“Cənab prezident 10 nəfər ağsaqqal çağırsın, bir-bir adlarını deyək...” - ŞEYX ƏBDÜL MAHMUDBƏYOV
19-11-2019, 12:57
Bu günlərdə Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərrəmlinin “Azərbaycan telekanllarında yayımlanan seriallar gənc nəslin tərbiyəsini pozur” açıqlaması cəmiyyətdə çox təəccüblə qarşılandı. Çünki Televiziya və Radio Şurasına sədrlik edən bir şəxsin bu məsələdə məsuliyyəti heç də az deyil. Görünür, elə bu səbəbdən də MRTŞ sədrinin açıqlamasına münasibət bildirən tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “adlar deyilməli və onların cəzası verilməlidir. Bu məsələlərlə bağlı ağsaqqallar və ya ziyalılar şurası yaratmaq lazımdır. Belə davam edə bilməz. Biabırçılıq və rüsvayçılıqdır”, - deyə açıqlama verib.
Yeri gəlmişkən, son vaxtlar təkcə televiziyalarda deyil, çap mətbuatında və saytlarda, eləcə də sosial şəbəkələrdə də ciddi problemlər mövcuddur. İnsanlar bir-birini aşağılayır, təhqir edir, söyüş söyür, hətta dəyərli ziyalılar, siyasətçilər, dövlət məmurları və s. kateqoriyaya aid olan ləyaqətli insanlarla bağlı qaralama kampaniyası aparılır. Ən çox təəssüfedici hal isə odur ki, sanki, bu proses hansısa “qaranlıq əl” tərəfindən idarə olunur.
Maraqlıdır, bir zamanlar “əlahəzrət fakt” axtarışında olan media son dönəmlər nə üçün söyüş söyməyə daha çox üstünlük verir? Və bu problemdən çıxış yolu nələrdir?
Bu və digər suallara elə Şeyx Əbdül Mahmudbəyovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
“Elə kütləvi şəkildə hər şey kütləviləşir”
“Hürriyyət”in suallarını cavablandıran Xalq artisti dedi ki, seriallarla, cavanlarla bağlı Nuşirvan Məhərrəmlinin etirazı ilə bağlı ona zəng edib, həmin sualı vermişdilər: “Mən də Nüşirəvan müəllimin dediklərini oxudum, dedim ki, əcabə, “səndən yar, sənə yar, şikayətim var”? Çünki mən heç vaxt o seriallara baxmıram və həmişə də o “prodakşn”ların çəkdiyi filmlərə heç bir münasibət bildirmirəm. Çünki söhbət özfəaliyyətdən gedir. Mən birinci onu demişəm ki, Nüşirəvan müəllim, sən dövlət sərəncamı ilə rəhbər kimi bu işə məsul şəxsənsə, sənin bu işə gücün çatmırsa, sən şikayət edirsənsə, onda biz neynəyək? Mən belə demişəm. İkincisi də, demişəm ki, mən cavan uşaqların işləməsinin əksinə deyiləm, sadəcə olaraq buna yüksək səviyyədə bir nəzarət lazımdır, artıq yaxşını, pisdən ayırmaq vaxtıdır. Elə kütləvi şəkildə hər şey kütləvləşir, şəxsiyyətlər, sənətkarlar, sənət ölür, gedir. Mən buna münasibət bildirmişəm”.
“Bilən də, bilməyən də danışır”
Ə.Mahmudbəyov əlavə etdi ki, bəzi ziyalıların kinomuzu tənqdi etməsinə də münasibət bildirib: “Mən onlara demişəm ki, sizin bildirdiyiniz narazılıq, özəl studiyaların çəkdiyi serillara aiddir, onun peşəkar dövlət kinosuna aidiyyatı yoxdur. Əgər siz bir ziyalı olaraq bu gün özfəaliyyəti, şəxsi “prodakşn”ı peşəkar kino sənətindən ayıra bilmirsinizsə və heç bir məsuliyyət hiss etmədən, vicdan əzabı çəkmədən deyirsiniz ki, “Nəsimi”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” filmi heç Biləcəridən o tərəfdə göstərilmir, mən başa düşə bilmirəm, əvvəla, bunlar bu statistikanı haradan götürürlər? İkincisi, statistika, dövlət qurumları və bu işlə peşəkar məşğul olan nazirlik, kinostudiyanın rəhbərliyi var. Bilən də, bilməyən də danışır, mən konkret onlara münasibət bildirmişəm”.
