MTN Elman Rüstəmovu da həbs etmək istəyib

8-01-2016, 10:33           

Həbsdəki generalın ailə üzvləri dövlət başçısına müraciətdə nələr yazıb?

Adil İsmayılov: “Zakir Nəsirov işlədiyi nazirliyin rəhbərliyinə qarşı oyunda özünü qurban verdi“

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili, bir sıra qətllər və adam oğurluqlarına görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədov ötən ilin oktyabrında MTN olaylarından sonra sensasion açıqlamalarla yenidən gündəmə gəldi. Hacı Məmmədov ailə üzvləri vasitəsilə bəyan etdi ki, vaxtilə MTN–in sabiq rəhbərliyinin təzyiqi altında yalan ifadələr verib. O, xüsusən DİN–in Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun əleyhinə ifadələrinin həqiqətə uyğun olmadığını bəyan etdi.
Bundan sonra Hacı Məmmədovun yaxınları yeni vəkillə müqavilə bağladı. İndi isə məlum olur ki, onun vəkili Afət Qazıyeva sözügedən cinayət işinin təzələnməsi, yenidən araşdırma aparılması üçün aidiyyəti orqanlara müraciət edib. Vəkilin sözlərinə görə, hələlik müraciətə cavab yoxdur.

Hacı Məmmədov və digərlərinin barəsindəki cinayət işinin yenidən araşdırılmasının mümkün olub–olmaması, yalan ifadələrin ortaya çıxmasının səbəbləri və s. məsələlər haqda Zakir Nəsirovun vəkili Adil İsmayılovla söhbətləşdik:

Hacı Məmmədov Ali Məhkəməyə müraciət edib

– Bir müddət əvvəl məlumat yayıldı ki, Hacı Məmmədov olayları yenidən araşdırılır. Həmin cinayət işində əsas fiqurlardan biri olan Zakir Nəsirovun vəkili kimi, sizdə bu barədə hər hansı məlumat varmı?

– Mən də yalnız KİV–də bu barədə oxumuşam, başqa məlumatım yoxdur. KİV–dən oxuduqlarımdan bilirəm ki, Hacı Məmmədov müraciət edərək, MTN–in sabiq rəhbərliyinin təzyiqi altında həqiqətə uyğun olmayan ifadələr verdiyini deyib. O cümlədən Zakir Nəsirov barədə də deyib ki, onun bu işdə iştirakı olmadığı halda, əleyhinə ifadə verib. Məlumatım bu qədərdir. Əlavə bildiyim odur ki, bununla əlaqədar Hacı Məmmədovun vəkili Ali Məhkəməyə müraciət edib.

– Müraciət bu iş üzrə əvvəlki qərarların ləğv edilib işə yenidən baxılması haqdadır?

– Yeni açılmış hallara görə işə yenidən baxılması mümkündür. Yeni açılmış hallarla əlaqədar müraciət isə həm təqsirləndirilən şəxslər tərəfindən ola bilərdi, həm də hüquq–mühafizə orqanları tərəfindən. Konkret olaraq, bu gün bizim – Zakir Nəsirovun və ya onun vəkili kimi, mənim yeni açılmış hal barədə məlumat verməyimiz mümkünsüzdür, çünki bizə məlum olanları istintaq zamanı və məhkəmə proseslərində demişdik. Hacı Məmmədovun nə isə deməsi barədə mətbuatdan oxuduqlarımızı məhkəməyə yeni açılmış hal kimi təqdim etməyi də real görmürəm. Qəzetə istənadən müraciət eləməyimiz bir qədər yersiz olardı. Amma Hacı Məmmədovun özünün əvvəllər müəyyən səbəblərdən yalan ifadə verməsi barədə Ali Məhkəməyə müraciət etməsi mümkündür. Mənim də eşitdiyimə görə, belə bir müraciət var.

Cahangir Hacıyevin ailəsinə qarşı cinayətdə Elman Rüstəmovdan istifadə cəhdi

– Hacı Məmmədovun əvvəlki ifadələrində yalan danışması barədə etirafından sonra müvafiq orqanlardan Zakir Nəsirovla görüşən olubmu?

