“Günah ərəb turistlərində deyil... ” - AÇIQLAMA

30-03-2021, 08:39           
“Günah ərəb turistlərində deyil... ” - AÇIQLAMA
Bir neçə gün öncə ölkəmizə gələn ərəb turistlərin Qax Dövlət Təbiət Yasaqlığında ov etməsi, nadir quşları ovlaması, bundan əvvəl isə Acınohur çölündə göyərçinləri dronlara bağlayaraq, özlərinin bəslədikləri ov şahinlərinin yeminə çevirməsi ictimaiyyətdə ciddi ajiotaja səbəb olmuşdu.

Bir neçə il öncə də ərəb turistləri ölkəmizə axın edəndə onların davranışları yerli əhali tərəfindən xoş qarşılanmırdı. Həmin zamanlar da ərəb turist mövzusu həm mətbuatda, həm də sosial şəbəkələrdə tez-tez gündəmə gəlir, müzakirə obyektinə çevrilirdi.

Bəs ərəb turistlərini niyə sevmirik?

Bu da bir faktdır ki, dünyada getdiyi ölkələrə ən çox gəlir gətirən turistlər məhz ərəb turistləridir. Ölkəmizə də ərəblər əsasən Bəhreyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbistanından gəlir.

Ov məsələsinə gəldikdə isə istənilən ölkədə ov turizmi turizm potensialının əsas göstəricilərindən biri hesab olunur. Ov məqsədilə ölkəmizə gələn ərəblər öz ölkələrində kral ailələrinin üzvləri, qohumları, dost-tanışlarıdır və onlar ov üçün dövlətə pul ödəyir, kifayət qədər xərc çəkirlər. Belə olan halda ərəb turistlər niyə sevilmir? Problemin kökündə nə dayanır?

AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Partiya sədri qeyd edib ki, ümumiyyətlə, dünyanın heç bir yerində yerli əhali turistləri o qədər də sevmir:

“Çünki bir çox hallarda turistik obyektlər, restoranlar, istirahət mərkəzləri, xidmət sahələri turistləri nəzərə alaraq, fəaliyyət göstərir və bu da bəzən yerli əhalidə qıcıq yaradır. Yəni dünyanın istənilən ölkəsinə getdikdə bunu müşahidə etmək olar, baxmayaraq ki, turistlər getdikləri yerə valyuta qazandırır, iqtisadiyyata xeyir verir.

Lakin Azərbaycanda nədənsə ərəb turistlərinə qarşı xüsusi aqressiya var. Düşünürəm ki, bu həm də ona görədir ki, ölkəmizdə rus-Avropa mədəniyyətinə daha çox üstünlük verilir və bu baxımdan Yaxın Şərqə münasibət bir qədər fərqlidir. Lakin bu bir faktdır ki, ölkəmizə gələn çinli turistlərə qarşı da bəzən bu qıcığı görə bilirdik. Lakin bu çox yanlış bir düşüncədir. Turist milliyyətinə görə deyil, özünün davranış xüsusiyyətlərinə və ya onların gətirdikləri valyutaya və yaxud digər nüanslara görə qiymətləndirilməlidir.

Deyərdim ki, dünyada ən təhlükəli turistlər ingilis turistlər sayılır. Bildiyiniz kimi, bəzi ingilis turistlər xuliqanlıq məsələlərinə görə ölkələrə buraxılmır. Amma bizdə aqressiya daha çox ərəblərə qarşıdır. Bir daha qeyd edirəm ki, bu da yanlış yanaşmadır. Əgər gələn turist ərəbdirsə, barəsində “mütləq şəkildə tərbiyəsiz və kobuddur” deyə bilmərik. Sadəcə, “ərəb turist” məsələsi bir qədər qabardılır və yaxud şişirdilir. Düşünürəm ki, bütün bunların hamısını Mədəniyyət Nazirliyi, Turizm Agentliyi tənzimləməli və qaydasına qoymalıdır. İstənilən turistə qarşı aqressiya müsbət hal deyil. Dövlətin turistlərə köklənməsi də doğru deyil. Yəni yerli əhali “üst” olmalıdır, dövlətin öz əhalisinə qarşı münasibəti turistdən üstün olmamalıdır. Ən yaxşı yeri, xidməti, istirahəti turistə verib, yerli əhaliyə pis münasibət göstərmək qətiyyən olmaz. Yəni bütün bunların hamısı tənzimlənməlidir.

