İnfeksionistdən CİDDİ XƏBƏRDARLIQ: “Proqnozlaşdırmaq mümkün deyil”

5-05-2020, 10:03           
İnfeksionistdən CİDDİ XƏBƏRDARLIQ:
İnfeksionist-hepatoloq dr. Mərdan Əliyev COVİD-19-un müalicəsində istifadə olunan dərmanlar və onların orqanizmə təsirlərindən söz açıb. Kənd təsərrüfatı heyvanlarının da bu virusdan sığortalanmadığını deyən mütəxəssis bildirib ki, it və pişik COVİD-19-a qarşı xüsusilə həssasdır.

Ekspertin Publika.az-a müsahibəsini təqdim edirik.

- Azərbaycanda COVİD-19 xəstələrinə göstərilən tibbi xidmət hansı səviyyədədir? Tibb müəssisələri texniki və həkim personalı baxımından nə dərəcədə təmin olunur?

- Bu işlə əsasən Nazirlər Kabineti yanında Operativ Qərargah və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məşğul olur. COVİD mərkəzləri və xəstəxanalar kifayət qədər təchiz olunub. O cümlədən Azərbaycanda artıq maskaların, xüsusi geyimlərin və digər qoruyucu vasitələrin istehsalına başlanılıb, bu sarıdan demək olar ki xəstəxanalar texniki avadanlıqlarla tam təmin olunub. Koronavirusla məşğul olan ixtisaslaşmış mərkəzlər yetəri qədər hazırlıqlıdır. Digər xəstəxanalar təbii ki, COVİD-19-un diaqnozunun qoyulması və xəstələri ixtisaslaşmış mərkəzlərə göndərməklə məşğul olur. Odur ki, ölkəmizdə görülən tədbirləri yüksək qiymətləndirmək olar.

- Ekspertlər virusun yay aylarında zəifləyəcəyini proqnozlaşdırır. Amma payız və qış aylarında yenidən qayıdacağı istisna edilmir. Bu halda bizi nə gözləyir? Hansı hazırlıqların aparılması nəzərdə tutulub?

- Bəli, virus tədricən azalmağa doğru gedəcək. Virus respirator xəstəliklər qrupuna aiddir. Respirator xəstəliklər mövsümi olduğu üçün havaların isinməsi ilə birlikdə azalmağa meyllidir. Həqiqətən də azalmağa doğru gedir. Amma dekabr ayından başlayaraq, dekabr-mart ayları arasında virusun yenidən artıb, çoxalma ehtimalı gözlənilir. Əgər növbəti mövsümə qədər vaksin hazırlanmazsa, xəstəliyin yenidən yayılması istisna edilmir. Vaksin hazır olarsa, belə alovlanma olmayacaq, sadəcə tək-tək hallara rast gəlinəcək.

- Niyə karantin rejimindən çıxmaq üçün mərhələli planlar hazırlanır?

- Bu proses bütün dünyada mərhələli şəkildə həyata keçirilir. Çünki nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil, risklər davam edir. ÜST də bununla bağlı dəqiq proqnoz verə bilmir, bildirilir ki, ikinci dalğa da ola bilər. Ümumiyyətlə bütün infeksion xəstəliklərdə belədir. Odur ki, təşkilat mərhələli şəkildə çıxmağı tövsiyə edir və bütün ölkələr də karantin rejimini eyni ilə qayda ilə yumşaldır. Ən yaxşı variant da budur.

Karantin qaydaları mərhələli şəkildə yumşaldılır və sonrakı göstəricilərə: yoluxma və sağalma sayına baxılır. Yoluxma sayı yenidən artarsa, qaydaların yenidən sərtləşdirilməsi mümkün ola bilər. Karantin rejimi statistik göstəricilər əsasında dəyişdirilir.



- Xəstələrin müalicəsində hansı dərmanlardan istifadə olunur və yeni yanaşmalar varmı?

- Spesifik müalicə yoxdur, antiviral dərmanlardan istifadə olunur. Koronavirus ilk dəfə 60-cı illərdə tapılsa da, COVİD-19 koronavirusun yeni növüdür. Ondan bu yana interferon kimi, virus əleyhinə olan dərmanlar istifadə olunur. Bu dərmanlar virusa qarşı müalicədə hələ də istifadə oluna bilir. Digər viruslara qarşı yeni antiviral preparatlar olsa da, COVİD-19-a qarşı spesefik dərman yoxdur, onların hazırlanması üzərində ciddi işlər aparılır.

Antiviral dərmanlar zərərlidir, əksər hallarda uşaqlara verilmir. Bəxtimiz gətirib ki, uşaqların böyük hissəsi bu xəstəliyi yüngül keçirir, demək olar ki, onlarda asimptomatik gedir və çox ciddi problemlər yaratmır.

- Vaksinlərin hazırlanmasında hansı ölkənin təcrübələrinə ümid bəsləmək olar?