– Mənim bildiyim qədər heç kim görüşməyib. Qanuna görə, tərəfin, bu halda, konkret Hacı Məmmədovun müraciəti varsa, o, baxılması üçün Ali Məhkəmənin hakimlərindən birinə verilir. Həmin hakim Ali Məhkəmənin sədrinə müraciət edir. Sədr də öz növbəsində Respublika Prokurorluğuna müraciət edir. Respublika Prokurorluğu da araşdırma apara bilər. Belə bir araşdırma aparılsa, onun nəticəsi Ali Məhkəməyə daxil olur. Nəticəyə həmin hakim baxır. Əgər o nəticəyə gəlsə ki, bu işə yenidən baxıla bilər, bu halda, iş Ali Məhkəmənin Plenumuna çıxarılır. Plenum vaxtilə Ali Məhkəmənin bu iş üzrə çıxardığı qərarı ləğv edir və iş apellyasiya məhkəməsinə qaytarılır. Sonrakı mərhələdə apellyasiya məhkəməsində bu işə baxıla da bilər, birinci instansiya məhkəməsinə və ya istintaqa da qaytarıla bilər. Təcrübədə belə işlər olub. Son nəticədə iş istintaqa qaytarılıb və istintaq orqanı yenidən araşdırma aparıb.

– Hacı Məmmədovun adından yayılan məlumatda bildirilirdi ki, o, Zakir Nəsirova qarşı ifadələrini MTN–in sabiq rəhbərliyinin təzyiqi altında verib. Zakir Nəsirovun MTN rəhbərliyilə nə problemi vardı?

– Zakir Nəsirov özü də məhkəmə prosesində deyirdi ki, ona o vaxt müxtəlif təkliflər olmuşdu. Məsələn, ona təklif olunmuşdu ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin Hacı Məmmədovu himayə etməsi və bu işlərdən xəbəri olması haqda ifadə versin. Zakir Nəsirov da demişdi ki, mən belə bir ifadə verə bilmərəm. Zakir Nəsirova belə bir ifadə vermək təklif olunmuşdu ki, guya, Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını Mərkəzi Bankın sədri sifariş verib. Zakir Nəsirov buna da getmədi. O, hər dəfə təkrar edirdi ki, mən olmayan bir şey barədə ifadə verməyəcəm. Hesab edirəm ki, Zakir Nəsirovun eləmədiyi cinayətə görə bu gün həbsdə saxlanmasının səbəbi də odur. Əgər vaxtında o təkliflərə razılıq versəydi, çox güman ki, bu gün həbsdə olmayacaqdı. Çünki hələ o vaxt ona deyilmişdi ki, bu ifadələri verməsən, sonda ömürlük həbs cəzası alacaqsan. Dediklərini də elədilər.

– Niyə məhz Zakir Nəsirovu seçdilər?

– Hacı Məmmədov əməliyyat müvəkkili idi. Hacı Məmmədovdan sonra onun işlədiyi şöbənin rəisi Kamil Sədrəddinov həbs olundu. Bundan yuxarı artıq həmin şöbənin də daxil olduğu Baş Cinayət–Axtarış İdarəsinin rəisi gəlirdi – Zakir Nəsirov. Sonrakı mərhələlərdə də daha yuxarı – nazir müavinləri, nazir gəlir. Bu qaydada da gedirdilər. Amma Zakir Nəsirov da bu xətt dayandı. Amma Zakir Nəsirov ondan tələb olunan ifadəni versəydi, davam edəcəkdi. Belə deyək, Zakir Nəsirov işlədiyi nazirliyin rəhbərliyinə qarşı qurulmuş oyunda özünü qurban verdi.

O vaxt Eldar Mahmudovun sözü keçirdi…

– Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə bir generalın həbsi üçün dövlət başçısının razılığı olmalıdır. Hacı Məmmədov olaylarının üstü açılandan bir müddət sonra Ramil Usubov media nümayəndələrinin iştirakı ilə keçirilən bir toplantıda açıq şəkildə dedi ki, Zakir Nəsirovun bu cinayətdə əli olduğuna inanmır. Necə olur, bir nazir dövlət başçısını onun cinayətkar olduğuna inandırır, amma digər nazir onun günahsızlığına inandıra bilmir?

