Əvəz Həsənov: “Bu, Paşinyanın ən böyük səhvi idi” – Müsahibə

22-01-2020, 00:09           
Əvəz Həsənov: “Bu, Paşinyanın ən böyük səhvi idi” – Müsahibə


“Paşinyan özünün iki ən güclü rəqibinin – Köçəryan və Sərkisyanın başını məhkəmələrlə qatıb. Bu gün Köçəryan azadlıqda, Sərkisyan isə sərbəst olsaydı, Paşinyan üçün ciddi baş ağrısı olacaqdı. Eyni zamanda Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Arkadi Qukasyan da siyasi arenada olsaydı, Paşinyana ciddi zərbə vura bilərdi”.

Politoloq Əvəz Həsənov belə düşünür. Onun Teleqeaf.com-a müsahibəsini təqdim edirik:

- Son günlər Ermənistan mediasında erkən parlament seçkisi müzakirə edilir, artıq ekspertlər səviyyəsində müzakirə olunan məsələyə ölkənin rəsmi şəxsləri də münasibət bildirib. Yəni Ermənistanda o situasiya yetişibmi ki, hökumət erkən seçkilərə getsin?

- Bu, parlamentdən kənarda qalan Ermənistanın çox güclü maliyyə, vaxtilə administrativ resursları olan siyasi elitasına aid ekspertlərin və onların tərəfdarlarının rəyidir ki, hökumət erkən seçkilərə getməlidir. Amma Nikol Paşinyan hakimiyyəti yeni oturuşmuş hakimiyyətdir. Hələlik onun reytinqinin aşağı düşməsi hiss olunmur ki, Paşinyan üçün erkən seçki zərurəti yaransın. Məncə, Ermənistan cəmiyyəti dinamikdir, onun çətinliklərini gördükcə, ara-sıra bu kimi tələblərlə çıxış edəcək. Baş verənlər onu göstərir ki, hələlik Ermənistan cəmiyyəti erkən seçkilər və ya hakimiyyət dəyişikliyinə köklənməyib.

- Hakimiyyət uğrunda mübarizənin gərginləşdiyi vaxtda Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Georgi Kutoyan öldürüldü. Bu qətlin siyasi qüvvələr arasında münasibətlərin gərginləşdiyi bir zamana düşməsi təsadüfi idi?

- Bu qətlin detalları barədə təəssüratım yoxdur, amma Kutoyan Ombudsman Aparatından gəlmiş gənc kadr idi. O, Təhlükəsizlik Şurasına keçid dövründə rəhbərlik etmişdi. Zənnimcə, bu qətl daxili çəkişmələrin də nəticəsi, məişət zəminində də ola bilər. Ehtimallara inanıb fikir irəli sürmək də doğru olmazdı, hələlik baş verənlərin ekspertizası yoxdur. Amma onu deyə bilərəm ki, Kutoyan neytral bir adam idi. Hətta onun bu vəzifəyə gətirilməsi belə Ermənistanda qəribə qarşılandı. Gözləmirdilər, çünki orada milli təhlükəsizlik məsələlərinə baxan daha təcrübəli adamlar vardı ki, onlar Kutoyanın kölgəsində qaldılar, onun müavinləri təyin edildilər.

Ümumilikdə Kutoyan neytral, siyasi qruplaşmalara qatılmayan adam idi. Hər halda, onun Paşinyanın Köçəryan və Sərkisyanla çəkişməsi fonunda aradan götürüldüyü ehtimalı da mümkün ola bilər. Bununla Paşinyana zərbə vurmağı qarşılarına məqsəd qoya bilərlər.

- Təhlükəsizlik Şurasının digər keçmiş direktoru Artur Vanetsyan isə siyasi meydanda fəallaşıb. Vanetsyanın keçmiş hakimiyyətlə sövdələşməsi məsələsi gündəmdədir. Nikol Paşinyan hökumətinə qarşı mütəşəkkil bir hərəkat formalaşdırmaq, proseslərə təsir imkanı olan gediş etmək mümkün ola biləcəkmi?

- Paşinyan özünün iki ən güclü rəqibinin – Köçəryan və Sərkisyanın başını məhkəmələrlə qatıb. Bu gün Köçəryan azadlıqda, Sərkisyan isə sərbəst olsaydı, Paşinyan üçün ciddi baş ağrısı olacaqdı. Eyni zamanda, Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Arkadi Qukasyan da siyasi arenada olsaydı, Paşinyana ciddi zərbə vura bilərdi. Əlbəttə, Köçəryan və Sərkisyanın zərərsizləşdirilməmiş kadrları Paşinyan üçün çox ciddi problemlər yaradacaqlar. Əgər Paşinyan keçmiş hakim partiyanı parlamentdən kənarda saxlayıbsa, demək ki, bu siyasi qüvvələr onun üçün çox ciddi təhdid rolundadır, bir siyasi rəqib kimi həmişə ona mane olacaqlar.

Baxmayaraq ki, Köçəryan həbsdədir, hər halda boş oturmayıb, onun kifayət qədər güclü çinovnik tərəfdarları, maliyyə resursları olan oliqarx dəstəkçiləri var. Əlbəttə, onlar Paşinyan üçün baş ağrısına çevriləcək siyasi fiqurlar və ya siyasi birliklər ortaya çıxaracaq. Paşinyanın ciddi səhvlərindən biri o idi ki, Respublikaçı Partiyasını parlamentdən kənarda saxladı, bununla da faktiki olaraq, özünün siyasi dialoq işini çətinləşdirdi. Respublikaçı Partiyası parlamentdə olsaydı, bu polemika orada gedəcəkdi, pərdəarxası oyunlarla Paşinyanın başı ağrımayacaqdı. İndi isə gərək o, hər cür oyunlara hazır olsun.

Qarşı tərəf öz imkanlarını və səlahiyyətlərini Paşinyana təhvil vermək istəmir, çünki onlar iyirmi ilə yaxın Ermənistanda hakimiyyətə rəhbərlik ediblər. Bu illər ərzində də özlərinə kifayət qədər nüfuzlu dayaqlar yaradıblar. Paşinyanın təcrübəsizliyi də onlara imkan verir ki, xalqı bu iyirmi illik hakimiyyətlərinin nə qədər obyektiv olduğuna inandıra bilsinlər. Paşinyan nə qədər səhv etsə, xalq arasında həmin qüvvələrin tərəfdarlarının sayı o qədər artacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.