Tofiq Zülfüqarov: “Əgər bu ssenari təkrarlansa, dəhşətli vəziyyət yaranar”
25-02-2019, 09:08
“İstisna etmirəm ki, bizimçün də imkanlar pəncərəsi açılacaq”
Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiyanın köhnə imperiyanı bərpa etmək cəhdləri müşahidə olunur. ABŞ-ın Rusiyanı parçalayacağı barədə məlumatların yayıldığı bir ərəfədə Azərbaycanın şimal qonşusunun Belorusla birləşmək cəhdləri dünyaya meydan oxumaq cəhdi kimi də dəyərləndirilə bilər. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın ən ciddi problemlərini də əhatə edən söhbətimiz zamanı “Yeni Müsavat”a maraqlı fikirlər söylədi.
- Tofiq bəy, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Belarusun birləşməsi mövzusuna münasibət bildirib. Düzdür, o, bu məsələdə həddən çox emosiya və jurnalist uydurmalarının olduğunu deyib. Amma əlavə edib ki, hazırda tərəflərin razılaşdığı bir çox sadə və aydın mövqe mövcuddur. Siz iki slavyan ölkəsinin birləşmə cəhdlərinin perspektivini görürsünüzmü?
- Yox. Rusiyanın mövqeyi barədə danışmaq çətindir. Amma Belarusun mövqeyi qanunidir. Hər halda, Lukaşenko həm Putinin, həm də öz adından deyib ki, bu məsələdə xalq necə istəsə, elə də olacaq. Yəni təxminən referendum məsələsi ortadadır. Referendumun nəticələri barədə nəsə demək çətindir. Rus xalqını deyə bilmərəm, amma Belarus xalqı müstəqil dövlətdə yaşamağa öyrəşib. Bu, mənim təəssüratımdır, amma hadisələr necə cərəyan edəcək, demək çətindir.
- SSRİ-nin yaradılması istiqamətində cəhdlər də təqribən belə başlamışdı. Bənzər proses işə salına bilərmi?
- Çox şeylər bəyan olunur. Amma real addımlar fərqlidir. Bu yaxınlarda məlumat yayılıb ki, Lavrovun qızı böyük imkanlara malik olan şəxsdir, 5 milyarda yaxın pulu var və onun böyük hissəsi ABŞ banklarındadır. Bilmirəm, 5 milyard söhbəti düzdür, ya yox. Amma yuxarıdakı söhbətə qayıtsaq, Sovet ittifaqının bərpasının nə ideoloji, nə iqtisadi, nə də hərbi əsasları var. O vaxt hansısa ideologiya mövcud idi və onun ətrafında millətləri birləşdirib bir dövlət qurdular. Amma indi belə bir ideologiya yoxdur, cəmiyyəti nəyin əsasında birləşdirəcəklər?
- Rusiyadan uzaqlaşmaq istəyən Ermənistan bu günlərdə ABŞ-dan da şillə aldı. Erməni nazirin Vaşinqton səfərinin təxirə salınmasını nəzərdə tuturam.
- Açığı, mən bu məlumata bir az şübhə ilə yanaşıram. Suriyaya hərbçi göndərilməsinə görə belə bir addımın atılması məsələsini nəzərdə tuturam. Əgər narazılıq varsa, doğrudan da, səfər təxirə salınırsa, bunun ayrı səbəbləri ola bilər.
- Ola bilərmi ki, Paşinyan hansısa oyunlarla Rusiyanı Qərbin adamı olmadığına inandırmaq istəyir?
- Bəzən biz deyirik ki, Ermənistan Rusiyaya yaxınlaşır, Rusiya ona təyyarələr verir. Amma məncə, problem bir az dərindir. Baxın, Köçəryan həbsxanadadır. Putinin şəxsi xahişinə məhəl qoymadan onu həbsdə saxlayırlar. Hətta belə fikirlər səslənir ki, onu ev məhbusluğuna buraxsınlar. Lakin Paşinyanın dediyi kimi, o, indiyədək həbsdə qaldı. Hətta Serj Sərkisyanı da tutmaq istəyirlər. Köçəryan Putinin dostudur. Vaxtilə Köçəryan belə söhbətləri yayırdı. Təbii ki, Köçəryan Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxsdir. Saakaşviliyə də vaxtilə məsləhət görülmüşdü ki, Georqadzeni öz vəzifəsində saxlasın. Ancaq onu həbs edəndən sonra Putinlə şəxsi münasibətləri tam pozuldu. İndi də Paşinyan çox yaxşı başa düşür ki, o, Kreml üçün heç vaxt “özününkü” olmayacaq. Bu yolu seçib ki, mənim insanlar arasında dəstəyim var və öz siyasətimi həyata keçirməliyəm. Rusiya-Ermənistan əlaqələri heç də yaxşı deyil.
- Tofiq bəy, həmsədrlərin budəfəki səfəri heç nə ilə diqqət çəkmədi. Demək olarmı ki, bu il Qarabağla bağlı yenilik gözləməyə dəyməz?
