"Heç kim bu rejissorların sənədini yoxlamır ki, cərimə etsin"
30-04-2020, 18:15

Tamaşaçı müasir serial və filmlərimizdən narazıdır.
İstər rolların canlandırılması, istər dialoq və monoloqlar zamanı aktyor və aktrisaların danışıq tərzi, bəzən vulqar sözlərdən istifadə tamaşaçıda qıcıq yaradır. Həmçinin, müasir film və seriallarımızda qeyri-peşəkarlığın nəzərə çarpdığı deyilir.
Mövzu ilə bağlı müsahibimiz aktyor, Əməkdar artist, Prezident təqaüdçüsü Anar Heybətovdur.
“Aktyor teatrda işləməlidir”
- Anar bəy, Sovet dövründə teatr aktyoru və kino aktyoru ifadəsi vardı. Məsələn, Rasim Balayev, Şeyx Əbdül kino aktyoru, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, Zemfira Nərimanova teatr aktyoru idi. İndi deyəsən o bölgü itib...
- Vallah, mən Sovet vaxtında da bilmirdim ki, o bölgü necədir. Belə eşitmişdim ki, kinostudiyada çalışan başqa aktyorlar idi. Teartın başqa aktyorları var idi. Kinostudiyada çalışan aktyorlar teatrda çalışmırdı, teatrda işləyən aktyorlar kinostudiyada. Bilmirəm, indi bölgü olmaması nə ilə bağlıdır. Yəqin ki, kinostudiyada hazırda iş olmaması ilə əlaqəlidir. O barədə bir balaca məlumatsızam. Sadəcə, onu bilirəm ki, indi bu bölgü əvvəlki kimi deyil.
- Siz özünüzü kino, yoxsa teatr aktyoru hesab edirsiniz?
- Mən ümumiyyətlə, özümü aktyor sayıram. Lakin düşünürəm ki, aktyor teatrda işləməlidir.
- Sovet dövründə “Azərbaycanfilm”in çəkdiyi filmlərin heç birində vulqar ifadələr, söyüşlər yox idi. Amma son dövrlər çəkilən filmlərin əksəriyyətində vulqar ifadələr, küçə jarqonları var. Bu nə ilə bağlıdır? Bu ümumi bir tendensiyadır? Yəni, rus ve türk filmlərində də belədir?
- O vaxt yəqin ki, kinolarda vulqar ifadələrin işlənməsinə icazə vermirdilər. Senzura var idi, qadağalar var idi. İndi ola bilsin ki, bu qadağalar yoxdur. Dövr dəyişib. Demirəm, onlara tələb var. Kino və seriallarda vulqar ifadələr işlənməsə də, olar. Bəlkə də, dövrün, zamanın tələbi belədir ki, o cür ifadələr kinolarda, seriallarda var. Rus, Türkiyə filmlərində, seriallarında isə bu cür ifadələr bizimkilərdən də artıqdır. Nəinki ifadələr, elə görüntülər də. Bizdə mentaliteti fikirləşərək o dəyərləri qoruyub saxlayırıq. Amma xarici filmlərdə hər zaman elə olub.
“Heç vaxt deməmişək ki, özümü filan rolda görürəm”
- Azərbaycanın tarixi qəhrəmanlarından film çəkilsə, məsələn, Babək, Şah İsmayıl Xətai, Məhəmməd Əmin Rəsulzadə, Xoyski, Səttarxan, Mehdi Hüseynzadə və.s - bunlardan hansını canlandırmaq istərdiniz?
- Vallah, bu barədə bir şey deyə bilmərəm. Yəqin ki, filmi çəkən rejissorlar, o işlə məşğul olan insanlar harada görərlərsə, çalışaram ki, etimadlarını doğruldum. Heç vaxt belə seçim etməmişəm. Heç vaxt deməmişəm ki, özümü filan rolda görürəm, filan şeyi istəyirəm.
“Bütün rollarımı sevə-sevə oynamışam”
- Ən yadda qalan rolunuz hansı olub?
- Hamısı (gülür). Mən bütün rollarımı sevə-sevə oynayıram. Amma tamaşaçı üçün deyə bilmirəm də. Ola bilsin ki, bu rol onlar üçün serialdan olsun, ola bilsin, tamaşalardan olsun.
