“Ermənilərə böyük nifrətim var, yaxşı ki, onları torpağınızdan qovdunuz...” - FOTO

5-01-2021, 08:33           
“Ermənilərə böyük nifrətim var, yaxşı ki, onları torpağınızdan qovdunuz...” - FOTO
Məşhur aktrisa, yeşilçam filmlərinin sevilən ulduzu Nilufər Aydanın Moderator.az-a müsahibəsini təqdim edirik:

- Nilufər xanım, Azərbaycandan sizə qucaq dolusu salamlar. Necəsiniz?

- Çox sağ olun, yaxşıyam. Baxmayaraq ki, 82 yaşım var, amma özümü çox yaxşı hiss edirəm. Məndən də qardaş ölkə Azərbaycana salamlar olsun.

- Müsahibəmizə Azərbaycan haqqında danışmaqla başlamağınızı istərdim. Ölkəmiz haqqında hansı məlumatlara sahibsiniz?

- Mən öncə sizin zəfərinizi, qələbənizi təbrik edirəm. Ürəyim xoş sözlərlə doludur, aşıb-daşır. Heç bilmirəm sözlərimi hardan başlayım, harda bitirim? Müharibə dövründə o qədər həyəcan keçirdim ki.. Mənim ermənilərə çox böyük nifrətim, kinim var. Harda belə bir qanun yazılıb ki, sən gəlib başqasının torpağını zəbt edəsən? Nə yaxşı ki, onları torpaqlarınızdan qovdunuz. Mən sülhün tərəfdarıyam, amma durduğumuz yerdə bizi müharibəyə də təhrik edirlər. Siz də səbr edib, 30 ilə yaxın bir müddətdə gözlədiniz. Nə yaxşı ki, nəticədə qələbə qazandınız.



- Azərbaycanda səfərdə olmusunuz?

- 1964 cü ildə Moskvada film festivalı keçirilirdi. Mən də “Şəhərdəki yabancı” filmi ilə bu festivala qatıldım və mükafat qazandım. Moskvadan qayıdarkən bizi Azərbaycana gətirib, oranı gəzdirdilər. Azərbaycan mənim yaddaşımda səssiz şəhər kimi qalmışdı. Axşam saat 5-ə qədər küçədə heç kim yox idi, bom-boş idi küçələr. Hər kəs işinin başında idi, şəhərdə ancaq turistlər var idi. Saat 5-dən sonra isə hamı küçədə idi. Uzun illər sonra - 2000-ci ildə yenə də Azərbaycana gəldim və ölkəniz artıq dəyişmişdi. Çəkildiyim “Mavi röya” serialının kollektivi ilə bizi Azərbaycana dəvət edib, oradakı sevənlərimiz ilə görüşdürmüşdülər. Siz də bilirsiz ki, mən həmin serialda Lusifər obrazını canlandırırdım.

- “Mavi röya” serialındakı Lusifər obrazı ilə Azərbaycanda həqiqətən də çox sevilmişdiniz. Bu ekran işi həm də ölkənizdə yayımlanan ilk seriallardan biri idi...

- Bəli, doğru qeyd etdiniz. O zaman seriallara o qədər də tələbat yox idi, amma bu sevilmişdi. Çünki ekran işində dəyişkən mövzular-qorxu, xəyal, cadu var idi. Həm də biz iki dövlət, bir millətik. Bir-birimizi inanılmaz dərəcədə çox sevirik. Mən Azərbaycana gəldiyim zaman özümü dünya ulduzu kimi hiss edirəm.

- Siz "Yeşilçam" filmlərinin unudulmaz ulduzusuz. Həqiqətən də bir oynadığınız obrazlarla yeşilçama möhür vurmusuz...

- Biz sənətə başladığımız illərdə o qədər də sənətçi yox idi. Bundan əlavə də 1950- ci illərdə film sahəsi tələbatlı deyildi, daha çox teatra üstünlük verilirdi.. Yeşilçamda çəkilməyə “Altın qəfəs” filmi ilə başladım. Bu filmə çəkilməyimi məşhur müğənni, baş rol ifaçısı Zeki Mürən istəmişdi. O mənim həyat yoldaşım, məşhur rəqqas Yılmaz Duru ilə yaxın dost idi. Mən də o vaxt Yılmazla birlikdə əcnəbilərin restoranında rəqs edirdim. Zeki bəy Yılmaza demişdi ki, filmdə çəkilmək üçün gənc bir qız lazımdır. Yılmaz da məni tövsiyyə etmişdi. 15 yaşında idim. Zeki Mürən o vaxt hərbi xidmətdə idi, arabir gəlib çəkilirdi. Ona görə də filmin çəkilişləri fasilələrlə 8 ay sürdü.