- Yox. Bundan qabaq dediklərimi yada salanda heç də hesab etmirəm ki, Rusiya-Ermənistan əlaqələri xaotik məcrada inkişaf edəcək. Qarabağla bağlı gərginlik var, axırı nə olacaq, bunun üçün gözləmək lazımdır. İstisna etmirəm ki, bizimçün də imkanlar pəncərəsi açılacaq.
- Yuxarıda Rusiyanın Belarusla birləşmək cəhdlərindən danışdıq. Paralel şəkildə ABŞ-ın Rusiyanı parçalamaqla bağlı planının olmasından bəhs olunur. İddialar var ki, Qərb Rusiyaya SSRİ-nin taleyini yaşadacaq...
- Mən bu müqayisənin tərəfdarı deyiləm. Ona görə ki, vəziyyət tam başqadır. Yəni indi dünya dəyişib və informasiya baxımından dünya çox fərqlidir. İndi ideologiya da yoxdur ki, bir-birinin qarşısında dursun. Bu baxımdan dərindən baxsaq, görərik ki, indiki konfrontasiyanın nə iqtisadi, nə də ideoloji əsasları var. Hətta bunun əsasının nədən ibarət olduğunu izah etmək də çətindir. Açıq demək lazımdır ki, Rusiyanın Ukraynadakı aqressiv siyasəti üçün - hansı ki, tənqid olunur - şəraiti bu və ya digər şəkildə Qərb yaradıb. Burada mən daha çox siyasi elitanın konfrontasiyaya girməsini görürəm. Bu baxımdan dediyim səbəblərə görə, bu, uzun, davamlı konfrontasiya ola bilməz. Buna əlavə etsək, başqa bir reallığı da görəcəyik: Rusiya hazırda elə siyasi və iqtisadi vəziyyətdə deyil ki, dünya ilə rəqabət aparsın. Rusiyanın iqtisadiyyatı bir çox tellərlə dünya iqtisadiyyatına, Qərb iqtisadiyyatına bağlıdır. Bu baxımdan heç silah lazım deyil, neftin və qazın ixracına embarqo qoyulsa, bu, sonda Rusiyanın çökməsinə gətirib çıxaracaq. Amma mənim fikrimcə, bu, real konfrontasiya deyil.
- Yeltsin Rusiyası dövründə belə bir yanaşma var idi ki, Qərb imperiya varisini dünyada daha ciddi kataklizmlərin baş verməməsi üçün parçalanma təhlükəsindən xilas etdi. Necə bilirsiniz, indi də ABŞ başda olmaqla dünya gücləri şimal qonşumuzun bütövlüyündə maraqlıdırmı, yoxsa Rusiyanın xırda dövlətlərə parmalanması ilə bağlı masada planlar mövcuddur?
- Gəlin açıq danışaq, Rusiya Qərb üçün elə böyük təhlükə deyil. İqtisadi baxımdan çox zəif bir ölkədir. Rusiya həm də Qərb iqtisadiyyatı ilə bağlı bir ölkədir. İdeoloji baxımdan görürük ki, Rusiyanın elitası, onların övladları Qərbdə yaşamağa, orada karyera qurmağa çalışırlar və s. Bu baxımdan ideoloji əsaslar da yoxdur. O ki qaldı 90-cı illərlə müqayisəyə, hesab edirəm ki, idarə etmək və əməkdaşlıq etmək üçün, idarəolunan bir müttəfiq kimi, Rusiyanın bütöv bir dövlət olması, ərazi bütövlüyünün qorunub saxlanılması Qərbə daha sərfəlidir. Belə bir ifadə var: bir problem yarananda kimə zəng edim? İndi tutaq ki, Rusiya parçalandı, bir problem yarananda kimə zəng etmək lazım gələcək? Çünki parçalanma halında problemlər həddindən artıq çoxalacaq.
- Amma bu da var ki, Rusiya öz sərhədlərindən kənarlarda da Qərbə problemlər yaratmaqda davam edir. Məsələn, Suriyada, yaxud Venesuelada... MDB ölkələrində baş verənləri də bura əlavə etsək, böyük siyahı alınar.
- Mən indiyə qədər məntiqli bir səbəb tapa bilməmişəm ki, nəyə görə Rusiya Suriyadakı proseslərdə iştirak edir. Yeganə maraq ondan ibarətdir ki, “dostlara kömək etmək”. Amma hansısa mərhələdə belə fikirlər səslənir ki, biz Bəşər Əsədin dostu deyilik, Suriya xalqının dostuyuq. Ancaq indiyəcən mən Rusiyanın Suriyadakı maraqlarının nədən ibarət olduğunu görə bilməmişəm. Bəzən deyirlər ki, biz orda terrorla mübarizə aparırıq. Bəzən də məlumatlar sızır ki, müəyyən qruplaşmalar bu və ya digər tərəfdən silahla təchiz olunur, yaxud maliyyələşdirilir.
- Bu, kifayət qədər geniş mövzudur. Ona görə istərdim ki, daha çox ABŞ-ın Rusiyaya qarşı təzyiqlərindən bəhs edək. Ağ Ev Kremlin ətraf ölkələri nüfuz dairəsinə almaq siyasətinin, yaxud Qərbə qarşı təhdidlərinin qarşılığında hansı addımları ata bilər?
