“10 saatlıq montajla 5 dəqiqəlik saxta material yaydılar” – Fərəc Quliyevdən Etibar Əliyevə CAVAB
2-03-2021, 15:44

Milli Məclisin üzvü Etibar Əliyev sabiq millət vəkili Fərəc Quliyevın oğlu Mətin Quliyev haqda iddialar səsləndirib. O bildirib ki, sosial şəbəkələrdə özünə qarşı çirkin kampaniya həyata keçirilir və bunun təşkilatçısı deputat seçkilərində alternativi Fərəc Quliyevin oğlu Mətin Quluyevdir. Etibar Əliyev həmçinin iddia edib ki, “facebook” da onu təhqir edən “Əbulfəz Babasoy” profili də Mətin Quliyev tərəfindən idarə olunur.
Millət vəkilinin səsləndirdiyi iddialara Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev cavab verib.
KONKRET.az-a açıqlamasında Fərəc Quliyev qeyd edib ki, Etibar Əliyev əsassız söhbətlər danışır: “Həmin şəxs deputatdır və bunun məsuliyyətin dərk etməlidir. Hətta iddia edir ki, fake profillə onu təhqir edirlər və bu Mətin Quliyevdir. Bu qədər əsassız fikir söyləmək doğru deyil. Mətin Quliyev öz adı ilə fikir bildirsə idi, o zaman düşünməyə dəyərdi. Hətta bu gün bir adamın adı ilə fikir paylaşılırsa, onu da arşdırırlar ki, dəqiq kim tərəfindən edildiyini öyrənsinlər. Amma Etibar Əliyev iddia edir ki, fake profil ilə “Əbülfəz Babasoy” adlı adam onu təhqir edib və guya bu Mətin Quliyevdir. Əvvala Mətin Quliyev sərbəst adamdır və müstəqil ailə başçısıdır. Bunu mənim adımla bağlamaq doğru deyil. İkincisi də məni bu məsələyə qatmaqla hansı məqsəd daşıdıqlarını bilirəm. Etibar Əliyev seçki kampaniyasında Mehman Hüseynovla birlikdə mənə qarşı saxta kampaniya yaratdı. Özlərinin də etiraf etdikləri kimi 10 saatlıq bir montajla 5 dəqiqəlik saxta material yaydılar. Bunu “Xural TV”-də Mehman Hüseynov özü etiraf edib. Amma adam Parlamentdə təmsil olunursa, bir az ağayanalığını saxlamalıdır. Əgər Etibar Əliyevin əlində sübutu varsa, o zaman məhkəməyə müraciət etsin. Mən belə şeylərin əleyhinəyəm və övladlarım da söyüşlə məşğul olmurlar, buna əminəm. Amma Etibar Əliyevə belə bir iddia səsləndirməyi yaraşdırmadım və bunun müzakirəsini cəmiyyətin ixtiyarına buraxıram”.