“Elə aktyor yoxdur ki, “Azdrama”da oynamaq istəməsin”
- Akdemik Milli Dram teatrı hər zaman intriqaların meydanı olub. Niyə hər kəs orda oynamaq istəyir? İstedadlı aktyor özünü başqa teatrda göstərə, sübut edə bilməzmi?
- Sınaya bilər. Niyə də olmasın. Başqa teatrlarda da istedadlı aktyorlarımız var. Amma "Azdram"da oynamaq istəyən aktyorları alqışlayıram. Belə bir fikir var ki, general olmaq istəməyən əsgər, əsgər deyil. Yəni, "Azdrama"da oynamaq istəməyən aktyorun olmasına inanmıram. Tək-tük sayda olar.
- Avropa ölkələri, Türkiyə ilə müqayisədə Azərbaycanda teatrların sayı qənaətbəxşdirmi?
- Azərbaycanda teatrların sayı az deyil. Bakıda da var, bölgələrimizdə də. Düşünürəm ki, kifayət qədərdir. Orada da normal tamaşalar var. Məncə, teatrların sayını qənaətbəxş hesab etmək olar.
“Xaricdən filmə çəkiliş dəvəti gəlsə, gedərəm”
- Film, serial çəkilişləri ilə bağlı xarici ölkələrdən təklif alımısınızmı?
- Xarici ölklərdən təklif olmayıb. Bir dəfə olub, həmin vaxt da bəzi məsələlər var idi ki, alınmadı. İndi başqa bir təklif gəlsə, hər halda qəbul edərəm. Ancaq birinci işə baxarıq ki, nə təklif edirlər.
- Peşəkar aktyor olmaq üçün hansı amillər şərtdir? İstedad, yaxşı mühit və rejissor. Bu amillərdən hansı daha öndə gəlir?
- Məncə, üçü də bir-birində cəmlənməlidir. İstedad ilk yerdə dayanmalıdır.
- Müasir kino və seriallarda aktyor və aktrisaların istedad səviyyəsindən razısınızmı?
- Belə də. 40-ın 60-a.
- Cəmiyyətimiz müasir serial və filmləri sevmir. Sizcə, bu nə ilə bağlıdır?
- Bu bizim ağrılı-acılı yerimizdir. Kino, serial çəkilişləri ilə məşğul olanların əksəriyyəti naşı adamlardır. Kimsə əlinə kamera alır, kimsə iki dəfə film çəkilişində olub, həvəsə gəlib film, serial çəkir. Bu yaxınlarda bir seriala baxırdım. Adını xatırlamıram, çünki çox az baxdım, məcbur kanalı çevirdim. Orada bir neçə nəfər gördüm, hətta televiziyadan şəkillərini də çəkdim, dostlarıma göndərdim ki, bu adamları tanıyırsınız? Harada işləyiblər? Gördüm ki, heç kim tanımadı, mən tək deyiləm. Bilmirəm, dostlarınımı çəkirlər o seriallara? Sənətlə məşğul olmayan adamlarımı çəkirlər? Hətta o rejissorlar adlarını ora elə-belə rejissor yazırlar. Yəni, o rejissorların da əksəriyyətinin biliyi, savadı, sənədi yoxdur. Biz avtomobili sürücülük vəsiqəmiz olmadan idarə edə bilmirik axı. Yolda polis saxlayıb maşını əlimizdən ala, cərimə yaza bilər. Amma serial çəkirlər, heç kim bunların sənədini yoxlamır ki, cərimə etsin. Kameralarını əllərindən alsın. Bunlara qadağa qoyulsun. Ona görə də kim nə istəyir, götürüb çəkir.
- Siz özünüzü peşəkar aktyor hesab edirsinizmi?
-Vallah, mən özüm haqqında heç vaxt belə şeylər deməmişəm. Bilmirəm. Çalışıram ki, işimlə məşğul olum və bunu sevə-sevə edirəm.
- Bildiyim qədər tarda ifa etməyi bacarırsınız. Karantin günlərində boş zaman çox olub. Həmin zamanı tar ifa etməklə dəyərləndirmisinizmi?
- Dərdimi təzələyirsiniz (gülür). Dəyərləndirə bilməmişəm. Karantin başlayan kimi fikirləşdim ki, tarın simlərində problemlər var, onları ustaya verim, düzəltsin. Bir musiqi mağazasına yaxınlaşdım ki, düzəltdirim, məkan bağlı idi. Dünən dostlarımla danışmışam, onlar mənə söz veriblər ki, 1-2 günə tarı düzəldib mənə verəcəklər.