“Nərdin haram olduğuna açıq-aydın dəlil gəlib” - Hacı Qamət
8-02-2016, 12:30
Modern.az saytı dini mövzuda silsilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz “Əbu Bəkr” məscidinin imam camaatı Hacı Qamət Süleymanovdur. Onunla müsahibəni təqdim edirik.
-Necə oldu ki, çoxunun qəbul etmədiyi, böyük bir ictimai qınaq kütləsini gözə alıb öz dilinizlə desək, sələfi oldunuz?
-Bismillahir-Rəhmanir-Rəhim. Atam 1986-cı ildə dünyasını dəyişəndə mənim 16 yaşım var idi. Mən dəfndə mollanı gördüm. Namaz qılanları da ilk dəfə orda gördüm. Açığı bizim ailə dindar olmayıb. Sonra elə oldu ki, dinə olan marağımdan dolayı elə 16 yaşımdan məscidə getməyə başladım. Bütün bunlar mənim ibadətə başlamağıma səbəb oldu. 1986-cı ildə bilirsiniz ki, hələ kommunizm dövrü idi, Azərbaycanda dinə meyllilik elə güclü deyildi. Amma mən yavaş-yavaş dini ədəbiyyatları oxumağa, ərəb dilini öyrənməyə başladım. Əsgərlikdən sonra yenə dinlə məşğul olmağı davam etdirdim. Mən Tovhid əqidəsi ilə bağlı kitabları oxuyandan sonra başa düşdüm ki, mənim axtardığım elə budur.
-Məndə olan məlumata görə, lap əvvəllər şiəlik ideologiyasının daşıyıcısı olmusunuz. Bu məlumat düzdürmü?
-Bəli. Bir neçə ay mən şiə namazı qılmışam. Bu, ilkin vaxtlarda idi. Düzü o zamanlar heç sünni-şiə söhbətlərini bilmirdim.
-Bayaq Tovhid, yəni Allahın bir olması məsələsini dediniz. Amma Tovhid bütün İslam təriqətlərində mövcuddur. Bəs sizi nə vadar etdi ki, sələfiliyə doğru istiqamətləndiniz.
-Mən gəncliyimdə şiələrlə, sünnilərlə, ixfanlarla oturub-durdum. Mən Tovhid barədə onlardan heç nə eşitmədim. Mən Tovhid haqqında birinci dəfə öz təcrübəmdən məlumat aldım. Şiələrlə ancaq imam Hüseynin ölümündən, imamların fəaliyyətindən danışırdıq.
-Bildiyimə görə, sələfiliyin ideya axını Azərbaycana 1990-cı illərin əvvəllərində ayaq açmağa başlayıb.
-Hələ 1990-cu ildən qabaq mən hərbi xidmətdə olarkən bu barədə eşitmişdim. Çox maraqlı idi ki, hərbi hissənin xüsusi bölməsinin əməkdaşlarından biri məni çağırdı. O mənə dedi: “Sən vəhhabisən?”. Mənə maraqlı gəldi. Bunun nə olduğu ilə maraqlanmağa başladım. Sual edirdim ki, bu nə olan şeydir ki, bolşeviklər bundan qorxur? Mənə dedilər ki, sən onlar barədə necə fikirləşirsən? Düzü mən də dedim ki, onlar barədə heç nə bilmirəm.
-İslam təmayüllü məzhəblərin hamısının dinə, Allaha münasibəti eynidir. Lakin, yanaşmada müəyyən fərqliliklər var. Bu detalların olmaması daha yaxşı deyilmi? Çünki özünüz də görürsünüz ki, bu xırdalıqlar bəzən böyük dini düşmənçiliyə gətirib çıxarır.
-Detalların fərqli olması indinin söhbəti deyil. Bu, tarixdən gələn bir şeydir, indi də davam edir. Sadəcə indi detalların düzəldilməsi çətin məsələdir. Çünki, vahid mexanizmin yaradılmasında böyük problemlər var. Amma detallar olsa belə, bu ədavətə gətirib çıxarmamalıdır.
Məsələn, deyirəm ki, Məhəmməd peyğəmbəri, onun ailəsini sevirəm. Mənə xoş olmaz ki, kimsə onu söysün. Hər şeyə hörmətlə yanaşmalıyıq.
-Ancaq imamlara münasibətdə şiələrlə sələfilərdə çox ciddi, hətta böyük mübahisələrə səbəb olan fərqli yanaşma mövcuddur.
-Biz imamları Əhli-beytdən hesab edirik. Düzdür, bizdə şiələrdən fərqli olaraq, imamlara münasibət fərqlidir. Məsələn, bizdə imamların sayı yoxdur. Biz demirik ki, 7 və ya 12 imam var. Biz hamısını Əhli-beyt sayırıq.
-Bir az konkretləşdirməsəniz, mən başa düşməkdə çətinlik çəkəcəm.
