“Hansısa rayonda baş həkim xəstəxananı dağıtsın, o birində rüşvət, özbaşınalıq... Yox, mən bunu idarə edə bilmərəm” - Partiya sədri

7-05-2020, 08:56           
“Hansısa rayonda baş həkim xəstəxananı dağıtsın, o birində rüşvət, özbaşınalıq... Yox, mən bunu idarə edə bilmərəm” - Partiya sədri
“Hansısa rayonda baş həkim xəstəxananı dağıtsın, o birində rüşvət, özbaşınalıq... Yox, mən bunu idarə edə bilmərəm”
İqtidarla müxalifətin yaxınlaşmasında, əməkdaşlığın yeni formatlarında ciddi irəliləyişlər olacağı gözlənilir.

Hakimiyyətin müxalif cəbhəyə doğru addım atması, onun potensialından, kadr bazasından istifadə etməsi də sosial şəbəkələrdə, mediada müzakirə edilir.

Siyasətçilərin fikrincə, əgər real islahatlar həyata keçirilirsə, umu-küsülər kənara qoyularaq ölkənin dərin problemlərinin həlli üçün çırmanırsa, müxalifətə də əl uzatmaq lazımdır.

Doğrudur, onlar illərdir idarəçilikdən təcrid olunublar, idarəetmə təcrübəsi azdır, lakin içlərində kifayət qədər bilikli mütəxəssislər var.

Həmin kadrların irəli çəkilməsi, vəzifə verilməsi bir yandan müxalifətlə münasibətlərin yaxşılaşmasına səbəb olar, siyasi opponentlərin izolyasiya edilmədiyi, ayrı-seçkilik salınmadığı görünər, bir tərəfdən də həqiqətən onların savadından, imkanlarından yararlanmış olarlar.

Bugünlərdə Musavat.TV-nin canlı yayımının qonağı olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev təklif edib ki, əgər hakimiyyət müxalifətlə əməkdaşlıq etmək istəyirsə, kadrlarından da yararlansın.

Partiya sədri hesab edir ki, ADP sədri Sərdar Cəlaloğluna səhiyyə naziri postu həvalə edilməlidir. Onun fikrincə, S.Cəlaloğlu işinin öhdəsindən gələ bilər.

Amma ADP sədri bizimlə söhbətində H.Hacıyevlə razılaşmadı. S.Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, onun tibb sahəsində bacarığı və təcrübəsi yoxdur. Partiya sədrinin sözlərinə görə, xarakterindən irəli gələrək təsərrüfat idarəçiliyi ilə bağlı işləyə bilməz: “Əgər mənə siyasi bir iş təklifi olsa, əlbəttə, gedərəm. Mən hesab edirəm ki, iqtidar-müxalifət əməkdaşlığı vəzifə bölgüsü ilə bağlı olmamalıdır.

Əgər bizim potensialımızdan istifadə etmək istəyirlərsə, onda bu, başqa cür ola bilər. Yəni, kadr kimi imkanlarımız dövlət və xalq üçün istifadə olunsun".

ADP sədrinin fikrincə, iqtidarla-müxalifət arasında əməkdaşlıq rasional şəkildə qurulacaqsa, hökumətə təkliflər, layihələr vermək lazımdır:

“Yəni bu, vəzifə paylamaq şəklində olmamalıdır. Müxalifətdə olan siyasətçilərin ağlından istifadə edilə bilər. Ona görə də mən təsərrüfat xarakterli sahədə heç vaxt olmamışam, belə bir işi boynuma götürə bilmərəm. Əgər həmin vəzifədə elm, savad, siyasi iş varsa, korrupsiya imkanları sıfıra yaxındırsa gedərəm. Məsələn, prezident inspeksiyası vəzifəsi var idi. O vəzifəni tutaram və nöqtə-vergülünə qədər layiqincə işi görərəm. Amma hansısa rayonda baş həkim xəstəxananı dağıtsın, o biri xəstəxanada rüşvət, özbaşınalıq tüğyan eləsin... Yox, mən bunu idarə edə bilmərəm.

Onun üçün gərək səhiyyə sistemini demontaj edəsən, kadrları kütləvi şəkildə dəyişəsən, sağlamlıq haqqında qanuna dəyişiklik olunsun, sonra səhiyyə naziri bəlkə işləmək olar.

İndiki şərtlər altında səhiyyə naziri vəzifəsini tutsan, ya korrupsiya vinti olacaqsan, ya da işləyə bilməyəcəksən. Çünki Azərbaycan səhiyyəsi bərbad vəziyyətdədir, rüşvətə bulaşıb, gəlib onun başında durmaq çətin işdir".

S.Cəlaloğlu bildirdi ki, nəzarət mexanizmi olan yerdə işləyə bilməz: “Prezident inspeksiyası vəzifəsi verilsin, icra edərəm. Hər kəsə öz bacarağına görə təklif olmalıdır. Axı niyə Qubad İbadoğlu kimi savadlı iqtisadçını çağırmırlar? Rafiq Əliyev kimi elm adamı akademiyada rəhbər işləyə bilər, Saleh Məmmədov təzədən maliyyə sisteminə qaytarılmalıdır. Bu cür kadrlara vəzifə verilsin, dövlətin keşiyində dursunlar.

Bizim kimi siyasi adamlar isə hakimiyyətə hansı islahatlar aparılmalı olduğu barədə proqramlar, təkliflər göndərmişik. Bu, iqtidarla əməkdaşlığa kifayət edir. Yəni, iqtidar - müxalifət əməkdaşlığı Hafiz Hacıyevin dediyi kimi yox, belə olmalıdır, ya da bildiyim sahə üzrə vəzifə verilməlidir. Mən hökumətə bu mənada kömək etməyə hazıram".

ADP sədri qeyd etdi ki, yüksək korrupsiya ilə bağlı həbs edilmiş məmurlara verilən cəzalar yüngüldür: “Qanunvericiliyə dəyişiklik olunmalıdır, həmin məmurlara ömürlük həbs cəzası kəsilməlidir. Məsələn, Beynəlxalq Bank işində 7 milyard getdi, cəmi 10-12 il hökm oxundu”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.