- Bütün dünyanı cənginə aldığı bir vaxtda az qala hər ölkədə koronavirusa qarşı vaksin və təsirli dərman axtarılır. Bu məqsədlə tam sürətilə yeni dərmanlar və əvvəllər digər viruslarda işlədilən dərmanların koronavirusa qarşı təsirli olub-olmaması və ya nə dərəcədə təsirli olması öyrənilir. İlk yerlərdə təbii ki, ABŞ dayanır, Avropa ölkələrindən isə dərman sənayesi üzrə daha çox inkişaf etmiş Almaniyadır. Böyük ehtimal ki, bu iki ölkə vaksini tezliklə tapa biləcək.

- COVİD-19-un müalicəsində antibiotiklərin rolu haqqında nə demək olar?

- Bu xəstəliyin müalicəsində antibiotiklərin istifadə olunması ümumiyyətlə düzgün deyil. Bildiyimiz kimi, antibiotiklər bakteriya təsiri göstərir, viruslara isə onun heç biri təsiri yoxdur. Antibiotiklərdən düzgün istifadə olunmaması onun gələcəkdə yarana biləcək xəstəliklərə təsirini azaldır və yaxşı nəticə göstərmir. Bu baxımdan antibiotiklərin düzgün istifadəsi vacibdir. İmmunitetin gücləndirilməsində də antibiotiklər heç bir rol oynamır.

- Bəs immuniteti zəiflədə bilərmi?

- Bəli, zəifləməsinə təsir göstər bilər.

- Antiviral dərmanların zərərli olduğunu qeyd etdiniz. Nə kimi zərərlərini sadalamaq olar?

- Bütün dərmanlar kimi, antiviral preparatların da əks təsirləri var. Məsələn, qanda hemoqlabinlərin azalmasına gətirib çıxarır, böyrəklərə və qaraciyərə mənfi təsir edir. Bundan başaqa ümumi halsızlıq, baş ağrılarına səbəb ola bilər.

- İnfeksiyanın şiddətlənməsinə təsir göstərən amillər varmı və hansılardır?

- Ümumiyyətlə infeksion xəstəliklərdə vaksin yoxdursa, burda immunitet başlıca funksiyanı yerinə yetirir. Odur ki, əsas tədbirlər immun sisteminin yaxşılaşdırılmasına yönəldilməlidir. Məsələn, vitamin C və D preparatları immun sisteminin yüksəldilməsi üçün mühümdür. Yaş artdıqca immun sistemi və orqanizmin müqaviməti zəifləyir, nəticədə virusun ağırlaşamaları daha çox olur.

- Koronavirus xəstələri üçün həkimlərin xüsusi olaraq tövsiyə etdiyi qidalanma rejimi varmı və varsa necədir?

- Sübut olunmuş xüsusi pəhriz olmasa da, keyfiyyətli və vitaminlərlə zəngin qidalaara üstünlük vermək, eyni zamanda yuxu rejiminə əməl etmək lazımdır. Bunlar xəstəliklə daha effektiv mübarizə aparmağa kömək edir.

- Amerikada və Çində artıq it və pişiklərin sözügedən virusa yoluxduğu təsdiq olunub. Bu virusun kənd təəssürüfatı heyvanlarına yoluxması riski nə qədərdir? Və əgər yoluxma qeydə alınarsa, ət istehlakını azaltmaq lazım gələcəkmi?

- Koronavirusun digər növləri bütün ev və vəhşi heyvanlarda xəstəlik tördə bilir. Lakin qaramalda COVİD-19-un aşkarlanması haqqında heç bir məlumat yoxdur. Və o da məlumdur ki, it-pişik bu virusa qarşı daha həssasdır və yoluxa bilir.

- Mərdan bəy, bütün mütəxəssislər qeyd edir ki, yalnız kütləvi immunitet qazanıldıqdan sonra xəstəliyin təhlükəsi aradan qalxacaq. Eyni zamanda bilirik ki, infeksiyanı asimptomatik keçirənlər var. Sualım ondan ibarətdir ki, Azərbaycanda əhalinin neçə faizinin xəstəliyi asimptomatik keçirəcəyini proqnozlaşdırmaq mümkündür? Buna dair təhlillər aparılırmı?

- Dünya üzrə hesablaşmış təhlillər var. Bildirilir ki, dünya əhalisinin təxminən 80 faizi – immun sistemi normal olanlar xəstəliyi asimptomatik keçirir. Əslində xəstəliyi yayan onlar olur, heç bir əlamət olmadan keçirirlər deyə, infeksiyanı asanlıqla bir şəxsdən digərinə yoluxdura bilirlər.

Yerdə qalan 20 faizi xəstəxanaya müraciət edir, onların 5 faizində xəstəlik daha ağır keçir, 2 faizində ölüm halları baş verir.

Onu da unutmaq lazım deyil ki, virus dünya əhalisi üçün yenidir, immunitet onu tanımır və bədən xəstəliyi ağır keçirir. Təbii ki, tədricən təbii peyvəndləmə - immunizasiya gedir və beləliklə digər mövsümlərdə immunitet xəstəliyə bələd olduğu üçün onu rahat keçirə biləcək, ağırlıq olmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.