- Gəlin təhdidlərə baxaq: deyir sənə qaz verməyəcəyəm. Əslində Rusiya öz qazını kiməsə satmaqda maraqlıdır. Satmasa, əhalisini nə ilə dolandıracaq? Ərzağın 40 faizə qədəri xaricdən alınır, Rusiya özünü tam şəkildə təchiz edə bilmir. Yaxud elektronika avadanlıqlarından, geyimdən tutmuş digər mallara qədər xaricdən alınır. Hansı malı deyə bilərsiniz ki, Rusiyada istehsal olunsun və bütün ölkəni qane eləsin? İstehsal olunan malların yarısı xaricdən gələn madellərdir, sadəcə, Rusiyada yığılır. Bu baxımdan indi iqtisadi əlaqələr o qədər sıxdır ki, iqtisadi baxımdan konfrontasiya aparmaq mümkün deyil.
- ABŞ hazırda Rusiyadan nə istəyir? Bəlkə Qəzzafinin pulları kimi, Rusiyanın da vəsaitlərini ələ keçirmək planı var?
- Real konfrontasiyaya oxşamır. Çünki real konfrontasiya olsaydı, ilk növbədə İranla bağlı olduğu kimi, Rusiya neftinin alınmasına embarqo qoyulardı. Bununla da bir-iki aya Rusiya dərin böhran içində olacaqdı.
- Ola bilərmi ki, Rusiyanın İranla bir yerdə hərəkət etməsi Tramp administrasiyasını qəzəbləndirir?
- Yox, bir yerdə olmaları da bir az şübhəlidir. Bu yaxınlarda məlumat yayılıb ki, Suriyada Rusiya meyilli qüvvələrlə İran meyilli qüvvələr arasında atışma olub.
- Amma Rusiyanın 5 milyardlıq kredit ayırmasının qarşılığında Tehran Avrasiya Birliyinə qoşulmaq niyyətini sərgiləyir...
- İran üçün 5 milyard nə puldur ki? İkincisi də, İran Avrasiya Birliyinə qoşulsa, nə olacaq? Elə Ermənistanın Avrasiya Birliyinə qoşulmasına baxın, iqtisadi cəhətdən Ermənistan hansısa irəliləyişə nail oldumu? Yox. Belarus və Rusiya arasında iqtisadi sahədəki daimi gərginlikləri də əlavə edək. Bu baxımdan effektli iqtisadi mexanizm deyil ki, İran ora qoşulsa, dünya dağılacaq. Sizə açıq deyim, bu rəqabət imitasiya xarakteri daşıyır.
- Ümumiləşdirəndə Rusiyanı SSRİ-nin taleyi gözləmir, eləmi?
- İndiki mərhələdə, hər halda yaxın gələcək üçün mən belə təhlükəni görmürəm. Qərblə qarşıdurmaya baxanda görürük ki, bu, dərin qarşıdurma deyil. Çünki hərbi baxımdan müqayisə olunan səviyyədədirlər. İkincisi, nüvə silahının olması onu göstərir ki, hərbi qarşıdurma heç cür mümkün deyil. Tutaq ki, filan yerdə sənin tankın 100 dəfə çoxdur. Nə olsun, bir nüvə raketi buraxılsa, tankların izi-tozu qalmayacaq. Bu baxımdan hərbi sahədə konfrontasiyanın reallığına inanmıram. İkincisi, digər mexanizmlər var. Sovet İttifaqının silahları çox idi. Amma digər səbəblərə görə dağıldı. Kim deyə bilər ki, həmin səbəblər indi Rusiyada aktivləşdirilə bilməz? Ola bilər. Amma biz onu görmürük.
- Yəni SSRİ-nin silahlanma yarışının məntiqi nəticəsi olaraq dağıldığı barədə arqumenti qəbul etmirsiniz?
- Yox.
- Amma Rusiyanın indiki sanksiyalarla üz-üzə qaldığı bir dönəmdə silahlanmaya böyük vəsaitləri ayrılır...
- Böyük vəsaitlər deyil. Təxminən Səudiyyə Ərəbistanı səviyyəsindədir Rusiyanın hərbi xərcləri. Bu baxımdan da böyük fərq yoxdur. Çin isə Qərb üçün real təhlükədir.
- Deməli, Rusiya sərhədlərinin toxunulmazlığı ABŞ üçün daha məqbul variantdır, eləmi?
- Hər halda “kimə zəng edim” məsələsi aktualdır. Kimsə bu ərazini idarə etməlidir, ya yox? İdarəetmə, nəzarət məsələsi var.
- Yəni ABŞ Rusiyaya Yuqoslaviyanın taleyini yaşatmaq istəmir...
- Əgər bu ssenari Rusiyada təkrarlansa, dəhşətli vəziyyət yaranar. Üstəlik, nüvə silahlarının olması, dini və milli məsələlər dəhşətli fəlakətə gətirib çıxarar. Odur ki, mən belə şeylərə inanmıram.
Elşad PAŞASOY,
“Yeni Müsavat”