Yelisey Sarayında tam məntiqsizlik – Heç fransızlar da anlamırlar

26-11-2020, 00:06           
Yelisey Sarayında tam məntiqsizlik –
Rusiya, Fransa və ABŞ-dan olan ekspertlər rəsmi Parisin Qarabağa yönəlik siyasətini tənqid edirlər

İkinci Qarabağ müharibəsi zamanı ATƏT-in Minsk Qrupu həmsədrləri fərqli davranırdılar. Rusiya və ABŞ döyüşən tərəflərə nisbətən daha bərabər mövqe tutsa da, Fransa açıq şəkildə erməni təcavüzkarlarına dəstək verirdi. Üstəlik, Qarabağda atəşkəs əldə edildikdən sonra Fransa Senatına qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyini” tanımaq təklifli bir qərar layihəsi təqdim edildi.

Belə bir siyasət və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin özü ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin ictimai rəyində necə qəbul edilir? AYNA mövzuya dair, hüquq elmləri doktoru, Rusiya Federasiyasının əməkdar hüquqşünası, Rusiya Hərbi Elmlər Akademiyasının akademiki İqor Qlebov, fransalı politoloq, Beynəlxalq və Strateji Münasibətlərin Monitorinqi və Tədqiqi İnstitutunun əməkdaşı Qiyom Letua və amerikalı politoloq Endryu Korıbkonun fikirlərini öyrənib.

- Fransa Senatına “DQR”-in “müstəqilliyinin” tanınmasına dair bir qərar layihəsi gəldi. Bu, o deməkdirmi ki, Fransa, nəhayət Minsk Qrupu həmsədrləri üçün məcburi olan bitərəfliyi pozdu?

İqor Qlebov: Fransa beynəlxalq hüquq baxımından BMT Nizamnaməsində hər hansı bir dövlətin ərazi bütövlüyünün (toxunulmazlığının) və siyasi müstəqilliyinin pozulmasını qadağan edən ümumbəşəri prinsipə əməl etmək məcburiyyətindədir. ATƏM-in Yekun Aktında (1975), bu prinsiplə əlaqəli olaraq deyilir: “İştirakçı dövlətlər (Fransa da daxil olmaqla) hər birinin ərazi bütövlüyünə hörmət etməlidir, ərazi bütövlüyünə, siyasi müstəqilliyə və ya birliyə qarşı hər hansı bir hərəkətdən çəkinməyə borcludur, hər hansı bir iştirakçı dövlət bir-birinin ərazisini bu cür tədbirlərlə və ya həyata keçirəcəyi ilə hədələyərək əldə etmə hədəfinə çevirməkdən çəkinməlidir. Bu cür ərazi əldəetmə heç zaman qanuni olaraq tanınmayacaq”.

Nəticədə, Fransanın 9 noyabr 2020-ci il tarixində Rusiyanın iştirakı ilə imzalanan Azərbaycan ilə Ermənistan arasında mövcud atəşkəs razılaşmasının beynəlxalq aktını bir qərarla - daxili qanunvericiliyinin aktı ilə şübhə altına almaq cəhdləri Fransanın beynəlxalq öhdəliklərinə uyğun gəlmir və xüsusən də ATƏT-in Qarabağdakı həllinə dair Minsk Qrupunun həmsədri kimi rolunu zəiflədir.

Qiyom Letua: Fransız diplomatiyasının olduqca qeyri-sabitliyi səbəbindən bu anda Fransa xarici siyasətindəki prioritetlər sualına dəqiq cavab vermək çətindir. Yeliseydəki çəmənlikdə bu gün bir şeyi doğru hesab edirlər, sabah isə tamamilə fərqli bir şeyi.

Endryu Korıbko: Fransa qətnaməyə ancaq baxacaq, hələ onu qəbul edəcəyi fakt deyil. Ancaq müharibə zamanı Ermənistan tərəfini açıq şəkildə dəstəkləməklə, neytrallığını xeyli əvvəl pozmuşdu.

- Fransa Minsk Qrupu həmsədrliyindən geri çəkilə bilərmi? Bu, baş verərsə, yerini hansı ölkə tuta bilər?

İqor Qlebov: Qanuni olaraq mümkündür. Atəşkəs əldə edildikdən sonra dəyişən şərtlərlə əlaqədar Minsk Qrupunun formatı da dəyişdirilə bilər.

Qiyom Letua: Ümumiyyətlə, təbii olaraq sual yaranır: Azərbaycanın qalib gəldiyi müharibədən sonra Minsk Qrupunun lazımlı və təsirli olması barədə danışa bilərəikmi?