– Bir anlıq o vaxtkı vəziyyəti gözünüzün qarşısına gətirin. Hacı Məmmədov və dəstəsinin bu cinayətləri törətdiyi şübhə doğurmur. Hacı Məmmədov və dəstəsinə ittiham verilmiş cinayətləri onların icra etdiyinə şəxsən mənim də şübhəm yox idi. Hacı Məmmədov və dəstəsinin həbsindən bir neçə gün sonra həm Zakir Nəsirov, həm də daxili işlər nazirinin o vaxtkı birinci müavini Zahid Dünyamalıyev istefa verdi. Zakir Nəsirov bildirdi ki, “tabeliyimdə olan işçi bu cür cinayətlər törədib və buna görə mənim ən azı, mənəvi məsuliyyətim var, çünki bunu vaxtında görməmişəm, qarşısını ala bilməmişəm“. Bundan sonra Zakir Nəsirov iki dəfə MTN–ə çağırılır və o, heç yerə qaçmır, gedib sualların hamısına cavab verir. Orada onunla qeyri–rəsmi olaraq, bir qədər əvvəl dediyim söhbətlər aparılır. Ümidvaram ki, gələcəkdə bu iş üzrə yenidən istintaq aparılacaq və Zakir Nəsirov orada onunla hansı söhbətlərin aparılması barədə özü açıqlama verəcək. Bu gün bu haqda mənim danışmağım yersiz olar. Zakir Nəsirovdan istədikləri ifadələri ala bilməyəndən sonra dövlət başçısına məruzə olunur. İstintaq materiallarında maraqlı məqamlar var, Zakir Nəsirovun həbsi üçün “sübutlar” onun həbsindən bir gün əvvəl toplanıb. Bu da iki nazirlik arasındakı çəkişmənin nəticəsi idi. Razılıq almaq üçün bir günün içində “sübutlar” toplayırlar. Görünür, o vaxt nazirlərdən biri o birisindən daha güclü olduğuna görə onun sözü keçib.

– Dediyinizdən belə çıxır ki, Zakir Nəsirov iki nazirlik arasındakı çəkişmənin qurbanı olub?

– Birmənalı belədir.

MTN-in qurbanlarından biri də Zakir Nəsirovdu…

– Zakir Nəsirovla sonuncu dəfə nə vaxt görüşmüsüz?

– Bu hadisələrdən sonra daha bir dəfə onu Hacı Məmmədovun ifadəsi əsasında istintaqa cəlb eləmək istədilər. Hətta Zakir Nəsirovu bir müddət MTN–in istintaq təcridxanasına da gətirdilər. Fəxrəddin Piriyev adlı bir adamın qətlindən söhbət gedirdi. Guya, onun qətlini Abşeron Rayon Polis Şöbəsinin rəisi təşkil edib. Sonra həmin iş də boş çıxdı, heç kimə də ittiham verilmədi. O iş üzrə istintaqdan sonra Zakir Nəsirovla görüşümüz olmayıb. Amma ailəsi vasitəsilə əlaqəmiz olur.

– Son əfv fərmanından əvvəl yayılan məlumatlarda bildirilirdi ki, prezidentə göndərilmiş siyahıda Zakir Nəsirovun da adı olub. Əfv üçün müraciət edibmi?

– Zakir Nəsirov özü müraciət etməyib, bildiyimə görə, ailə üzvləri tərəfindən də belə bir müraciət olmayıb. Sadəcə, heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanılan adamın tez bir zamanda azadlığa buraxılması vacibdir və biz hesab edirdik ki, bu vəziyyətdə ən yaxşı çıxış prezident tərəfindən Zakir Nəsirov barədə əfv fərmanı ola bilərdi. Zakir Nəsirov həbsdən çıxardı, ən azı, bu adam azadlığa buraxılmağı haqq edir. Bundan sonra həmin iş üzrə prosedur davam edə bilərdi. Hesab edirdik ki, bu addım atılmalıdı, çox təəssüf ki, olmadı.