-Məsələn, deyək ki, biz 6-cı imamın övladlarını, nəvələrini də Əhli-beyt hesab edirik. Yəni, bizdə Əhli-beyt məhfumu genişdir. Şiə məzhəbində isə Əhli-beyt anlayışı dar çərçivədədir. Fərqlər bundan ibarətdir. Biz də imamları sevirik, onları Əhli-beyt sayırıq. Amma biz müəyyən həddə qədər gedirik və ondan o tərəfə getmirik.
-Etiraf edək ki, cəmiyyətdə sələfilərə, vəhhabilərə olan mövqenin aqressiv olmasında elə sələfilərin özlərinin də böyük rolu olub. Çünki, sizin əqidədə olan adamların bəziləri vaxtında bəzi radikal addımlara getdilər, ifrat çağırışlar etdilər. Amma deyəsən, artıq bu, bir az məhdudlaşıb.
-Bizə müxtəlif adlar verirlər, onlardan biri də vəhhabidir. Bunun səbəbləri var. Birincisi, dini maarifçiliyin zəif olmasından irəli gələn savadsızlıqdır. İkincisi, bəzi məzhəblər dini maarifçiliyin zəif olmasından istifadə edərək bizim çağırışlara cürbəcür adlar verirlər. Biz özümüz radikallığın əleyhinəyik. Kimlərsə gedib haranısa partladırlarsa, bunu bizim adımıza yazırlar. Bizim əqidəmizi bilənlər əslində bizə pis baxmamalıdır. Çünki biz dövlətə qarşı çıxmırıq, insanları öldürməməyə çağırırıq. Əksinə, insanlara qarşı mülayim olmağa çağırırıq. Sadəcə, ola bilsin ki, bu çağırış kimlərinsə maddi işlərinə mane olur. Buna görə də, camaatı bizə qarşı yönəldirlər. Buna baxmayaraq 10 il bundan öncə ilə müqayisədə sələfilərə münasibət yaxşılığa doğru dəyişib. Artıq bizi tanıyırlar ki, radikal, İŞİD, “Əl Qaidə” deyilik.
-Mən dindar olsaydım, məzhəb ideologiyalarının buxovlarının yaratdığı çərçivələr daxilində ibadət etməzdim. Sözümü ona gətirirəm ki, namazın qılınmasında sünnilərlə şiələr arasında fərqlər var. Sünnilər əli bağlı qılır, şiələr isə əli açıq. Vahid bir mexanizm yaratmaq mümkün deyilmi?
-Bəli, sünnilər qolu bağlı qılırlar. Yalnız maliki məzhəbinin bir hissəsi əli bağlı namaz qılır. Problem bilirsiniz nədir? Bu gün əli bağlı namaz qılmağı ancaq sələfilərin üstünə atırlar. Bütün sünnilərə buna görə vəhhabi adı verirlər. Bu, düzgün deyil, savadsızlılıq və qərəzlilikdir.
-Bu fərqi necə aradan götürmək olar?
-Əslində bu mövzu barədə bayaq danışdım. Bu fərq tarixdən gəlir. Bunu indi ləğv edib yerinə alternativ bir şey qoymaq mümkün deyil. Bəs biz nə edə bilərik? Biz heç zaman demirik ki, şiələrin namazı batildir. Biz deyirik ki, qəbul edən Allahdır. Sadəcə, sünni məzhəbinə əsaslanan öz arqumentlərimiz var. Biz deyirik ki, bu cür ibadət yaxşıdır.
-Siyasətçi Sərdar Cəlaloğlu tez-tez dini mövzularla da gündəmə gəlir və deyir ki, Azərbaycan ilahiyyatçılarından dini düzgün təbliğ edən yoxdur. Onun bu fikrini təbii ki, qəbul etməyəcəksiniz, amma bunun niyəsi maraqlıdır.
-Düzü Sərdar Cəlaloğlu mənim üçün maraqlı bir persona deyil. Mən Sərdar Cəlaloğluna və onun kimilərinə məsləhət görürəm ki, dindən danışmasınlar. Çünki dini bilən adam danışmalıdır.
-Qəribə tendensiya var və bunu dilə gətirmək zərurətini hiss edirəm. Mən dindarların sizin bu arqumentinizi başqa ilahiyyatçılara da aid etdiyini görürəm. Məsələn, kimsə də bu müsahibədən sonra ola bilsin deyəcək ki, Hacı Qamətin dindən başı çıxmır, onu niyə danışdırırsınız? Eyni şeyi sələfilər də xoşları gəlməyən ilahiyyatçılar haqqında deyirlər.
-Dini bilən adamlar var. Siyasətin də öz biliciləri var. Hər bir sahənin öz mütəxəssisi var. Əlbəttə ki, din məsələlərində mötəbər, dini bilən adamları danışdırmaq lazımdır. Din mövzusunda dini təhsili olmayan siyasətçiləri ya da başqalarını danışdırmaq düzgün deyil. Sizin sualınıza gəlincə, bu, artıq əqidə məsələsindən irəli gəlir.
