Su qıtlığı fəlakətə çevrilir: “Yeraltı suyu “qara gün” üçün saxlamaq lazımdır” - MÜSAHİBƏ

30-06-2020, 16:27           
Su qıtlığı fəlakətə çevrilir: “Yeraltı suyu “qara gün” üçün saxlamaq lazımdır” - MÜSAHİBƏ
Azərbaycanın bir sıra regionunda su qıtlığı yaranıb.

Neftçala rayonunda isə Kür çayının səviyyəsi təhlükəli həddə qədər azalıb. Xəzər dənizinin duzlu suyu 60 km axına doğruçaya qarışıb.

Əhali, eləcə də canlı təbiət içməli sudan əziyyət çəkir, əkin sahələrini suvarmaq problemə çevirilib.Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən ölkəmizə daxil olan suyun miqdarının 4 milyard kubmetr azaldığı bildirilib.

Cebhe.info AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovla durumu aydınlaşdırmağa, çıxış yollarını aramağa çalışıb. İnstitut direktoru öncə ölkədəki vəziyyət barədə məlumat verib:

-Ümumiyyətlə, Azərbaycan suyu qıt yox, bol olmayan ölkələr sırasındadır. Qonşu ölkələrlə Gürcüstan, Ermənistanla müqayisə etdikdə, bizdə hər ərazi vahidinə düşən suyu miqdarı 2, hər adambaşına düşən suyun miqdarı 2,7 faiz azdır. Amma bu o demək deyil ki, ölkədə su çox azdır. Azərbaycanın suyu özünə kifayyət edir, ancaq sudan səmərəli və qanaətlə istifadə olunmalıdır. Yəni su resurslarını idarə etməklə. Amma bir məsələ var ki, iqlim dəyişmələri ilə əlaqədar olaraq Yerin su balansında müvafiq dəyişikliklər var. Dəyişiklik əsasən bu istiqamətdədir ki, quraq ərazilərdə yağıntının miqdarı gələcəkdə daha da azalacaq, digər ərazilərdə isə əksinə,çoxalacaq. Azərbaycan ərazisinin 60 40 faizi quraq və yarımquraq ərazidir. Ona görə də bu təhlükə Azərbaycan ərazisi üçün var və artıq özünü göstərir. Son bir neçə ildə demək olar ki, Abşeron yarmadası istisna olmaqla, hər yerdə yağıntının miqdarı azalıb. Bunun təzahürünü çayların səviyyəsində görürük. Kür çayının suyunun azalmasına da yağıntının miqdarının az olması səbəb olub. Təəssüf olsun ki, proqnozlara görə, bu neqatiiv hal getdikcə dərinləşə bilər.

-Problemin qarşısı necə alınmalıdır?

-Mütləq prientiv tədbirlərin görülməsinə ehtiyac var. Birinci növbədə su anbarları tikilməlidir. Bu istiqamətdə Azərbaycan hökumətinin fəaliyyəti təqdirəlayiqdir. Çoxlu su anbarlarımız var. 15-16 anbarın da tikintisi nəzərdə tutulur. Bununla yanaşı, suyun idarəetməsində dəyişiklik edilməsinə ehtiyac var. Su istehlakı, xüsusilə də kənd təsərrüfatında suyun istifadəsi qətiyyən qənaətbəxş deyil. Çoxli itki var. Bəzi hesablamalara görə, kənd təsərrüfatında itki 5 milyard kub kilometrdir ki, bu da Araz çayının miqdarı qədərdir. Kənd təsərrüfatında selləmə suvarma üsulundan imtina etmək, damcılama, sızdırma kimi müasir üsullardan istifadə etmək lazımdır. İdarəetmə müəyyənləşdirilməlidir ki, gələcəkdə kənd təsərrüfatının hansı növünə nə qədər su lazım olacaq və hansısa regionda həmin məhsulu əkməyə etiyac varmı? Bu cür planlaşdırmalar aparılmalıdır. Ən əsası, əhalinin düşüncəsində dəyişiklik olmalıdır. Bilinməlidir ki, su əmtəədir, onun qədrini bilmək lazımdır. Əgər su 200-300 km-dən borular, kanallar vasitəsilə şəhərə gətirilsə, bu, artıq gəlib çatanda əmtəəyə çevirilir.

-Azərbaycanda əsas içməli su qaynaqları hansılardır?

-Şirin su qaynağı əsasən yerüstü çaylarımız – Kür, Araz və kiçik çaylarımız - Qanıx, Qabırrı və Samurun bir hissəsi və təbii şəkildə olan göllərimizdir. Digər mənbələr isə yeraltı sularımızdır. Müxtəlif rəqəmlərə görə yeraltı suların miqdarı 5-7 milyard kub kilometrə qədər dəyişir. Amma yeraltı sudan istifadə etməyə tələsmək lazım deyil. Onları ehtiyat kimi “qara gün” üçün saxlamaq lazımdır.

-Siz su probleminin aradan qaldırılması üçün lazım olan tədbirlərdən danışdınız. Bildirdiniz ki, su anbarları tikmək, kənd təsərrüfatında yeni texnologiyalardan istifadə etmək olar. Bunların ərsəyə gəlməsi üçün müəyyən vaxt lazımdır. Amma hazırda Kür ətrafı rayonlarda, xüsusilə Neftçalada vəziyyət acınacaqlıdır. “Azərsu”dan bölgəyə içməli suyun maşınlarla daşındığı bildirilib.

İndiki durumda yeraltı suların istifadəsinə başlamaqla bu durumdan çıxmaq mümkündürmü?

-Əlbəttə ki, mümkündür. Amma məsələnin bir tərəfi də ondan ibarətdir ki, yeraltı sular bütün ərazilər boyunca bərabər paylanmayıb. Elə yerlər var ki, yeraltı sular boldur, elə yerlər də var ki, azdır. İnanmıram ki, Neftçala ərazisində yeraltı sular zəngin və yararlı olsun. Amma Qarabağ və digər regionlar var ki, onlarda yeraltı sularla zəngindir. Əvvəlcə yeraltı suların mövcudluğunu müəyyənləşdirmək lazımdır. Varmı, nə qədərdir və yararlıdırmı? Ondan sonra ondan istifadə etmək lazımdır. Yoxsa haranı qazsan, oradan yararlı su çıxmayacaq.

Xatirə Nəsirova
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.