Digər tərəfdən, MTN olaylarından sonra Zakir Nəsirovun ailə üzvləri prezidentə müraciət ediblər. Müraciətdə göstəriblər ki, Zakir Nəsirov MTN–in sabiq rəhbərliyinin qanunsuz əməllərinin qurbanı olub. Hələ ki, konkret heç bir cavab gəlməyib. Amma mənim bildiyimə görə, MTN–in sabiq rəhbərliyinin qanunsuz əməlləri haqqında bütün müraciətlər Respublika Prokurorluğunda xüsusi komissiya tərəfindən araşdırılır. O məlumatların bir hissəsi istintaqa göndərilir, təsdiqini tapmayanlar barədə isə müraciət sahiblərinə məlumat verilir. Zakir Nəsirovun ailə üzvlərinə hələ ki, heç bir məlumat verilməyib.

– Hacı Məmmədov olayları yenidən araşdırılsa, onun yalan ifadələr verdiyi haqda deyilənlər təsdiqini tapsa, bu halda, həmin cinayət işini araşdırmış istintaqçıların, o iş üzrə hər üç məhkəmə instansiyasında qərar vermiş hakimlərin məsuliyyəti nədən ibarət ola bilər? Qanunvericilik nə deyir?

– Mən bu cür məsələləri təkcə Hacı Məmmədov işilə bağlamaq istəməzdim. Bu günə qədər Azərbaycanda bu cür yanlış məhkəmə qərarlarına görə cinayət məsuliyyətinə cəlb olunan bircə adam yoxdur. Bu da cəzasızlıq mühiti, adamlarda bir arxayınlıq yaradır və istədikləri qanunsuz qərarları verirlər. Vəkil kimi çıxdığım başqa işlər də var ki, hakim də, dövlət ittihamçısı da həbs olunan şəxsin günahsız olduğunu bilir, amma axıra qədər də sözlərinin üstündə durub, təqsirsiz adam barədə ittiham hökmü çıxarırlar. Qanun birbaşa yazır ki, bilə–bilə qanunsuz hökm və ya qərar çıxarmaq, təqsirsiz adamı həbs eləmək cinayət məsuliyyəti yaradan hallardır. Gec–tez bu tendensiyaya “dur” deyilməli, lazımi addım atılmalıdır. Konkret olaraq, Hacı Məmmədovun işində biz dəfələrlə dedik, özümüzü yorduq ki, Zakir Nəsirovun təqsiri yoxdur, amma nəticəsi olmadı. Bəzən deyirlər ki, “biz də bilirik, adamın cinayəti yoxdur, amma heç nə eləyə bilmirik“. Bunun bir sonu olmalı, adamlar hərəkətlərinə görə məsuliyyət daşımalıdılar.

Zakir Nəsirovla “danışıq aparanlar” da həbs olunub

– MTN ətrafındakı məlum olaylardan sonra bu strukturda çalışmış xeyli adam həbs olundu. Onların arasında Zakir Nəsirovun həbsində, onunla bağlı istintaqda iştirak etmiş adamlar varmı?

– Bəli, Zakir Nəsirovla danışıq aparan və onun işi üzrə istintaqda iştirak etmiş adamlardan həbs olunanlar var.

– “Danışıq aparan” deyəndə ona əvvəl qeyd etdiyiniz təklifləri edənləri nəzərdə tutursunuz?

– Bəli.

– Ümumiyyətlə, siz Hacı Məmmədov və digərlərinin işi üzrə perspektivi necə görürsüz?

– Çalışmaq lazımdır ki, Zakir Nəsirov tez bir zamanda azadlığa çıxmasına nail olaq. Bunu da dövlət orqanları eləməlidir. Ən azı, ona görə ki, dövlət qarşısında müəyyən xidmətləri olan adamdır. Üstəlik, yaşı da az deyil, 1947-ci il təvəllüdlüdür, bu gün–sabah 70 yaşı tamam olacaq.

azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.