Millət vəkili: "Bəlkə də Artur müəllim postunu təhvil vermək istəyir, amma icazə vermirlər”
1-02-2016, 19:58
“Son vaxtlar iqtisadi islahatların bütün koordinasiyasını cənab prezident aparır”.
Bu sözləri “Yeni Müsavat” qəzetinə müsahibəsində deputat, Milli Məclisin iqtisadi siyasət Komitəsinin sədri Vahid Əhmədov iqtisadi böhran dövründə Azərbaycan hökumətinin işini şərh edərkən deyib.
Deputatın fikrincə, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli valyutanın devalvasiyası ilə əlaqədar olaraq prezidentin iqtisadi islahatlara şəxsən rəhbərlik etməsi normaldır. “Əlbəttə, normal hökumət olarsa, çevik bir hökumət fəaliyyət göstərərsə, prezident yalnız xüsusi strateji əhəmiyyət kəsb edən məsələlərdə müdaxilə edərdi. Amma görünür ki, indiki şərait prezidentin müdaxiləsini zəruri edir”-Vahid Əhmədov deyib.
Deputat deyib ki, mövcud iqtisadi şəraitdə çevik qərarların qəbulu, sürətli islahatların aparılması üçün əlbəttə, müəyyən koordinasiya olmalıdır. Və bu koordinasiyanı hökumət aparmalıdır: “Yalnız çətin anlarda dövlət başçısı müdaxilə etməlidir. Prezidentin onsuz da işləri həddən artıqdır, onun qarşısında digər ciddi məsələlər, xarici siyasət məsələləri, Dağlıq Qarabağ problemi var»
Vahid Əhmədov deyib ki, indiki şəraitdən çıxmaq, sosial-iqtisadi problemləri həll etmək üçün çevik hökumətə ehtiyac var. “Düzdür, bəzi kadrlar əvəzlənib, amma bu islahatları tez bir zamanda tamamlamaq lazımdır. Çevik bir hökumət qurmaq lazımdır ki, qanunların qəbulunda, qərarların verilməsində çeviklik hiss olunsun, buna ciddi ehtiyac var»-deputat bildirib.
Vahid Əhmədovun sözlərinə görə, bu gün hətta hökumətin iqtisadi komandasında da fikir ayrılıqları var. Məsələn, maliyyə naziri bir fikri deyir, Mərkəzi Bank rəhbərliyi isə onunla razılaşmır, başqasını deyir.
Deputat baş nazir Artur Rasizadənin mövcud mürəkkəb iqtisadi situasiyada bir dəfə də olsun mətbuat qarşısına çıxmamasını, çıxış etməməsini də şərh edib. “Mən Artur Rasizadə ilə bir yerdə işləmişəm, savadlı mühəndis, təvazökar insandır, işini bilən adamdır, ona böyük hörmətim var. Tez-tez telefonla danışıram. Açığını deyim, vəziyyətlə bağlı o da narahatdır”.
Bəs baş nazir postunu təhvil vermək barədə düşünürmü? Vahid Əhmədov bu suala cavab olaraq deyib: “Cənab prezident məsləhət bilsə, təhvil verəcək, postundan ikiəlli yapışmayıb ki. Bəlkə də Artur müəllim postunu təhvil vermək istəyir, amma icazə vermirlər”.
teref.az