İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI KABİNETİNDƏ ÖLDÜRÜLƏN DƏQİQƏLƏRDƏ MƏN DƏ ORADA OLMALIYDIM...

27-06-2020, 00:06           
İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI KABİNETİNDƏ ÖLDÜRÜLƏN DƏQİQƏLƏRDƏ MƏN DƏ ORADA OLMALIYDIM...
Səhər saat 11 olardı. Gəncə şəhər İcra Hkimiyyətinin İnzibati binasındakı iş otağımda telefonum zəng çaldı.Rəhmətlik Tofiq müəllim idi, Tofiq Rüstəmov, «Xalq qəzeti»nin Baş redaktoru. Salam- kəlamdan sonra dedi ki, gedirsən Vaqif Vəliyevin yanına, onunla söhbət edirsən, yaxşı bir yazı hazırlayırsan...İstədim deyəm ki, o hələ təzəcə işləyir,iyunun 16-da Prezident Fərmanı (o zaman Sərəncam yox, Fərman verilirdi) olub, sözümü kəsdi:

-Deyirlər İmamzadədə çox işlər görür, ətraflı yazı hazırla, axşama göndər redaksiyaya.

«Baş üstə» deyib telefonun dəstəyini üstünə qoydum. Tofiq müəllimi çox istəyirdim.Universitetin jurnalistika fakültəsində dekanım, müəllimim olmuşdu. Olduqca savadlı, çox təvəzökar, bəlkə də ifrat dərəcəsində mədəni, abırlı bir insan idi. Bu vəzifəyə də üç il idi gəlmişdi, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsi müdirinin birinci müavini vəzifəsindən.

...Şəhərin çox gərgin vaxtları idi. Gəncə hadisələri bütün ölkəni qarışdırmışdı,nəinki təkcə Gəncəni.Belə bir vaxtda Hacı Vaqif kimi tanınan Vaqif Vəliyevi Prezident Əbülfəz Elçibəyin Fərmanı ilə Gəncəyə icra hakimiyyətinin başçısı təyin eləmişdilər. Eşitmişdim ki, çox ciddi bir adamdır, olduqca işgüzardır və gələn gündən adamlara isti münasibətilə seçilməyə başlayıb. İmamzadədə apardığl abadlıq işləri hamının diqqətini cəlb edirdi, maraqlandırırdı...

Başçı ilə birbaşa telefon əlaqəm vardı.Yəni istədiyim vaxt disksiz telefonun dəstəyini qaldırmaq kifayət idi. Onu otağıma əvvəlki başçı Elxan Qədimovun göstərişi ilə bir neçə ay əvvəl çəksələr də heç zaman istifadə etməmişdim...Bir qədər həyacanla dəstəyi qaldırdım. Həmin anda «eşidirəm» deyə ağır, bir az da acıqlı səs eşitdim.

-Hamlet Qasımovdu, Vaqif müəllim, «Xalq qəzeti»nin zona müxbiri. Görüşüb müsahibə almaq istəyirdim Sizdən..

-Saat 2 tamamda gözləyirəm, deyib dəstəyi yerinə qoydu.

Söhbətin baş tutacağına və axşama redaktorun tapşırığına əməl edəcəyimə sevinsəm də ötkəm səsi, çox ciddi və bir qədər də sərt adam olması haqqında deyilənlər həyacanımı birə-beş artırmışdı...

Saat 2-yə 5 dəqiqə qalmış mən artıq başçının katibəsi Elmira xanımın otağındaydım.Məlumat verdim ki, özü bilir, biz görüşməliyik. Dedi ki, yanında MTN-nin şəhər şöbəsinin rəisi var, çızsın, Siz keçərsiniz.

On-on beş dəqiqə keçdi,yanındakı adam çıxmadı. Dedim, Siz keçin içəri, deyin ki, mən gəlmişəm. Sonra deyər ki, bəs niyə xəbər verməmisiniz.Bəlkə başqa yerə çıxıb gedəcək.

Katibənin içəri keçməsi ilə geri qayıtması bir oldu və mənə «keçin Sizi gözləyir» dedi.