-Deyirsiniz ki, hərə öz sahəsi üzrə danışmalıdır. Amma ən çox elə din xadimləri elmə dəxli olan məsələlər haqqında fətvalar verirlər. Bu, elmə müdaxilə deyilmi?
-İslam müasir, dünyəvi elmlərin heç birinin əleyhinə deyil.
-Siz Mədinə Universitetində təhsil almısınız. İstərdim ki, bu barədə də bir az danışasınız.
-1993-cü ildə sənədlərimi verdim, imtahan verdim, qəbul olundum. 5 il təhsil aldım. Ondan qabaq da Sudanda bir il oxumuşdum.
-“Quran”da İslamdan savayı başqa bir dindən olanlar qəbul edilmir. Yəni, xristianlar, yəhudilər o biri dünyada əzab çəkənlərdənmi olacaq?
-Məhəmməd peyğəmbər deyib ki, məndən sonra kimsə məni peyğəmbər kimi qəbul eləməsə, cəhənnəmə daxil olacaq. Amma peyğəmbərimiz gəlməzdən qabaq, İsanın, Musanın dəyişilməmiş dinində qalanlar cənnətə düşəcək.
-Sizin təkfirçilikdə ittiham etdiyiniz Əlixan Musayevlə əlaqəniz necədir?
-İndi onunla heç bir əlaqəm yoxdur. Əvvəl bir universitetdə təhsil almışıq. Əlixan Musayev xəvaricilər barədəki mövqeyində zəiflik nümayiş etdirmişdi. Buna görə də mən onu tənqid etdim. Bununla da söhbət bitdi.
-Azərbaycan dünyəvi dövlətdir, dindarla yanaşı, ateistlər də öz fikrini bəyan edir. Ateistlərə olan münasibətiniz maraqlıdır.
-Ateistlər birmənalı olaraq kafirdirlər. Onlara tövsiyəm budur ki, tövbə eləsinlər. Həyat qısadır. Bu fürsətdən istifadə edib, Allahın dininə qayıtsınlar. Əks təqdirdə, kafirlər, ateistlər əbədi cəhənnəmlikdir.
-Biri yaxşı bir insandırsa, amma sadəcə düşüncəsində ateistdirsə, o da cəhənnəmə düşəcək?
-İnsan olmaq başqa şeydir, Allahı tanımaq isə başqa bir şey. Ateistləri heyvanlarla müqayisə edərdim. Heyvanların içərisində yaxşıları da var, vəhşiləri də. Heyvan heyvandır. Yaxşılıq o demək deyil ki, o nəsə nicat tapacaq. Yaxşı insan yaxşıdır, amma Allahı inkar etmək düzgün deyil. Yaradanı inkar etmək olmaz.
-“Quran”da donuz əti, leş, qan haram buyurulur. Bu öz yerində. Amma bəzi din alimləri oyunlarla bağlı da fətva verirlər. Deyirlər ki, məsələn şahmat, domino, dama da haramdır.
-Domino, dama oynamaq olar. Amma şahmat məsələsində alimlər ixtilaf ediblər. Şahmatı haram bilən alimlər həzrəti Əlidən gəldiyi deyilən bir rəvayətə istinad edirlər. Onlar deyirlər ki, şahmat oyunundakı bütlər ətrafında fırlanırsınız. Lakin bəzi alimlər deyir ki, haram deyil. Onların arqumenti budur ki, imam Əlidən gəldiyi iddia olunan bu rəvayət səhih deyil.
Mən həmişə deyirəm ki, damaya üstünlük verin. Domino da olar. Amma nərdin haram olduğuna açıq-aydın dəlil gəlib.
-Niyə görə?
-Məhəmməd peyğəmbər səhih hədisində bunu qadağan edib. Peyğəmbərimiz buyurub ki, nərd oynayan elə bil ki, əlini ətinə basır. Ola bilsin ki, zərə görə belə deyilib. Amma dominonu, damanı da həddində oynamaq lazımdır. Bu, ibadətdən çəkindirməyə gətirib çıxarmalı deyil. Ədavətə gətirib çıxarmamalıdır.
-“Mister Hemferin xatirələri” adlı bir kitab var. Burada ingilis casusu Hemfer kəşfiyyatın əli ilə vəhhabiliyin necə yaranması barədə söhbət açır...
-O, nağıldır. Heç İngiltərənin elə bir casusu olmayıb. Düzü mən oxumamışam o kitabı, amma dostlar-tanışlar araşdırdılar, gördülər ki, bu, boş söhbətlərdir.
-Ailənizdə hamı dindardırmı?
-Əlhəmdülillah, ailəmdə hamı müsəlmandır.
-“Əbu Bəkr” məscidinin açılacağına ümidiniz varmı?
-Bizim ümidimiz var ki, dövlət “Əbu Bəkr” məscidini açacaq. Bizim məscid daim dövlətin siyasətini dəstəkləyib, dövlətə qarşı olanları pisləyib. Ona görə də bizə qarşı terror oldu. Mənə elə gəlir ki, Əbu Bəkrin açılması dövlətin də xeyrinə olar.