"ATV telekanalında bir veriliş çəkdik, mən o verilişi izlədikdən sonra imtina etdim"

5-01-2021, 09:05           
"ATV telekanalında bir veriliş çəkdik, mən o verilişi izlədikdən sonra imtina etdim"
Türkiyəyə köçən, fəaliyyətini qardaş ölkədə davam etdirən Azərbaycanlı aktrisa, aparıcı Aysel Nazim Moderator.az-ın suallarını cavablandırıb.

Hazırda Türkiyədə serialların birində baş rolu canlandıran və “Golden Palm” jurnalının magazin müdiri vəzifəsində çalışan Aysel Nazim bizimlə söhbətində gələcək planlarından da danışdı.

- Geridə qoyduğumuz ili necə dəyərləndirirsiniz?

- 2020-ci il pandemiya ilə başladı. Geridə qoyduğumuzun ilin çoxu Aprel ayına qədər demək olar ki, evdə keçdi. Bu müddət ərzində oğlumla kifayət qədər maraqlı zaman keçirdim. Bundan başqa “İnstagram” üzərindən canlı verilişlər aparır, bu verilişlərdə Türkiyənin və Azərbaycanın tanınan simaları ilə söhbət edirdik. 2020-ci ilin ilk aylarını belə xatırlayıram. Bundan başqa pandemiya dönəmində düşünməyə götür-qoy etməyə çox zamanım oldu. Bir çox layihə təklifləri aldım. O dönəmdə Azərbaycandan və Türkiyədən edilən təklifləri tərəzinin bir gözünə qoydum. Nəticədə Türkiyədən gələn təklifləri dəyərləndirdim. Beləliklə, Sentyabrda Türkiyəyə köçməyə qərar verdim. Gəldiyimdən bəri “Golden Palm” jurnalının magazin müdiri vəzifəsində çalışıram. Mavi Karadeniz TV də “Çat kapı” verilişini aparıram. Türkiyədə aparıcı və aktrisa kimi fəaliyyətimi davam etdirirəm. İndi isə hazırda 2021-ci ilin layihəsi olan yeni bir serialda baş rollardan birini canlandırıram. Serial üç qızın həyatından bəhs edir. Üç qızdan biri də mənəm.

- Bəs 2021-ci ildən gözləntiləriniz nələrdir?

- 2021-ci ildən çox böyük gözləntilərim var. İnşallah onlar da həyata keçər. Oğlumu da Türkiyəyə gətirmək istəyirəm. Bilirsiniz ki, o Bakıda təhsil alır, tətildə Türkiyəyə gəzməyə gələcək. İşlərim həddindən artıq çxodur. Təki iş olsun. Dünyada sağlamlıq, azadlıq və firavanlıq hökm sürsün.

- Koronavirusun Türkiyə film və serial aləmində də təsir etdiyi deyilsə də biz ekran vasitəsi ilə türk seriallarını izləyirik. Vəziyyət tam olaraq necədir?

- Koronavirus bu sahəyə təsir göstərməyib. Çünki Türkiyədə serial çəkilişləri davam edir. Çəkilişlərə gedərkən hər gün test olunuruq. Həyat davam edir. Həyat davam etdikcə də koronavirusla yaşamağı öyrənməliyik. Həyatımızı bir evin içinə sığdırmamalıyıq. Yəni insan oğlu həyatını bu şəkildə davam etdirməyə alışmalıdır. Deyilənə görə hələ 10 il koronavirus bizimlə birlikdə olacaq. Təbii ki, mən buna inanmaq istəmirəm. Ən azından həyatımızı artıq evə sığdırmırıq. Çünki yaşamaq üçün çalışmaq lazımdır. Ona görə də işlərə qaldığı yerdən davam edirik. Təhlükəsizlik baxımından bütün qayda və qanunlara əməl edirik.

- Türkiyədəki kino və televiziya sferasının bizdən nə kimi fərqləri var?

- Əlbəttə ki, fərqlər çox böyükdür. Türkiyədəki rejissorlar daha peşəkardır. Bu sözümlə heç kimin xətrinə dəymək istəmirəm. Bakıda olanda bir çox serial və filmlərdən təklif alırdım. Oynadığım “Sayrışan işıqlar” serialını yarımçıq qoydum. Çünki gördüm ki, Bakıda bu sahədə o qədər də inkişaf yoxdur. Qaldığı yerdən davam edir, əksinə daha da aşağı səviyyəyə düşür. Buna görə də bir çox layihələrdən, verilişlərdən imtina etdim. Hətta ATV telekanalında bir veriliş çəkdik. Mən o verilişi izlədikdən sonra imtina etdim.

-İmtina etmənizin səbəbi nə idi?

- Çəkiliş prosesini bəyənmədiyim, gələcəyini görmədiyim üçün davam etmək istəmədim.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.