Keçdim. Üzündə çox ciddi, bir qədər də narahatlıq hissi oxunan 55-56 yaşlı bir kişi idi. Əyləşdiyi stolun baş tərəfinə kimi yaxınlaşdım. Yerindən qətiyyən tərpənmədən mənə saymazyana əl uzatdı. Düzü mənə pis oldum. Bəlkə də o zaman cavan idim, hər bir hərəkətə diqqət yetirirdim, bəzən xırdalıqlara belə ciddi əhəmiyyət verirdim, ya nə idi, artıq özümdə deyildim... Ayaq üstə dayanmışam ki, indi əyləşmək təklifi edəcək və biz söhbətə başlayacağıq. O isə «sənə üç dəqiqə vaxt verirəm, vaxtım yoxdur» deyən kimi «Sizin yoxdur, mənim heç yoxdur» deyərək iri və cəld addımlarla qapıya tərəf getdim.Stolunun arxasından qalxıb qapıdan çıxmaq anında məni arxadan qucaqladı:

-Sən nə yaman «qoryaçi» oğlansanmış, dedi- xətrinə dəyən söz demədim axı.

Diqqətlə gözlərinin içərisinə baxdım. Bayaqkı gözlər deyildi. Xeyirxah, mehriban, qayğıkeşlik oxunurdu.

-Sən məni qınama, çox gərgin günlərimdi, saat üçün yarısına idarə rəhbərlərini İmamzadəyə yığmışam, tapşırıqlar verəcəyəm. İstəyirəm bu şəhərdə nəsə bir iş görüm...

Hiss etdim ki, çox səmimi danışır, dediklərində də həqiqət var...Artıq hirsim soyumuşdu və qarşımdakı ağsaqqalı hörmətlə dinləməyə başlamışdım:

-Gəl belə edək, saat 6-nın yarısında gəlirsən, Elmira xanım bizı bir mürəbbəli çay verir, biz səninlə düz iki saat söhbət edirik..

Gördü ki, dillənmirəm bir də soruşdu:

-Gələcəksən?

«Hə,gələrəm» deyib evə getdim. İndi yadımda deyil. Həmin gün uşaqlar da evdə deyildi, tək idim. Artıq saat 6-ya işləyirdi. Çay içə-içə Ali Sovetin iclasına baxırdım. O vaxtlar bu iclasları birbaşa göstərirdilər. Çünki insanlar narahat idi. Gəncədə və ölkədə baş verən proseslər o qədər gərgin idi və sürətlə dəyişirdi ki, hamı gündəlik xəbərlərə qulaq asırdı, televizorun qarşısından çəkilmirdi. Düzdür, Heydər Əliyevin yenidən Azərbaycana qayıtması, Ali sovetin sədri seçilməsi adamları xeyli ümidləndirmişdi, inamını artırmışdı.Lakin gərginlik hələ sovuşmamışdı..

Altının yarısına az qalırdı. Beynimdə iki fikir bir-biri ilə sanki mübarizə aparırdı: «gedim?», «getməyim?» Bir neçə dəqiqə beləcə davam etdi. Birdən qərara gəldim, «yox, getməyəcəyəm”. Bir tərəfdən az da olsa inciməyim, digər tərəfdən içimdə qəribə bir narahatçılıq hissi fikrimi qətiləşdirdi. Birdən...

Ali sovetin iclası getdiyi yerdə elan etdilər ki, Gəncənin icra başçısını kabinetində vurdular...Səmimi deyirəm, əllərim əsməyə başladı. Evdə olan «lampa”ya(ATS-ə birbaşa çıxış) əl atdım,təkcə «icranı» sözünü dedim.Dəstəyi götürən Başçının birinci müavini Firudin Həsənovun qırıq-qırıq, dili topuq çala-çala dediyi sözlərdən belə başa düşdüm ki, bu dəqiqələrdə Hacı Vaqifi də, həmin anda onun yanında olan digər müavini Eldarı da öldürüblər...

İcra hakimiyyəti ilə evimizin arası heç 200 metr də olmaz. Ora qaçdım.Hələ uzaqdan İnzibati binanın qarşısında təcili tibbi yardım maşınlarını görüb əl-ayağım boşaldı və binaya yaxınlaşana kimi sanki bir il keçdi...

Bu gün, iyunun 24- də həmin hadisədən düz 27 il keçir. Bəlkə də indi bu sətirləri yazan fb dostunuz o vaxtdan, həmin gündən, saatdan bu dünya ilə vidalaşmışdı. Çünki həmin saatda mən də rəhmətlik Vaqif Vəliyevin kabinetində olmalıydım və təbii ki, müavini Eldar kimi həmin güllənin biri də mənə dəyməli idi...Nə isə, görünür hələ əcəlin mənə qarşıda bağışlayacağı illər varmış...Bu da bir taledir.Və bunu ilk dəfə siz dostlarıma danışdım...
Xalqqazeti.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.