“Deyirdilər ki, paçalarınızı, yaxalarınızı açıb bayırda qoymayın, amma...”

8-05-2020, 10:28           
“Deyirdilər ki, paçalarınızı, yaxalarınızı açıb bayırda qoymayın, amma...”
Moderator.az Xalq artisti Bilal Əliyevlə karantin rejimiylə bağlı müsahibəni təqdim edir:

- Bilal müəllim, karantin rejimini siz necə keçirirsiniz?

- Orucluq vaxtıdır, orucumu tutub, Quran oxuyuram. Ən azı hər gün dörd surə, dörd yüz ayə oxuyuram.

- Bəs ibadət edərkən Allahdan soruşursunuzmu bu gün bəşəriyyətə niyə həbs qətimkan tədbiri seçib?

- Allahdan elə şeyləri soruşmaq lazım deyil, çünki o nə etsə, gözəl edər. Çünki Allah hər şeyi bilən, əmr sahibidir. Belə məsləhət görübsə, belə də edib. Hər halda günahımız var, əgər bu olmasaydı, bu başımıza gəlməzdi. Əgər kimsə virusu yaratsa belə, Allah əmr verməsəydi, bu olmazdı. Ona görə də Allahın mərhəmətinə sığınmaq lazımdır. Allah insanlara buyururdu ki, hər gün dəstəmaz alın, əlinizi, üzünüzü yuyun, insanlar isə bunu etmirdilər, amma indi görürsünüz ki, insanlar gündə bir neçə dəfə əllərini-üzlərini yuyurlar, çünki qorxurlar. İnsanlara deyirdilər ki, paçalarınızı, yaxalarınızı açıb bayırda qoymayın, amma qadınlar özlərini açıb çöldə qoyurdular. Yəni istər qadın, istər kişi, fərqi yoxdur, özünə məhrəm olan adamların yanında yaxasını aça bilər. Bu gün insanların hansı oyunlar çıxardığının şahidisiniz. Ona görə də Allah elə etdi ki, insanlar ağzını da, başını da, bədənini də qapatdı.

- Bir çox sənət dostlarınız imkansız ailələrə yardımlar etdilər. Sizdə elə bir imkan yarandımı, kimlərəsə kömək etdinizmi?

- Bilirsiniz, belə şeyləri adam deməz, amma özüm də 400-dən çox ailəyə yardım etdim. Bununla yanaşı, karantin rejimində atam qəfildən dünyasını dəyişdi. Adam var deyir ki, mən atama-anama ehsan vermək istəyirəm. Ehsan vermək üçün heç bir problem yoxdur, ancaq gərək insanları evinəmi çağırasan? Bişir evində yeməyi qapı-qapı düş payla da. Mən həm evimdə qapımı yeddi gün açıq saxladım, həm də insanlara ehsan payladıq. İnsanlara məsləhət görürəm ki, heç darıxmasınlar.

- Bilal müəllim, sənət adamlarıyla yanaşı, Heydər Əliyev Fondu insanlara yardımlar göndərdi, amma məmurlar bunu həm satdılar, həm də yaxın qohum əqrəbalarına payladılar...

- Bu haqda hamımızın məlumatı var və qandallanıb həbs edilən icra başçılarını da gördük. Hər şeyi Allah görəndir. Belə bir vaxtda icra başçıları özləri ciblərindən pul xərcləməlidirlər ki, cənab prezidentin təşəbbüsünə qoşulsunlar. O, məmurların ehtiyatda çox pulları var. Belə bir zamanda sən ac insanları ölümdən qurtarsan, Allah yanında böyük məhəbbət qazanarsan. Mən o insanlara bunu məsləhət görürəm. Kimlər səhvə yol veribsə, cəzalarını alacaqlar, Allah da onları bağışlasın. Hər bir insan imkanı daxilində çalışmalıdır ki, imkanı olmayanlara yardım etsin. Mən hamınıza uğurlar arzulayıram. Bütün bəşər insanlarına sülh arzulayıram. Hamımız ölkə başçımız cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.