“Qoca, cavan anlamı yoxdur, yaxşı, pis anlamı var”
“O ki qaldı cavanların, “prodakşn”ların işləməsinə, mütləq gələcəyimizi təmin etmək üçün bu gün biz işlər görməliyik, hansı şəraitdə, imkan daxilində yox. Sadəcə iş görülməlidir. İş dayana bilməz. İş getməsə, yaxşı, pis ayrıd ola bilməz. Qoca, cavan anlamı yoxdur, yaxşı, pis anlamı var. Bu mənada sadəcə olaraq mən demişəm ki, bu işlərə peşəkar səviyyəsində nəzarət olmalıdır. Yoxsa bu televiziyalara Bədii Şuralar seçiblər, elə həmin insanlardır, desinlər. Ondan ötrü şuraya üzv olmaq lazımdır? O insanların bu işlərdə nə qədər günahları var. Onlar da açılmalıdır. Qoyunu qurda tapşırmaq olmaz və bundan ötrü heç bir şura lazım deyil. Bundan ötrü sadəcə olaraq vicdan, milli ruh, vətənpərvərlik lazımdır. Yoxsa özfəaliyyət şurası yaratmaqdansa, elə Televiziya və Radio Şurası var da. Əlində də dövlət imkanları var. Bu mənada yaxşını, pisə güdaza vermək olmaz. Buna mütləq peşəkarlar səviyyəsində nəzarət olmalıdır, vəzifələr səviyyəsində yox. Biz hər şeyi vəzifəlilərlə ölçürük. Vəzifə peşəkarlıq deyil. Vəzifəlinin əlində möhür var, xoşuna gələnə “hə”, xoşuna gəlməyən “yox” deyir. Hansı ki, o sənədin ona aidiyyatı yoxdur. Mən konkret olaraq buna münasibət bildirmişdim”,-deyə rejissor qeyd etdi.
“Azərbaycanda peşəkar biznesmen yoxdur”
Ə.Mahmudbəyovun fikrincə, cəmiyyəti qətiyyən təsadüfi adamların ixtiyarına buraxmaq olmaz: “Bu gün Azərbaycanda yüksək dövlət rəhbərləri, məmurları var ki, onlar mütləq bu vəzifədən getməlidirlər. Çünki onların nə mədəni səviyyəsi, nə əxlaqı, nə nəfsi, nə də əlləri, ayaqları təmiz deyil. Həmişə “çxotka” adamlar onun-bunun qabına tüpürür ki, onlar da xəstə olsun. Bu gün özlərinin o çirkablığını, çatlışmayan cəhətlərini, pis niyyətlərini, əməllərini ört-basdır etmək üçün bunlar əllərində olan dairələrə imkan daxilində şərait yaradırlar.
Adi bir misal çəkim, bu gün Azərbaycanda peşəkar biznesmen yoxdur. Hamı bilir ki, kiminsə qoltuğuna girib, onun adı hesabına özü üçün biznes strukturu qurub. Bunu mən deyirəm. Həmin o biznesmendən soruşuram ki, sən həqiqətən də bu xalqın əxlaqına, mənəviyyatına, milli mənəvi dəyərinə, tarixinə, elminə, sənətinə kömək etmək istəyirsənsə(sənin halal pulun deyil, ha, xalqdan oğurladığın pulun hesabına), onda sən onu aparıb küçədən gələnlərə niyə xərcləyirsən? Təsadüfi adamlara, o eybəcər “prodakşn”lara niyə verirsən? Peşəkar kinolar, televiziya, kinostudiya var, elə gəl, onu ora ver da. Bilirsənmi, niyə vermirlər? Çünki cəmiyyətdə suyun bulandırılması bunların eybəcərliyinin üzə çıxmasına imkan vermir. Ona görə də bu adamlar vəzifə, yığdıqları milyonlar, yaratdığı dairələr hesabına daima bu xalqın suyunu bulandırırlar. Suyunu bulandırırlar ki, bulanlıq suda özləri kef eləsinlər. Məsələ budur.
