SOCAR 6500-dən çox şəxsə iş verəcək - Bu böhran vaxtında...
8-02-2016, 20:32
teref.az - SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyevin "APA-Economics"ə müsahibəsini təqdim edir:
- Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması tapşırığını verib. Bir çox qurumlarda bununla əlaqədar aktiv iş aparılır. Ölkəmizin ən böyük dövlət şirkəti olan SOCAR-da bu istiqamətdə görülən tədbirlər haqqında nə deyə bilərsiniz?
- Hələ ötən il regionlar üzrə aparılan geniş qazlaşma proqramının nəticəsi olaraq “Azəriqaz” İB-də 550 nəfər əlavə işçiyə tələbat yarandı və biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikamızın bütün ərazisini əhatə edən genişmiqyaslı bir layihə reallaşdırdıq. Regionlarda Məşğulluq Xidmətlərində qeydiyyatda olan şəxslər bizim mütəxəssislər tərəfindən müvafiq təlim kursları keçirilməklə imtahan verdilər və onlardan ən yüksək nəticə göstərmiş 365 nəfəri “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə daimi işlə təmin olundu, daha 220 nəfəri isə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edildi, sonradan onların da arasından yüzdən çoxu eyni ixtisas üzrə işə götürüldü.
Bu dəfə isə regionlarda yaranmış əlavə iş həcmləri araşdırılıb və bir il müddətində həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilib. Beləliklə, 6509 nəfərin işə cəlb olunması qərara alınıb. İş yerləri haqqında məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Artıq Nazirliyin yerli Məşğulluq Xidmətləri ilə SOCAR-ın müvafiq strukturlarının - “Azəriqaz” İB (5196 vakant yer), “Qaz İxrac” (1000 vakant yer) və Nəqliyyat İdarələrinin (313 vakant yer) üzərinə düşən öhdəliklər də müəyyənləşdirilib.
- İşə qəbul mexanizmi necə olacaq? Əvvəlki kimi iş üçün müraciət edənlər təlim keçdikdən sonra imtahan verəcəklər?
- Xeyr, bu dəfə mexanizm fərqli olacaq. Artıq SOCAR tərəfindən ayrı-ayrı peşələr üzrə müəyyən edilmiş müddətli vakansiyaların rayonlar üzrə bölgüsü Nazirliyə təqdim olunub. Regionlardakı Məşğulluq Xidmətləri həmin peşələr üzrə müddətli vakansiyalara işə qəbul olunmaq üçün lazım gələn işçiləri müəyyənləşdirərək, şirkətin aidiyyatı strukturlarına təqdim edəcək. Müvafiq işəgötürənlər həmin namizədlərlə “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə 5 günlük kurslar keçəcək və onlarla müqavilə imzalayacaqlar. Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. SOCAR-da işə qəbul prosesi əmək qanunvericiliyinə və şirkətdaxili standart və qaydalara əsasən, müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqələr İnsan Resursları Departamenti tərəfindən təşkil edilir və aidiyyəti sahə mütəxəssislərinin iştirakı ilə aparılır. Bu da işə qəbulda şəffaflığın təmin edilməsi ilə yanaşı peşəkar kadrların üstünlük qazanmasına imkan yaradır. Bu layihə çərçivəsində isə işə qəbul edilənlərlə müqavilə Məşğulluq Xidmətlərinin göndərişləri əsasında həyata keçiriləcək. Yəni, Məşğulluq Xidmətinin göndərişi bizim işəgötürənlər üçün əsas olacaq.
- Bu vətəndaşların gələcəkdə SOCAR-da daimi işçi kimi çalışmaları üçün perspektivlər varmı?
- Bu, əsas məsələlərdən biridir. Gələn il proqnozlarımıza görə, 1000 nəfərə yaxın daimi işçiyə ehtiyac yaranacaq. Bu insanların imkanı olacaq ki, işlədikləri sahələrdə yaxşı təcrübə qazansınlar, özləri haqqında müsbət rəy formalaşdırsınlar və lazımi biliklərə yiyələnsinlər. Çünki, bu, bir sosial layihədir və həmin 6509 nəfər birillik işə cəlb olunacaqlar. Sonda anlaşılmazlıq yaranmaması üçün bir daha xatırlatmağı vacib sayıram. SOCAR-ın strukturları üzrə daimi əsaslı və müsabiqə yolu ilə bağlı vakansiyalar şirkətin veb-saytında, (www.socar.az) “karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur və müsabiqə qaydaları haqqında ətraflı məlumat da həmin bölmədə yerləşdirilib.