“Dövlət və vətəndaş arasında inam möhkəmləndikcə, dövlət də güclənəcək” - Əliməmməd Nuriyev

21-11-2019, 08:42           
“Dövlət və vətəndaş arasında inam möhkəmləndikcə, dövlət də güclənəcək” - Əliməmməd Nuriyev
Ekspert hüquq-mühafizə sahəsindəki islahatlardan danışdı: “Rəsmi bildiriş yoxdursa, vətəndaş həmin çağırışa getməyə bilər”
İş saatı özəl və dövlət müəssisələrində fərqli olduğu üçün ara-sıra müzakirə olunan məsələlərdəndir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə 8 saatlıq iş saatı nəzərdə tutulur. Bu müddətdən sonra işçi sərbəstdir və vaxtını istədiyi kimi keçirə bilər. Bəzi qurumlar da var ki, iş saatı fərqlidir, 24 saatlıq növbəli iş rejimi mövcuddur. Hüquq-mühafizə orqanları bu kateqoriyaya aiddir. Bir çox hallarda vətəndaşların da rəsmi iş saatından - axşam 6-dan sonra hüquq-mühafizə orqanlarına çağırılması praktikası da uzun illərdir ki, var. Bu praktikanın aradan qaldırılması ətrafında müzakirələr aparıldığı vaxtda işi məhkəmələrdə olan vətəndaşlara elektron məhkəmə sistemindən sms-xəbərdarlıqlar gəlməyə başlayıb. Belə xəbərdarlıqların iş vaxtından sonraya təsadüf etməsi də ciddi narazılıq doğurur. Vətəndaş növbəti gün üçün planlarını qurur, axşam ona məhkəmədən sms-xəbərdarlıq gəlir. Həmin xəbərdarlıqda növbəti gün məhkəmədə olması qeyd edilir. Təbii ki, vətəndaşın növbəti günə qurduğu planlar da alt-üst olur.

Vətəndaşları narazı salan məqamlardan biri də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən cərimə edilmələri idi. Hazırda bu praktikadan imtina olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları yolu piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən vətəndaşları daha cərimə etmirlər.



“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, iş vaxtının bitməsindən sonrakı müddəti vətəndaş özünün istədiyi kimi keçirməlidir: “İş vaxtı bitəndən sonra vətəndaşın dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına çağırılmasına yalnız müstəsna hallarda yol verilə bilər. Tutaq ki, orqanlar iş saatından sonra hansısa bir vətəndaşı hər hansı bir məsələni aydınlaşdırmağa çağırıblarsa, rəsmi bildiriş yoxdursa, vətəndaş həmin çağırışa getməyə bilər. Cinayət işləri ilə bağlı şahidlərin dindirilməsi təxirəsalınmaz hallarda saat 10-a qədər aparıla bilər. 10-dan sonra dindirmə aparılmamalıdır. Qanunvericilikdə bu təsbit olunub. Digər hallarda isə iş vaxtı 6 tamamda başa çatmış hesab olunur. Yalnız istisna hallarda vətəndaşı hüquq-mühafizə orqanlarına çağırıb dindirə bilərlər”.

Əliməmməd Nuriyev deyir ki, məhkəmələrdə iş vaxtı18:00-da bitir: “Məhkəmələrin elektronlaşması aparılır. Hər bir vətəndaş özünün elektron kabinetinə daxil olaraq bununla bağlı məlumatları oradan ala bilər. Bununla yanaşı, sms-xəbərdarlıq sistemi var. Qanunvericilikdə prosessual müddətlər var. Həmin müddətlər bildirişlərin, məhkəmə qərarlarının və s. verilməsi ilə bağlıdır. Konkret göstərilib ki, hansı sənəd hansı müddətdə vətəndaşa təqdim olunmalıdır. Sms-xəbərdarlıq sistemi əlavə bir xidmətdir və vətəndaşın rahatlığını təmin etməyə hesablanıb. Yəni vətəndaşa həmin sms-xəbərdarlıq bildiriş təqdim olunandan sonra, adətən məhkəmədən 1 gün əvvəl göndərilir. Bu əlavə xidmətdir. Elektronlaşma tam başa çatandan sonra belə sms-xəbərdarlıqların göndərilmə saatları da qanunvericiliklə müəyyən ediləcək”.