Mən sözü onlara demişəm, hər hansı bir “prodakşn”da çəkilən o serial, film əgər pisdirsə(orada yaxşı filmlər də var) ona maliyyə ayıran adamdan niyə heç kim soruşmur, demirlər ki, buna bu qədər pulu haradan almısan? Bu pulu almısansa, niyə bunu yaxşı şeyə, dövlətin, xalqın xeyrinə vermirsən? Mən bu şeyləri demişəm, yenə də deyirəm və ölənə kimi də deyəcəyəm”.
“Ermənilər Qarabağı top-tüfənglə almayıblar, zurna-qavalla alıblar”
“Mənim əlimdə daşdan, dəmirdən keçəcək dünya dahilərinin materialları, tarixi faktlar var ki, erməni xəyanətini ifşa edək, durduraq. Yaxşı, bu, burada qalıb. Gecə-gündüz qapılara düşürəm, döymədiyim qapı, yalvarmadığım adam yoxdur ki, imkan bizə verin, bu yalanı durduraq. Ermənilər 200 ildir dünyanı aldada-aldada, bizi gözdən sala-sala gedirlər. Bu faktdır, inkar edilməz şeylərdir. Niyə nağıl danışırsınız? Lavrov gəldi burada çox dəhşətli bir bəyanat verdi getdi. Çünki bu, ermənidir. Rusiya dövlətinin bütün ideologiyası, siyasi rıçaqları ermənilərin əlindədir, xəbəriniz yoxdur. O, rəsmi efirdən gəlib deyəndə ki, problemi “Qarabağ xalqı” həll etməlidir, heç bir müharibə ola bilməz, cavab verən olmadı. Əvvəla, ermənilər Qarabağı top-tüfənglə almayıblar, zurna-qavalla alıblar. İkincisi, hansı “Qarabağ xalqı”? Nəyə görə Azərbaycan dövləti də, ictimai-siyasi xadimləri də, rəsmi dövlət strukturları da məcbur etmirlər ki, Lavrov bu xalqdan üzr istəsin. O, rəsmi üzr istəməsə, 100-200 ildən sonra həmin faktı ermənilər yenə bizə qarşı qoyacaqlar. Bu, biganəlik nədir? Nədir bu ikili standartlarla oyun oynamaq? Biz hara gedirik? Azərbaycanın ziyalıları, bu işlə məşğul olan dövlət strukturları niyə danışmır? Lavrov üzr istəsin, o tarixdə qalsın ki, 50-100 ildən sonra onun dediklərini bizə qarşı qoymasınlar. Buna görə də biz günahı özümüzdə axtarmalıyıq. Tərəkəmə qanunları var. O itlər ki, canavara satılırlar, canavarların qabağına düşüb qoyun, quzunu güdaza verirlərsə, o itləri güllələyirlər. “Demişdim ki, ““qoluboy”ları irəli çıxarırlar”, mənim üstümə töküldülər. Kim həyatyanı sahəsini qoruya bilmirsə, o xalqı, əxlaqı, mənəviyyatını necə qoruyacaq ki?”,- deyə rejissor sual etdi.
“Cənab prezident 10 nəfər ağsaqqal çağırsın, bir-bir adlarını deyək kimlərdir”
Ə. Mahmudbəyovun sözlərinə görə, mətbuatda söyüş və təhqir kampaniyasının rəvac götürməsinin səbəbi ehtiyac, həddindən artıq siyasiləşmə, tayfalaşma, qruplaşmadır: “Çox təəssüflər olsun ki, prezident açıq efirdən dedi ki, həddindən artıq korrusiyalaşmış, klanlaşmış dövlət məmurları var”. Ölkənin prezidenti efirdən deyir ki, “məndə konkret məlumatlar, yerlərdə mənim sərəncamlarım, göstərişlərim icra olunmur”. Yaxşı, bu adamların 1-2-si ortalığa çıxarılsın, cəzalandırılsın da.
