Elçin Şıxlı:“Qarşıdurma davam etsə, bu regionu Rusiya qazanacaq”

16-01-2019, 00:00           
Elçin Şıxlı:“Qarşıdurma davam etsə, bu regionu Rusiya qazanacaq”
Ayna-Zerkalo” qəzetinin baş redaktoru, siyasi icmalçı Elçin Şıxlı Teleqraf.com-a müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Elçin bəy, ABŞ Prezidenti Trampın Türkiyəni məhv etməklə təhdid etməsi, daha sonra Prezident Ərdoğanla məsələləri müzakirə etdiyini bildirməsini necə qiymətləndirmək olar?

– Daim qeyd etmişəm ki, vaxtilə Türkiyə Amerikaya İraqa daxil olmaq üçün yol vermədi. ABŞ da İraqa daxil olduqdan sonra orada istinad edəcəyi yer axtarırdı. Bu istinad nöqtəsi də Şimali İraqdakı kürd yaraqlıları oldu. Nəticədə Türkiyə uduzdu. Bu və ya digər şəkildə kürd yaraqlıları, peşmərgə gücləndi. Bütün indi müşahidə olunan problemlər də məhz bundan qaynaqlanır.

Ancaq indi Türkiyə NATO-nun üzvüdür, bu regionda ən güclü orduya malikdir. Həm də Türkiyəyə ancaq Ərdoğan, Amerikaya isə yalnız Tramp müstəvisində baxmaq doğru olmazdı. Həm Türkiyə, həm də Amerika dövlətdir. Bu gün Tramp hakimiyyətə gələr, sabah hakimiyyətdən gedər. Üstəlik, ABŞ Türkiyə kimi istinad nöqtəsini itirə bilməz və itirmək də istəməz.

Eyni zamanda bu saat Ankara və Vaşinqton bir-birini sınayır. Sanki bir əsəb, informasiya müharibəsi gedir. Təbii ki, Türkiyə kürd yaraqlılarının öz sərhədləri boyunca mövcudluğuna göz yuma və bu reallığı qəbul edə bilməz. Türkiyə indi Suriya ilə sərhədləri boyu təhlükəsizlik qurşağı yaratmaq istəyir. Təhlükəsizlik qurşağını yaratmaq üçün kürd silahlılar buradan kənara itələnməlidir. Biz deyə bilmərik ki, Türkiyə bu təhlükəsizlik zolağına Suriyadakı etnik ərəbləri, bizim türkmanları və ya hazırda Türkiyədə olan 3 milyon suriyalı qaçqını yerləşdirəcək. Hər halda təhlükəsizlik zolağı olacaq ərazilərə kürdlər yerləşdirilməyəcək.

– Ancaq Donald Tramp Türkiyəni iqtisadi cəhətdən məhv etməklə təhdid etdi…

– Bəli, ABŞ-ın imkanı var ki, iqtisadi meydanda Türkiyəni yesin. Nəzərə alaq ki, Türkiyə və onun əhalisi İran deyil ki, mümkün olan bütün çətinliklərə dözə bilsin. İran neçə illərdir ki, qapalıdır və mümkün olan sanksiyalara indiyə qədər dözüb, aza da qane olub. Ancaq nəzərə alın ki, Türkiyə əhalisi Merceders, Bentliyə alışıbsa, İrandakı əhali 1960-cı illərin istehsalı olan Amerika “Ford”una qane olur. Bu baxımdan Türkiyə əhalisi iqtisadi çətinliklərə İran əhalisi kimi biganə qala bilməz və öz hökumətindən dəyişikliklər tələb edə bilər. Həm də unutmayaq ki, ABŞ 2-3 ay əvvəl iki türk nazirinə formal sanksiya tətbiq etdi, nəticədə türk lirəsinin dollar qarşısında məzənnəsi kəllə-çarxa qalxdı. Münasibətlər düzələn kimi isə türk lirəsinin məzənnəsində normallaşma prosesi getdi. Bu baxımdan ABŞ Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etmək niyyətinə düşsə, Türkiyə üçün ciddi itkilər baş verəcək. Amma bir məqamı unutmamalıyıq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Hesab edirəm ki, bu seçkilərdən sonra Prezident Ərdoğanın ABŞ-a qarşı sərt ritorikasında yumşalma müşahidə ediləcək. Türkiyədə bələdiyyə seçkiləri olduqca önəmli hesab olunur.

Ərdoğan bir siyasətçi kimi daxili seçkilərdə vəziyyəti təhlil edərək, xarici siyasətdə müəyyən addımlar ata bilir. Bununla belə Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik qurşağı qurmalıdır, özünün milli təhlükəsizliyini təmin etməlidir. Bu saat Türkiyə üçün ən ciddi təhdid sərhədləri boyu kürd yaraqlılarının toplana bilməsi reallığıdır. Kürd yaraqlılarına da təbii ki, Vaşinqton dəstək olur, silahlandırır və s.

– ABŞ-ın YPG-nin arxasında ciddi dayandığını nəzərə alsaq, Türkiyənin sərhədi boyunca təhlükəsizlik zonası yaratmaq imkanı varmı?