Daha bir məsələ, bizim turizm sahəsində təcrübəmiz o qədər də çox deyil. Əvvəllər ölkəmizə yalnız MDB ölkələrindən turistlər gəlirdisə, yalnız son illərdə dünya ölkələrindən turistlər axışmağa başlamışdı.

Ölkəmizdə ərəblərlə bağlı baş verən son hadisə ilə bağlı isə onu qeyd edə bilərəm ki, karantin dövründə birdən-birə 20-30 ərəbin minlərlə km yol qət edib, ölkəmizə gəlməsi və burada rahat şəkildə hərəkət etməsi, ov ovlayıb, quş quşlaması ictimaiyyətimizdə ikiqat aqressiya yaratmış oldu. Əminəm ki, həmin qanunsuz ovlar ingilis turistlərin çadrlarında aşkarlansaydı da bu cür reaksiya olacaqdı".

Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür şərh bildirdi: “İlk növbədə qeyd edim ki, bu çox həssas mövzudur və onu bu qədər səs-küyə salmaq yaxşı deyil. Bəli, ərəb turistlərin davranışlarında bizim xoşumuza gəlməyən cəhətlər var. Biz bunu tez-tez mətbuatda da oxuyuruq. Amma bu, ərəb turistlərinin günahıdır? Nədənsə bu sualı özümüzə vermirik. Sanki ictimaiyyətdə vəhşi bir ərəb obrazı yaratmışıq”.

Sosioloq deyir ki, turistlər ölkəyə gəldikdə, müvafiq qurumların borcudur ki, yerli şəraitdə davranış barəsində onlara kifayət qədər məlumat versin: “Xatırlayıram ki, gənclik illərimdə MDB ölkələrinə səfər edəndə hər getdiyim yerdə mənə xəbərdarlıq edirdilər ki, yerli əhali nəyi qıcıqla, pis qarşılayır. İndi ölkəmizə gələn ərəblərə də təlimatlar verilməlidir, bildirilməlidir ki, hansı davranışları yerli əhalidə qıcıqla qarşılana bilir. Turist axı həm də eyni zamanda bizim qonağımızdır və o, heç də təsadüfən ölkəmizin qonağı olmayıb. Biz ərəb turistlərini qıcıqla qarşılayanda və ya incidəndə ərəb dünyası ilə bizim aramızda gərginlik yarana bilər. Bunu nədənsə yaddan çıxardırıq. Biz dünya müsəlman aləmi ilə münasibətlərimizi daha da yaxşı etmək əvəzinə, kifayət qədər imkana, geniş şəbəkəyə malik ərəbi küçədə belə məsxərəyə qoyuruq, onları ”dəli" kimi qələmə veririk. Bu, müsəlman birliyini istəməyənlərin də maraq dairəsindədir. Beləliklə, onlar da istəyir ki, bizim aramızda yaxınlaşma olmasın, əksinə, gərginlik baş versin. Ona görə də bu məsələyə çox həssas yanaşmaq lazımdır.

Bir daha qeyd edirəm ki, bu məsələdə günahı mən ərəb turistlərində deyil, onları ölkəyə dəvət edən turizm şirkətlərin də və yaxud ayrı-ayrı şəxslərdə görürəm. Turistlərə məlumat verilməlidir ki, onlar qanunla harada ov edə bilər, hansı heyvanların ovu qadağandır və sairə".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.