Deyir, göz gördüyünə inanır. Bu mənada mətbuat da cəmiyyətin bir atributudur. Təbii ki, orada da insanlar işləyirlər. Ağzı, qarnı olan, balası, dolanmaq ehtiyacı olan insanlardır. Hər bir insanın yaşamaq haqqı var. Bunu onun əlindən almaq olmaz. Bu, cinayətdir. Kimsə “Mersedes”lərdə, “Cip”lərdə zəhməti hesabına gəzirsə, halal xoşu olsun, kimsə də dövlət hesabına gəzirsə, yox. Mən şəhərin mərkəzində yaşayıram. O bahalı maşınlar gecə saat 1-də buradan xorhaxor gedirlər. Bəyəm, bunların insafı, vicdanı yoxdur? Əgər bu rəhbərlər, pul qazananlar (söhbət Azərbaycanı talayanlardan gedir, namuslu, qeyrətli məmurlardan söhbət getmir. Çünki belələri də var, çox gözəl insanlardır), hansı ki, uşağının altına 500 minlik maşın alır, qoluna 1 milyonluq saat taxdırır, onlar fikirləşmirlər ki, “gecə saat 1-də, 2-də mənim uşağm haradadır, nə işlə məğuldur?” Əgər bir insanın öz belindən gələn uşağına gücü çatmırsa, bu, cəmiyyət üçün onun bir problemidir. Onun ikinci yaratdığı problem artıq ictimai əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, pozuntudur. Gecə saat 1-də, 2-də bahalı restoranlarda bunların uşaqları kef edir. Bax, bunlar hamısı konkret faktdır. Cənab prezident 10 nəfər ağsaqqal çağırsın, bir-bir adlarını deyək kimlərdir və bunu hamı bilir. Yəni sözün arxasında konkret cəza və əməl olmalıdır. Konkret cəza və əməl olmasa, həmin bu biabırçılıq mətbuatda da, kinoda da, teatrda da, cəmiyyətdə də davam edəcək. Bu, bir vətəndaş kimi mənim böyük problemimdir”.
“Xəstədir, getsin müalicə olunsun”
“Cənab prezident 3-5 manat əməkhaqqını artıran kimi bütün marketlərdə, bazarlarda qiymət iki qat artır. Hanı onlarla məşğul olan dövlət strukturları? Buna nə deyirlər? Buna deyirlər aldım fındıq, satdım qoz. Daha bu, nə oldu ki? Camaatda bundan narazıdır, o cümlədən də mən. Gəl, gör mən nə vəziyyətdə yaşayıram. Buradan 5 manat pensiyamız artır, oradan yumurtanın, ətin qiyməti neçə dəfə qalxır. Yəni bunlar o qədər əyani, praktiki şeylərdir ki, elm, sənət, kino, televiziya bunun yanında toya getməlidir. Bu, Azərbaycan xalqının gündəlik həyat tərzidir, dolanışığıdır, güzəranıdır. İti qapında ac saxlayarsan, başına çıxar. Bunların hamısını edən kimdir ki? Əgər ölkənin prezidenti rəsmi surətdə bunlara qarşı müharibə edirsə və heç bir icra yoxdursa, yenə həmin məmurlardır icra etməyən, mən deyiləm, sən deyilsən ki. İcra strukturları, idarəçilik sistemi, onun məhkəmə strukturu xalqın əli, iştirakı, xeyir duası ilə 6 aydan bir çıxıb, hesabat verməlidir, Milli Məclisdə knopka basanların yanında yox. Aydın məsələdir ki, Milli Məclisin knopka basanları kimlərdir. Ümid edirik ki, inşallah, bu dəfəki seçkilərdə xeyli təmizlənmə gedəcək. Heç vaxt hakimiyyəti, idarəçilik sistemini bir tayfanın, bir strukturun, qohum-əqrabanın, bir klanın, dostun-tanışın ixtiyarına qoymaq olmaz və nə qədər ki, bu, belə olacaq, əl əli yuyacaq, əl də qayıdıb üzü yuyacaq. Bu, kinoda, mətbuatda ona görə görünür ki, bunlar gündəmdə olan sənət sahələridir. Televiziya, mətbuat gündəmdədir deyə, bunlar daha tez gözə çarpır. Amma bunları yaradan səbəblər nədir? Bunları yaradan səbəblər mətbuat, kino, televiya işçiləri deyil ki. Onların arxasında dayanan bu murdarlığı, əxlaqsızlığı, mənəviyyatsızlığı yaradan adamlardır. Mən deyirəm ki, “qoluboy”larə irəli çəkməyin, deyirlər ki, biz “qoluboy”lara status verək, bunlar xəstədir. Xəstədir, getsin müalicə olsun, özünü öldürsün. İndi biz mənəviyyatımızı, əxlaqımızı, cəmiyyətimizi, xalqımızı 3-5 şərəfsizə qurban verməliyik? Və onları müdafiə edənlər də elə onların taylarıdır. Onda biz hara gedirik? Sonra nə olacaq?”-deyə rejissor təəssüflə vurğuladı.
