“700 manat verib Cem Yılmazın söyüşlərinə gülənlər Afaq Bəşirqızına…” - Vasif Məhərrəmli ilə müsahibə - FOTO

27-04-2020, 00:00           
“700 manat verib Cem Yılmazın söyüşlərinə gülənlər Afaq Bəşirqızına…” -
Əməkdar artist Vasif Məhərrəmli karantin günlərini Qazax rayonunda keçirir.

Musavat.com-un suallarına cavab verən müğənni yollar bağlı olduğu üçün Bakıya qayıda bilmədiyini deyib. O, 35 ildə ilk dəfə istirahət etməyə vaxt tapdığını da dilə gətirib:

“Karantin günlərimi Qazaxda keçirirəm. Bu günlərdə dövlətin qoyduğu qanunlara əməl etmək lazımdır. Çünki bu qanunlar insanların sağlamlığına xidmət edir. Bakıda bina evində qalsaydım, darıxardım. Rayonda darıxmıram, həyət-baca var, anam yanımdadır, heç darıxmıram. Son 35 ildə ilk dəfədir ki, 1 aydır rayonda qalıram və dincəlmiş oldum. Bunu fürsət bilirəm. Hər axşam sənət dostlarım Xatun, Xatirə İslam, İzzət Bağırov, Manaf Ağayev, Ceyhunla danışıram. Dərtləşirik, baş verənləri müzakirə edirik, günlərimizi belə başa vururuq. Hamı kimi mən də gözləyirəm ki, karantin bitsin, işimizin başına dönək”.

- Afaq Bəşirqızının ARB-nin efirində nalayiq ifadələr işlətməsi müzakirələrə səbəb oldu. Onu müdafiə edən sənət adamlarından biri də siz idiniz. O hadisədən sonra Afaq xanımla danışmısınız?

- Afaq xanımla bağlı ilk paylaşımı mən etdim. Afaq xanımla ailəvi dostuq, onun nəvələrinə, ailəsinə, insanlara münasibətinin şahidi olmuşam. O xalqını sevən biridir. Hadisədən sonra danışmamışam. Belə məqamlarda insan qarşısındakının həyəcanını daha da artırmaq istəmir. Afaq xanım cənab prezidentin qarşısında çıxış edəndə dedi ki, canım prezidentim, mənim üçün hər şey etmisiniz, çox sağ olun, indi özüm üçün heç nə istəmirəm. Amma gənc aktyorların ev problemi var, maaşlar azdır. Orada o özü üçün nə isə istəyə bilərdi, amma yenə də həmkarlarını düşündü. Bu şeyləri biz nə tez unutduq? Həmişə xalq üçün vəzifəli şəxslərlə söz-sənət davasına çıxıb. Demirəm ki, söyüş söymək yaxşı şeydir. Bunu demirəm. Amma hamımızın ağzından nə vaxtsa, söyüş çıxıb. Cem Yılmazın söyüşlü stand-up-larına baxmaq üçün 700 manat verib qəh-qəhə çəkib gülürlər. İndi o şəxslər Afaq xanımı bir kəlməyə görə təhqir edir. Bu ədalətli deyil. Sanki insanlar söyməyə, təhqir etməyə yer axtarırmış, sosial şəbəkələr onlara şans yaratdı.


- Karantin günlərində sənət adamları ehtiyacı olan şəxslərə yardımlar payladı. Amma yenə də tənqid hədəfi oldular.

- Karantin günlərində yardıma ehtiyacı olan insanlara əlimizdən gələn köməkliyi etdik. Bu içdən gələn bir şeydir, könlümüzdən keçdiyi üçün insanlara yardım edirik. Amma bəzi insanlar buna da qulp qoşurlar, bizi tənqid edirlər. Mənim əlim Bakıya çatmasa da, Qazaxda əlimdən gələn köməkliyi etdim. Amma yenə də insanlar sənət adamlarından narazıdır.

- Hətta siz yardım qutunuzun üzərinə “Əməkdar artist” sözü yazdırdığınıza görə tənqid olundunuz.

- Mənə “Əməkdar artist” fəxri adını prezidentim verib, fəxrlə o adı daşıyıram. Hər kəs yardımının üzərinə adını yazır. Mən də dövlətimin mənə etimad edib verdiyi fəxri adı yazmışam. Burada ayıb nə var? Bir nəfər mənə yazıb ki, kömək edin. Deyirəm, mən Bakıda deyiləm, burada, Qazaxdayam. Məndən xahiş edir ki, Kamil Zeynallıya, ya da Tolikdən xahiş edim. Düzü mən də Kamilin nömrəsi vardı, “Whatsapp”da ona yazdım, o adamın nömrəsini də yolladım. Sonra baxıram ki, 7 saatdı “İnstagram”da xətdədir. Özünə də yazdım ki, bu qədər instaqramda vaxt keçirmək olmaz. O adam barədə sosial şəbəkədə açdığım canlı yayımda danışdım. Sözlərim yenə səhv anlaşıldı. Yazdılar ki, Vasif deyir, kasıb instaqramda bu qədər vaxt keçirməz. Amma mən elə deməmişəm. Müğənnilər nə etsə, pis tərəfə yozulur. Hamımız azərbaycanlıyıq, axtarsan, qohum da çıxarıq. Bu qədər aqressiya nəyə lazımdır? İnsanların bir-birini incitməsi çox gücümə gedir.

Könül İbrahim
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.