“Bir sinifdə Məhəmməd adında 5 oğlan olur” – Türkləşdirək

26-01-2021, 20:04           
“Bir sinifdə Məhəmməd adında 5 oğlan olur” – Türkləşdirək
“Bəzən adları belə normal saxlamırlar: "Məmməd, Məmiş, Mamed" deyib nə günə salırlar?!”

Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib. Nazirlikdən verilən məlumata görə, il ərzində oğlan uşaqlarına verilən adlar arasında Yusif, Uğur, Hüseyn, Məhəmməd, Əli qızlara isə Zəhra, Məryam, Mələk və Aylin adları üstünlük təşkil edib. Siyahıya nəzər saldıqda dini adların ön plana çəkildiyini görürük.

Azərbaycandakı ailələrin bir çoxu İslam dini mənşəli adların uşaqlara qoyulmasını yüksək qiymətləndirir. Lakin bunun əksini düşünənlər də var. Bir neçə il əvvəl dini adlara üstünlük verilməsi halları azalmışdı.

Statistik göstəricilərlə bağlı fikirlərini "Sherg.az"la bölüşən millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı diqqətə çatdırıb ki, dinimiz İslam dinidir və belə adlar qoyulmalıdır. Eyni zamanda milli adlarımızı unutmamalıyıq:

"Kitabi-Dədə Qorqud"da və digər dastanlarımızda çox möhtəşəm türk adları var. Millət olaraq həmin adlara üstünlük verməliyik.

Nəzərə almalıyıq ki, dini adlar çox da ucuzlaşdırılmalı deyil. Bir sinfə daxil olursan, 5 nəfər Məhəmməd adında oğlan görürsən. Bəzən adları belə normal saxlamırlar: "Məmməd, Məmiş, Mamed" deyib nə günə salırlar?!

İslamda müəyyən ayrı- seçkiliyi yaya biləcək adlara da ehtiyatla yanaşmaq lazımdır. Elə adlar qoyulmalıdır ki, İslamı birləşdirən faktora çevirsin, ayıran faktora yox".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.