“Alim Qasımovun qisasını məndən alıblar”- “Bu sahədə çoxları tayfabazlıq, yerlibazlıq edir” - MÜSAHİBƏ

29-04-2020, 11:21           
“Alim Qasımovun qisasını məndən alıblar”-
Azərbaycan mədəniyyətinin incisi sayılan muğam sənətini yaşadan xanəndələrimiz karantin günlərini necə keçirir?
Müsahibimiz Azərbaycanın tanınmış və sevilən xanəndələrindən biri Mütəllim Dəmirovdur.
Onunla söhbətimizdə muğam sənətinin mövcud problemlərindən danışdıq.
Qeyd edək ki, Mütəllim Dəmirov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında solist kimi çalışır. İlk ifası Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Zeyd rolu olub. Ustadı Alim Qasımov (Məcnun) və Mələkxanım Əyyubova (Leyli) ilə bir səhnəni paylaşıb. 1997-ci ildən “Leyli və Məcnun” operasında İbn Salam rolunda çıxış edib. 2005-ci ildən həmin tamaşada Məcnun atası rolunu oynayır. Bundan başqa istedadlı sənətkar Müslüm Maqomayevin “Aşıq Qərib” operasında Aşıq Səlim rolunu oynayıb. 1996-cı ildən 2009-cu ilə qədər baş rolda (Aşıq Qərib) çıxış edib. 1995-ci ildə "Füzuli-500" muğam müsabiqəsinin laureatıdır. 1994-cü ildən bu günə kimi cəbhə bölgələrində, bir neçə hərbi hissələrdə konsert proqramı ilə çıxış edir. Mütəllim Dəmirov 1996-cı ildə Müslüm Maqomayevin “Şah İsmayıl” opera tamaşasında Çaqınçı və Xanəndə rollarında da çıxış edib. Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasında Şeyx obrazını da yaradıb. Şəfiqə Axundovanın “Gəlin qayası” opera tamaşasında Şeyx obrazını yaradan istedadlı xanəndə bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub. M.Dəmirov Türkiyənin İzmir, İğdır, Qars, Ankara, İstanbul şəhərində konsert proqramları ilə çıxış edib. İfaçının çıxışları böyük tamaşaçı marağı ilə qarşılanıb. Xanəndə qonşu İran İslam Respublikasının Tehran, Kərəc şəhərlərində də konsert proqramları ilə çıxış edib.
-Mütəllim bəy, karantin dvörünü necə keçirirsiz?
-Əslində evdə qalmaq yaxşı bir şeydir, lakin işsizlik insanı əldən salır, tənbəlləşirsən.
-Bir ay karantin oldu, bir ay da Ramazan olacaq. El şənliklərində fasilə yaranacaq. Bu, müğənnilərin maddi durumuna necə təsir edəcək?
-Hər halda pis təsir edəcək. Bir yerdən gəlir gəlməyəndən sonra necə olmalıdır ki?
-Belə bir deyim var: xanəndə harda doğulmasından asılı olmayaraq Bakıda yetişir. Yəni səsi, istedadı var, ancaq təshil alması, sənətkar kimi yetişməsi Bakıda olur. Bu deyim doğrudurmu?
-Bakı paytaxtdır, burda səviyyəli musiqiçilər var. İnsanlar ünsiyyətdə olurlar, bir-birlərindən öyrənirlər. Bu baxımdan paytaxtın özünəməxsusluğu var.

-Ötən əsrin əvvəllərində məşhur olan xanəndələrin çoxu heç Bakıda təhsil almamışdı. Xan, Seyid Şuşinski, İslam Abdullayev və s.
-Ötən əsrlə indiki dövr arasında fərqlər var. Ötən əsrin insanları həm çox savadlı, bilikli olublar. Həm də güclü təhsilləri olub. Digər tərəfdən, dinləyici məsələsi də böyük rol oynayır. İndi həmin dinləyici yoxdur. İnsanlar sanki robotlaşıblar, muğam dinləsələr belə, hiss etmirlər, musiqini duymurlar. O dövrlə bu dövr müqayisə edilməzdir.
“Ona gücləri çatmayıb, məni “vurublar””
-Ustad Alim Qasımovun tələbəsisiz. Bu status sizə üstünlük qazandırır? Haradasa köməyinizə çatıb?
-Alim Qasımov dünya şöhrətli muğam ustadımızdır. Lakin mən onun adından heç vaxt istifadə etməmişəm. Əlbəttə, kimin tələbəsi olmusan soruşulanda, böyük qürur hissi ilə cavab vermişəm. Hətta elə olub ki, onun adı ilə konsertlərə getmişəm, iştirakıma icazə verilməyib. Elə şeylər var ki, Alim Qasımovdan ala bilməyiblər, qisasını məndən alıblar. Gücləri ona çatmayıb, tələbəsi olduğum üçün sənətdə məni “vurublar”.
“İnsanlar sanki cılızlaşıb”


-Belə fikirlər gəzir ki, muğamda monopoliya, qruplaşmalar var. Bunu hiss etmisiz?
-İndiki zamanda bu məsələ özünü qabarıq şəkildə büruzə verir. Çoxları tayfabazlıq, yerlibazlıq söhbətləri edir. Bu hal 90-cı illərdən baş qaldırdı. Əgər ondan əvvəlki vaxtlarda olubsa da, çox az olub. İndi insanların xasiyyətləri də fərqlidir. Daha çox cılızlaşırlar, paxıl olurlar, əlli şeytani oyundan çıxırlar. Ona görə də Allah bizə bu bəlanı verib, indi də əziyyətini çəkirik.
“Mən Alim ola bilmərəm. O göyün qatında, mən yerin altında…”
-Ustadınız Alim Qasımov virtuoz ifaları ilə muğamı daha da sevdirdi. Lakin ilk günlər onun bu ifası, şablon ifa tərzindən, səhnə formasından çıxması tənqid olunurdu. Siz nə əcəb onun kimi oxumursuz?
-Alim Qasımov çılğın, qaynayan bir insandır, belə bir şəxsdən o cür möhtəşəm ifalar çıxa bilərdi. Allahın bir vergisi idi, biz onu gördük və yaşadıq. Özümü tam ona bənzətməsəm də, ustadım olub, ondan öyrənmişəm, mən Alim ola bilmərəm. Alim göyün bir qatında, mən isə yerin altında…
cəbhə.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.