– Kürd yaraqlıları ciddi qüvvə deyil. Bunu Afrin əməliyyatı zamanı da gördük. Türk ordusu yüksək peşəkarlıqla əməliyyat keçirdi, minlərlə terrorçu məhv edildi. Kürd silahlıları, YPG, PYD və PKK heç nədir, Türkiyə isə Türkiyədir, qədim və güclü bir dövlətdir. YPG olmasın, JPG olsun, onlar heç nədir. Amerika olmayan yerdə Osmanlı var idi. Amerika Türkiyəni heçə saya bilməz. Saysa, çox ciddi məğlubiyyətlə üzləşə bilər. Türklər təhlükəsizlik zolağını qurmalıdır və quracaqlar da. Əkər bunu etməsələr, hesab edin ki, Prezident Ərdoğan üzərindən çarpaz xətt çəkmiş olar.

– Türkiyə Menbiçşi, Fərat çayının şərq sahillərini əldə etsə, nə olacaq? Nədən ABŞ bu məsələdə ciddi-cəhdlə müqavimət göstərir?

– Amerika istəyir ki, Türkiyə hətta əməliyyat keçirsə belə, bu icazəli olsun. ABŞ bu əraziləri heç cür nəzarətdən buraxmaq istəmir. Nəzərə almalıyıq ki, biz çox ciddi bir bölgə haqqında danışırıq. ABŞ-ın uzaqda olmağına baxmayın. Bütün enerji mənbələri, tranzit kəmərləri bu ərazilərdədir. Amerika buranı əlindən çıxarmaq istəmir. Ancaq məsələnin ikinci tərəfi ondadır ki, əgər ABŞ Türkiyə ilə yolunu uyğunlaşdırmasa, Ankaranın maraqlarını anlayışla qarşılamasa, kürd silahlılarına dəstəyini davam etdirib, Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqinə başlasa, düşünün ki, ABŞ regionu Rusiyaya uduzacaq.

– Nədən Rusiyaya?

– Amerika-Türkiyə qarşıdurmasının arxasında Rusiya və onun maraqları da durur. Əgər ABŞ Türkiyəni əldən versə, hesab edin ki, udan tərəf Rusiya olur. Və bununla da ABŞ Suriya məsələsində uduzmuş olur.

– Sizcə, ABŞ Suriyadan çıxacaqmı?

– Amerika bu və ya digər formada öz mövcudluğunu Suriyada qoruyub saxlayacaq. Buna heç şübhəniz belə olmasın. ABŞ-ın Suriyadan tamam çıxması mümkün deyil. Təsəvvür edin ki, bu qədər maliyyə xərcləndi, insan itkisi oldu. Bu boyda əziyyətdən sonra günün birində Tramp durub deyə bilməz ki, sağ olun, mən getdim.

Suriyada qlobal baxımdan heç nə dəyişməyib ki, ABŞ buranı tərk etsin.

– Fakt budur ki, Tramp Suriyadan çıxmaq haqda qərar verib. Ancaq, ABŞ-ın hərbi sənaye kompleksi bu qərara görə Trampa ciddi pressinqlər edir…

– Bu hərəkətlər başadüşüləndir. Tramp peşəkar siyasətçi olmadığı üçün özünü biznes adamı kimi aparır. ABŞ Afrikanın “Bujumbura” vilayəti deyil ki, prezident nə istəyirsə, edə bilsin. ABŞ-da belə vəziyyət yoxdur.

Təsəvvür edin ki, indiyə qədər ABŞ-da büdcə təsdiq edilməyib və onların təbrincə desək, böhran var. Böhran hələ də davam edir və bunun nəticəsində FTB, MKİ, NASA və digər ciddi kəşfiyyat xidmətinin çoxsaylı əməkdaşları fəaliyyətlərini dayandırmağa məcbur buraxılıb. Bu şəxslərin hər birinin agentura şəbəkəsi var. Onlar fəaliyyətini dayandıranda informasiya toplanması baxımından ABŞ fəaliyyətini zəiflətmiş olur.

Hazırda Tramp dirəniş göstərir və Meksika ilə sərhəddə divar hörülməsi məsələsində iradəsini yeritmək istəyir. Amma sözsüz ki, ABŞ daxilində gərginlik mövcuddur və müəyyən qruplar həm də xarici siyasətdən narazıdır. O cümlədən də Trampın Suriyadan çıxmaqla bağlı qərarından.

– ABŞ-da federal hökumətin fəaliyyətini bərpa etməsi üçün nə Prezident Tramp, nə də Konqresin Nümayəndələr Palatası geri çəkilir. Bu qarşıdurmanın sonu necə ola bilər?

– Hələlik böhran davam edir. ABŞ-ın daxilində müəyyən nəticəyə gələcəklər. ABŞ-ın böyüklüyü, sistemin üstün tərəfi odur ki, orada hakimi-mütləq yoxdur. Qərar müzakirələrdən, toqquşma və qarşıdurmalardan sonra konsensus əsasında qəbul olunur. Mən deyə bilmərəm ki, indi yaranan qarşıdurmadan Tramp və ya Konqres qalib çıxacaq. Amma onlar sonda razılıq əldə edəcək və böhran aradan qalacaq. Vay Yaxın Şərq ölkələrinin halına. Hər yerdə qarşıdurma, müharibə, qanlı toqquşma və insan itkiləri var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.