“Azərbaycanda gözə görünməyən klan əmələ gəlib”
Ə.Mahmudbəyov nəzərə çatdırdı ki, prezidentin son vaxtlar apardığı kadr islahatlarını təqdir edir: “Mən dedim, oxay, çox sağ ol, cənab prezident, axırı mənim ürəyimdən tikan çıxardın. Amma bu tikan çıxdı, bəs bu tikanın yerinə nə olur? Əgər prezident efirdən deyirsə və həmin hamam, həmin tas davam edirsə, necə olacaq. 2-3 nəfər cavan uşaqları dəyişib, inşallah, bunların nəticəsi 3-5 ildən sonra olacaq. Hazırda kadr islahatına görə, Azərbaycanda gözə görünməyən klan əmələ gəlib. Bunlar açıq şəkildə çox böyük imkanlarından, əlaqələrindən, xarici kəşfiyyatla olan əlaqələrindən, xaricdə bizə düşmən kəsilən, aldanmış kəvakiblərimizin əli ilə çox ciddi surətdə içəridə təxribatlar aparır, çalışırlar bu islahatları durdursunlar, imkan verməsinlər. Bu, göz qabağındadır. Bütün bu əxlaqsızlıq, mənəviyyatsızlıq da ondan irəli gəlir. Peyğəmbərimiz deyir ki, övladlarımız bizdən çox zəmanəsinə oxşadılar. İndi bizim övladlarımız bizdən çox televiziya, mətbuata inanırlar, bununla çox dəqiq işləmək lazımdır. Nüşirəvan müəllimin o cür çıxıb elan etməsinə görə, əslində, mən bir Azərbaycan ziyalısı, ağsaqqalı kimi təhqir olundum. Onda orada niyə oturmusan? Əgər heç nəyə gücün çatmırsa, sən nəylə məşğulsan? Əgər hər şeyi prezident edəcəksə, daxili, xarici siyasəti, quruculuq, abadlıq işləri və sair, onda bu məmurlar nəyə lazımdır ki?”
“Niyə bunlara bir yol açmırlar, imkan vermirlər?”
Ə. Mahmudbəyov sonda onu da vurğuladı ki, hazırda əlində Şah İsmayıl Xətai haqqında yazılan ssenari var: “Heydər Əlyevin vəsiyyəti ilə yazılan ssenaridir. Mənim əlimdə Ağa Məhəmmməd Şah Qaçarın haqqında nəhəng təsdiq olunmuş əsər var. Azərbaycanın əxlaq, dövlətçilik tarixidir. Hamısı yazılmış, təsdiq olunmuş əsərlərdir. Niyə bunlara bir yol açmırlar, imkan vermirlər? Azərbaycanı çapıb-talayanlar uşaqlarına bahalı maşın, saat, mülk alırlar və əxlaqısız, mənasız seriallara da milyonlar xərcləyirlər”.
Hurriyyet.org