda hər bir dövlət üçün ən əhəmiyyətli məsələ təhlükəsizlik, sabitlik, inkişafdır.

- Magistral dəmir yolu xətlərinin inkişafı hər iki ölkənin marağındadır. Bu istiqamətdə hansı işlər görülüb?

- Bu sahədə bir sıra çətinliklər var. Lakin dekabr ayında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin İran Astarasında görüşündə dəmir yolu məsələləri ilə bağlı çox müsbət müzakirələr aparıldı. Bu sahədə işlər irəliləyib.

İranın Astara yükaşırma terminalı hazırda fəaliyyət göstərir. Bununla belə, terminalın tam gücü ilə fəaliyyət göstərməsi üçün müəyyən vaxt – 1,5-2 il lazımdır. Bu işlərin tezliklə başa çatacağına ümid edirik.

- Qaz ehtiyatı baxımından dünyada ilk yeri tutan İranın qaz ixracını artırmaq və ya şaxələndirməklə bağlı hər hansı planları varmı?

- İran müəyyən həcmdə qaz ixrac edir və bu tədarük davam edir. Lakin hazırda İranın qazla bağlı əsas proqramı Əsəluyədə “Cənubi Pars” qaz yatağı ilə bağlıdır. Bununla əlaqədar olaraq İranın neft naziri Bijən Zəngənə həftədə ən azı iki dəfə iclas keçirir.

Bir məsələni də qeyd edim ki, “Fars Körfəzi Ulduzu” Neft Şirkətində (PGSOC) yeni layihənin həyata keçirilməsi sayəsində İran benzin idxalından asılılığı tam aradan qaldıracaq. Bu layihə İran üçün çox əhəmiyyətlidir. Təbii ki, qazın xam şəkildə deyil, emal olunaraq ixrac edilməsi də İran üçün daha səmərəlidir.

- İki ölkənin qarşılıqlı idxal-ixracı üzrə rəqəmlərə əsaslanaraq ticarət dövriyyəsinin artırılması ilə bağlı hər hansı təkliflər irəli sürülübmü?

- İran və Azərbaycan investorlarında birgə layihələrin həyata keçirilməsi ilə bağlı ümumi maraqlar var: İran investorları Azərbaycanda ya öz investisiyaları ilə, ya da Azərbaycan tərəfi ilə birlikdə yatırımlar edə bilərlər. Məqsəd də budur ki, öz sərmayələrindən istifadə edərək Rusiya və ya başqa ölkələrə məhsullar ixrac etsinlər. Bundan başqa, MDB ölkələri arasında gömrük rüsumları aşağı olduğu üçün iranlı investorlar bundan yararlanmaqda maraqlıdırlar.

İranın kənd təsərrüfatı sahəsində həm istehsal, həm də ixrac həcminin çox olduğunu, həmçinin Rusiyanın 40 milyard dollarlıq kənd təsərrüfatı bazarını nəzərə alaraq, iranlı iş adamları Rusiyada yaşayan azərbaycanlılar və ya Azərbaycandakı iş adamları birlikdə işləyə bilərlər. Bu istiqamətdə səylərimizi davam etdiririk.

Bundan başqa, növbəti ay İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının rəhbəri Qulamhüseyn Şafeinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin Azərbaycana gələcəyi gözlənilir.

- Xalqlarımız arasında tarixən mövcud olan mədəni əlaqələrin cari vəziyyəti, eləcə də gələcək inkişafı ilə bağlı nə deyə bilərdiniz?

- 2018-ci ilin iyun ayında İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi Azərbaycana səfər edib. Həm Bakıda, həm də Gəncədə İran mədəniyyəti günləri keçirilib. İranın aparıcı kinorejissorlarından biri Məcid Məcidi Azərbaycana gəlib, Azərbaycanın kino sahəsinin mütəxəssisləri ilə görüşləri olub. Bundan başqa, Fərabi Kino Fondunun icraçı direktoru Əlirza Tabeş də Azərbaycana səfər edib, görüşlər keçirib, kino sahəsində müqavilələr imzalanıb. Həmçinin İranın teatr, xalça, musiqi, rəssamlıq və xəttatlıq sahələrində fəaliyyət göstərən tanınmış şəxsləri Azərbaycana gəliblər.

İran və Azərbaycan arasında birgə film çəkilişi də nəzərdə tutulur. Eyni zamanda, İran, Azərbaycan və Türkiyə arasında tanınmış aktyorların iştirakı ilə birgə seriallar çəkiləcək. Azərbaycan tərəfi bu məsələ ilə bağlı razılığını verib və müvafiq işlər aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.