- Teatrda heç çalışmadınız?

- Xeyr, heç vaxt! Yəqin ki, buna cəsarətim olmayıb. Mənə teatra dəvət gələndə 20 yaşındaydım. Bir çox sənətçilər kino ilə teatrı ayrıd edirlər, amma mən teatrda çalışsaydım heç birini ayırd etməzdim.

- Yaşınızın 82 olmasına baxmayaraq çox həyatsevər xanımsınız və bir o qədər də pozitivsiz..

- Heç bir zaman kimisə tənqid və təhqir etməmişəm, kiməsə ağıl verməmişəm. Çünki insanlar sərbəstdirlər. Mənim üçün həyatda 3 pis insan var: “Heyvanlara və qadınlara pislik edənlər, bir də Atatürkə hörmətsiz davrananlar”.. Mən bu tip insanlara qarşıyam. Ətrafımda hər zaman gənclər var, onlarla dostluq edirəm. Onlar zənn edirlər ki, məndən nələrsə öyrənirlər, amma əksinədir, mən onlardan bir çox şeylər öyrənirəm.

- Hansı rollarda oynamaq sizə daha xoşdur?

- Sözün düzü, mən rol seçən aktrisa deyiləm, nə veriblərsə onda da oynamışam. Çünki o mən deyiləm, bir başqasını canlandırıram. İstər mənfi rol olsun, istərsə də müsbət. Son illərdə mənfi obrazlarla yadda qalmışam. Zamanında ən gözəl qadın rollarını oynamışam, indi də ana, nənə rollarını canlandırıram. Rol seçsəydim işsiz qalardım (gülür).



- Müsahibələrinizin birində bildirmisiz ki, “Çalıquşu” filmində Fəridə obrazına siz çəkilməli olduğunuz halda, Türkan Şoray çəkilib... Niyə bəs siz çəkilmədiniz?

- “Altın qəfəs” filminə çəkiləndə filmin direktoru Osman Sedən mənə dedi ki, “Çalıquşu”-nu çəkəcəm və Fəridə obrazını sənə verəcəm. Çünki Fəridə obrazının üzündəki cizgilər uşağı xatırlatmalıdır. 2 dəfə “Çalıquşu” romanını da oxuyub səbirsizliklə filmə çəkiləcəyim günü gözlədim. Amma Fəridə obrazını mənə yox, Türkan Şoraya verdilər. Daha sonra Osman Sedən bu filmdə mənə başqa obrazı verdi, amma qəbul etmədim. Mənə dedi ki, Nilufər sən çox haqlısan! Yanaqlarımdan öpüb, üzr istədi.

- Nilufər xanım, indiki sənətçiləri necə dəyərləndirirsiz?

- Desəm ki, onları mütəmaddi olaraq izləyirəm, yalan olar. Amma arabir seriallarda görürəm. Təbii ki, çox yaxşı aktyor təhsili alırlar, bu bir həqiqətdir. Amma mən onları ayırd edə bilmirəm ki, hansı hansıdır? Hamısı eyni estetik əməliyyatı ediblər, bir-birinə oxşayırlar. Mənə görə kino aktrisası əməliyyat etdirməməlidir. Gənc qızlar əməliyyat etdirirlər, bu onların oyun tərzinə, mimikalarına da yansıyır.



- Siz heç estetik əməliyyat etdirməmisiz?

- Xeyr, heç vaxt! Üzümdə 60, 70 və 80-ci illərin izləri var, onları necə silə bilərəm? (gülür). Mən görünüşümdən heç rahatsız deyiləm, təbii ki, əvvəlki kimi də deyiləm.



- Koronovirusdan necə qorunursuz?

- Həyət evində qalıram, gözəl bağçam var. Özümə söz vermişəm ki, bir ilə yaxın restoranda yemək yeməyəcəm, insanlar içərisinə çıxmayacam. Evdən çölə çıxmıram, pişiklərim var, onlara qulluq edirəm. Günüm bax belə keçir.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.