Endryu Korıbko: Fransanın belə bir qərar verəcəyinə şübhə edirəm, çünki Paris bu mövqeyi müşayiət edən prestij arzusundadır. Əlavə olaraq, Türkiyənin də dəstəklədiyi, Ermənistan, Azərbaycan və Rusiya arasındakı son üçtərəfli razılaşmadan sonra Minsk Qrupu artıq aktual deyil.

- Fransa 1993-cü ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan BMT Nizamnaməsinə qarşı niyə çıxır? Üstəlik, 2019-cu ildə Fransa və Azərbaycan zirehli texnika istehsalı üçün ortaq bir müəssisə yaratmaq barədə qərar qəbul etdi. Bu layihənin taleyi necə olacaq? Söhbət milyonlara dollar dəyəri olan investisiya layihəsindən gedir…

İqor Qlebov: Fransada hansı lobbinin fəaliyyət göstərməsindən asılı olmayaraq, bu amil qanuna və münaqişənin sülh yolu ilə həllinə zidd olmamalıdır.

Qiyom Letua: Fransız diplomatiyası onunla təmasda olan hər kəsi heyrətləndirir. Yelisey Sarayının qərarında tamamilə məntiqsizliyin səbəbi heç kim üçün anlaşılan deyil. Yəqin ki, Sarayın özündə olan insanlar da bir-birilərni anlamırlar. Üstəlik, onların hərəkətindəki məntiqsizlik təkcə Qarabağ məsələsində deyil, eyni zamanda Fransanın keçmiş müstəmləkələri ilə necə davranmağı yaxşı bilməli olduğu Afrika siyasətində də özünü büruzə verir.

Endryu Korıbko: Fransa erməni diasporunun, lobbisinin təsiri altındadır. Azərbaycan Fransa ilə bu və digər birgə layihələri dayandıraraq Dağlıq Qarabağın istənilən rəsmi tanınmasına cavab verə bilər.

- Makron Administrasiyası təkcə Türkiyə ilə deyil, həm də Rusiya ilə münasibətlərdəki gərginliyi artırmaqla, anti-Kreml sanksiyalarını dəstəkləməklə fərqləndi. Məhz Makronun prezidentliyi dövründə ölkəni bir qarışıqlıq dalğası bürüdü. İndi ola bilərmi ki, Makron erməniləri və Ermənistanı dəstəkləyərək erməni diasporunun səslərinə və onların təsirlərinə ümid bəsləsin? Ancaq Fransada Türkiyəni dəstəkləyən çox sayda müsəlman da var. Və bunların sayı ermənilərdən daha çoxdur. Həmsədr statusunun tələb etdiyi kimi Azərbaycanı dəstəkləmək və ya heç olmasa, bitərəf qalmaq daha məntiqli deyilmi?

İqor Qlebov: Fransa öz siyasətinə Azərbaycanda, Ermənistanda və Rusiyada hörmət edilməsini istəyirsə, o zaman Qarabağda bu cür çətinliklə əldə olunan barışığı dərhal fəal şəkildə dəstəkləməyə başlamalıdır. Fransanın sülh nizamlanmasında ATƏT vasitəçisi statusunu dərhal bərpa etməsi və barışı zədələyən birtərəfli addım atmaması lazımdır. Yaxın qonşuların müharibəsində tökülən xalqların qanı heç bir siyasi ambisiyaya dəyər deyil. Rusiyadakı sağlam düşüncənin, müdrikliyin və beynəlxalq hüququn aliliyinin Fransız siyasətində üstünlük təşkil edəcəyinə ümid etməyə davam edirik.

Qiyom Letua: Bəli, burada qəti şəkildə deyə bilərsiniz ki, Makron erməni cəmiyyətinin səslərinə ümid edir. Ancaq bu kartı da oynaya bilmədi. Yəqin ki, Qarabağ ümaqişəsinin həllində baş rolda yer almadığı üçün çox məyusdur. Üstəlik, bu cür konfuzlar onu beş illik prezidentliyinin əvvəlindən təqib edir.

Endryu Korıbko: Hazırda Fransa özünü xristian sivilizasiyasının dünya mərkəzi kimi göstərməyə çalışır, bu da Ermənistanı dəstəkləməkdə maraqlı olmasının bir səbəbidir. Paris səhvən hesab edir ki, İrəvanın Qarabağ münaqişəsinin “sivilizasiyaların toqquşması” olduğuna dair ittiham bəyanatlarını dəstəkləyə bilər.ayna.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.