Əliməmməd Nuriyev deyir ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciətlərlə bağlı verilən qərarlar da vətəndaşların rahatlığına xidmət edir: “Əvvəllər belə idi ki, 102 xidmətinə bu və ya digər hadisə haqda məlumat verən vətəndaşı əlavə olaraq dəvət edib ərizə də yazdırırdılar. Əlbəttə ki, bu da vətəndaşlarda narahatlıq yaradırdı. İndi isə vətəndaşın 102 xidmətinə müraciət etməsi onun müraciətinin qeydə alınmasına gətirib çıxarır. Bundan sonra isə hüquq-mühafizə orqanları araşdırmalara başlayırlar. Həmin anda vətəndaşın çağırılaraq ərizə yazdırılması aradan qaldırılıb. Yəni daha vətəndaşın müraciətini eyni şəkildə ərizə ilə təqdim etməsi tələb olunmur. Bütünlükdə bunlar qanunun aliliyinin təmin edilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində fəaliyyətlərin həyata keçirilməsidir. Məhkəmə hüquq islahatları yönündə aparılan işlərin ayrı-ayrı komponentləridir. Dövlət və vətəndaş arasında inam və etimad məsələsi önə çəkilir. Bu inam və etimad nə qədər möhkəm olacaqsa, dövlət də o qədər güclü olacaq”.

Əliməmməd Nuriyev deyir ki, atılan addımlar idarəetmənin effektivliyinin artırılmasına xidmət edir: “Bütün bu addımlar olduqca zəruridir, vətəndaşın maraqlarına cavab verən həlqələrdir ki, ümumilikdə idarəetmə sisteminin yaxşılaşdırılamasına xidmət edir”.

Əliməmməd Nuriyev “102" xidməti - zəng mərkəzi sisteminə daxil olan müraciətlərin qəbulu və baxılması qaydası haqda Daxili İşlər Nazirliyinin saytında məlumatın qeyd olunduğunu da diqqətə çatdırıb.

Həmin məlumatı oxucularımızla bölüşürük:

9.1. Daxili işlər orqanlarının əməkdaşları barədə şifahi müraciətlər nazirliyin “102" xidməti - zəng mərkəzi sistemi (bundan sonra - ”102" xidməti") tərəfindən qəbul edilir və bu Təlimata uyğun olaraq operativ qaydada qeydiyyata alınaraq baxılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi təmin olunur.

9.2. Vətəndaşlar tərəfindən daxili işlər orqanlarının əməkdaşları haqqında “102" xidmətinə verilmiş hər bir müraciət avtomatik rejimdə sistemin yaddaş daşıyıcısına yazılır, müvafiq qaydada qeydiyyata alınaraq xidmət rəisinə məruzə olunur.



9.3. Müraciəti qəbul edən operator vətəndaşın soyadı, adı, yaşadığı ünvan, əlaqə telefonu, şikayət etdiyi polis orqanı və ya əməkdaş barədə ətraflı məlumat əldə edir, müraciətin məzmununu tam təfsilatı ilə aydınlaşdırır və kompyuter sisteminin xüsusi formalı blankında qeydiyyatını aparır, qəbul olunmuş müraciətinə baxılması haqqında vətəndaşa müvafiq izahatlar verir.

9.4. Mahiyyəti aydın olmayan, habelə daxili işlər orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələlərə dair müraciətlər qəbul edilmir və bu barədə vətəndaşa müvafiq izahat verilir.

9.5. Araşdırılması zəruri olan müraciətlər 24 saat müddətində raportla nazirliyin rəhbərliyinə məruzə edilir və icrası müvafiq tapşırığa uyğun təmin olunur.

9.6. Daxili işlər orqanlarının əməkdaşları haqqında daxil olmuş müraciətə müvafiq struktur qurumlar tərəfindən 15 iş günü müddətində baxılır, nəticələri və görülmüş tədbirlər üzrə müvafiq arayış tərtib edilərək nazirliyin rəhbərliyinə məruzə olunduqdan sonra vətəndaşa müvafiq cavab verilməklə, icrası barədə “102" xidmətinə yazılı məlumat verilir.

9.7. Qəbul edilmiş müraciətlərdə daxili işlər orqanları əməkdaşlarının korrupsiya və digər hüquqpozmalara yol vermələri barədə, habelə xüsusi əhəmiyyət kəsb edən və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən məlumatlar olduqda, dərhal xidmət rəisi tərəfindən şifahi qaydada nazirliyin rəhbərliyinə məruzə edilir, sonradan raportla sənədləşdirilərək araşdırılması müvafiq struktur quruma tapşırılır.

9.8. Müraciətə baxılması zamanı əlavə sənədlərin toplanılması, müvafiq izahatların alınması və digər tədbirlərin həyata keçirilməsi zərurəti yarandıqda araşdırma müddəti nazirliyin rəhbərliyi tərəfindən 30 iş gününədək uzadıla bilər.

9.9. Törədilmiş və ya hazırlanan korrupsiya və digər ağır cinayətlər barədə daxil olmuş müraciət qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər orqanın səlahiyyətinə aid olduqda dərhal, cinayətin izlərinin sənədləşdirilməsi ilə bağlı təxirəsalınmaz ilkin hərəkətlərin keçirilməsi zərurəti yarandıqda isə bu hərəkətlər edildikdən sonra 24 saatdan gec olmayaraq aidiyyəti orqana göndərilir.

9.10. “102" xidməti vasitəsilə daxil olmuş törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatlar ”Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq qeydiyyata alınıb baxılır.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.