“Mən Azərbaycandan bunu gözləmirdim”
2-11-2015, 20:48
1 noyabr beşinci çağırış parlament seçkilərini izləyənlər arasında Avropa Parlamentinin müşahidəçi qrupu da vardı. Bu gün Avstriyanı təmsil edən Avropa Parlamentinin Azərbaycandakı seçkiləri izləyən müşahidə qrupunun rəhbəri Frans Obomayer Hafta.az-a müsahibə verib. O, müsahibəsində Azərbaycandakı parlament seçkilərini dəyərləndirib .
Həmin müsahibəni təqdim edirik:
- Cənab deputat, dünənki seçkilər haqqında düşüncələriniz nədir?
- Mənim üçün bu ölkə çox maraqlıdır. Seçki müşahidəçisi kimi Avropa Parlamentini təmsil edirəm. Mənim rəhbərliyim altındakı qrup Aviasiya Akademiyasında, Binəqədi və Səbail rayonlarındakı seçki məntəqələrində iştirak etdi. Heç bir qayda pozuntusu, seçki hüququna zidd əməllər gözümüzə çarpmadı. 1 noyabr seçkiləri olduqca şəffaf şəkildə keçirildi. Azərbaycan ildən – ilə gənc ölkə kimi Qərbin demokratik seçki texnologiyasını daha da mənimsədiyini sübut edir.
- Bir müşahidəçi kimi sizə və yerli müşahidəçilərə yaradılan şəraitdən razısınızmı?
- Öz adımızdan deyə bilərəm ki, bizim üçün hər cür rahat şərait yaradıldı, bunun nəticəsində də biz seçki prosesini rahat şəkildə müşahidə edə bildik. Biz hətta məntəqə sədrləri ilə, eləcə də namizədlərin müşahidəçiləri ilə rahat şəkildə dialoqa girə bilirdik. Onlar da seçki haqqında fikirlərini çox azad şəkildə ifadə edirdilər.
- Bu seçkidə sizin üçün nə kimi diqqətçəkən məqamlar oldu?
- Seçicinin təkrar səs verib-vermədiyini yoxlamaq üçün tətbiq edilən ultrabənövşəyi şüanı deyə bilərəm. Mən Azərbaycandan bunu gözləmirdim. Çünki Azərbaycanla həmyaşıd olan, 20 ildir müstəqil olan ölkələrdə də seçki müşahidəçisi olmuşam. Onlarda belə bir hala rast gəlməmişəm. Hətta bir dəfə Moldovada seçkiləri izləyərkən məntəqələrin vaxtından bir saat əvvəl bağlandığının şahidi olmuşduq. Sizdə isə belə bir hal müşahidə edilmədi. Azərbaycan yaxşı mənada inkişaf edib.
- Seçicilər sizdə nə kimi təəssüratlar oyatdılar?
- Səmimi idilər. Sakitcə gəlib öz seçimlərini edib gedirdilər. Açığı bu xalq tolerantdır və sərtlik xüsusiyyətlərinə malik deyillər. Bu da qayda pozuntularının olmamasının əsas şərtlərindəndir. Deyərdim ki, gördüyümüz müşahidəçilərin böyük əksəriyyəti bizə qarşı çox qonaqpərvərlik, istilik nümayiş etdirdilər.
- ATƏT-in Azərbaycandakı parlament seçkilərinə nümayəndə göndərməməsinə münasibətiniz necədir?
- Sadəcə təəssüflənirəm. Onlar ideal demokratiya axtarırlar. İdeal demokratiya isə heç mənim ölkəm Avstriyada da yoxdur. Azərbaycan Avropa üçün önəmli ölkədir. Böyük enerji resursdlarına malikdir. Bu ölkə həmişə Qərblə tərəfdaşlıqda maraqlı olduğunu göstərib və sübut edib. Bunları da nəzərə almaq lazım idi. Mən isə Azərbaycanın dostuyam və həqiqəti heç nəyə qurban vermək olmaz.