“Surət Hüseynovun dedikləri mənasız, qeyri-ciddidir” - Pənah Hüseyn
3-07-2020, 19:42
AXC hakimiyyətinə qarşı hərbi qiyam qaldıran və Elçibəy iqtidarının devrilməsinə səbəb olan keçmiş baş nazir, eks korpus komandiri Surət Hüseynov Meydan.tv-yə geniş video müsahibəsində 4 iyun hadisələrindən danışıb, bir sıra ittihamlar səsləndirib.
S.Hüseynov Prezident qvardiyasının əsgərlərinin güllələnməsi barədə jurnalistin sualına verdiyi cavabında sabiq baş nazir Pənah Hüseynə ağır ittiham irəli sürüb.
S.Hüseynov qeyd edib ki, Prezident qvardiyasının əsgərlərini P.Hüseyn və adamları güllələdib.
Sitat: “Prezident qvardiyasının əsgərlərini güllələyən Pənahdır, onun adamlarıdır. Mehman Ələkbərovu kim vurub? Bunu, onun “verbovka” etdiyi adamlar edib. Onlar Gəncədə 709 saylı hərbi hissəyə hücum edən adamlardır”.
S.Hüseynovun ittihamına qısa şəkildə cavab verən Pənah Hüseyn Musavat.com-a bildirdi ki, onun söylədikləri mənasız, qeyri-ciddi sözlərdir. P.Hüseyn S.Hüseynovun ittihamının heç bir əsası olmadığını qeyd etdi və hazırda başı qarışıq olduğu üçün həftənin bazar ertəsi bu məsələlərə geniş aydınlıq gətirəcəyini açıqladı.