"2 metrlik heykəli elə yerdə ucaldacağıq ki, 4 metr hündürlüyündəki kimi görünəcək və..."

13-05-2021, 09:12           
"2 metrlik heykəli elə yerdə ucaldacağıq ki, 4 metr hündürlüyündəki kimi görünəcək və..."
"2 metrlik heykəli elə yerdə ucaldacağıq ki, 4 metr hündürlüyündəki kimi görünəcək və..."
Xalq rəssamı, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli sənətkar Ömər Eldarov Moderator.az-ın suallarını cavablandırıb.

- Ömər müəllim, bir müddət əvvəl koronovirusa yoluxmuşduz. Hazırda özünüzü necə hiss edirsiz?

- Bu həqiqətən də çox pis virusdur. Düzdür, yoluxmuşdum, amma indi normalam. Sadəcə olaraq bir az təngnəfəslik və yaddaş pozğunluğu qalıb.

- Harada yoluxmuşduz virusa?

- Xəstəlik yayılmağa başlayandan mən sözün əsl mənasında izolyasiya olunmuşdum, heç bir yerə getmirdim. Heç bilmirəm virusa harada yoluxmuşam. Rəssamlıq Akademiyasına da nadir hallarda gedib -gəlirəm. Özümü qorumağa çalışıram.

- Bildiyim qədərilə hal-hazırda Xalq artisti Müslüm Maqomayevin heykəlini hazırlayırsız. İşlər nə yerdədir?

- Bir ildir ki, biz bu heykəllə məşğuluq. Soruşa bilərsiz ki, niyə belə çox? Mən bu heykəlin üzərində 2 ay işləmişəm, bu müddətdə hazır idi. Mənə dedilər ki, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya nə vaxt desə ki, tam hazırdır, oxşayır, iş bitmiş sayılır. Mənə bəzi sadə düzəlişləri etməyimi söylədi. Yenə də heykəlin şəkilini çəkib ona göndərdik, dedi ki, ayaq hərəkəti düz qoyulmayıb. İstədiyi kimi ona göndərdik, daha sonra öz bildiyim kimi hazırlayırdım. Mənə elə gəlir ki, bu sahəni Tamara xanımdan çox bilirəm.

- Heykəl nə vaxt hazır olacaq və harada qoyulacaq?

- Hal-hazırda heykəl hazırdır və bürüncdən tökülmək üçün emalatxanadadır. Heykəl Dənizkənarı Milli Parkda ucadılacaq. Təxminən Kukla teatrı tərəflərdə. Pilləkən tikiləcək və o pilləkəndən heykələ çıxış olacaq. Heykəl ümumilikdə 2 metrdir, amma biz onu elə yerdə ucaldacağıq ki, heykəl 4 metr hündürlüyündəki kimi görünəcək. Ondan arxada görünən 25-30 mərtəbəli binalar heykəlin kölgəsində qalacaq.

- Müslüm Maqomayevlə həyatda tanış idiniz?

- Mən Müslümü 1-2 dəfə görmüşdüm, çox səmimi və sadə insan idi. İnsanlarla tez ünsiyyətə girən biri idi. Üzü hər zaman gülərdi, alnı qırışdanardı. Bu cizgiləri heykəldə təsvir etmək çox çətin idi. Çox da yaraşıqlı insan idi. Onun şəkilləri çoxdur, amma mən istədim ki, onu əllərini açıb oxuyan yerdə heykəldə təsvir edim. Çünki o şəkillərinin bir çoxunda da məhz elə düşüb.

- Başqa hansı sənətkarların heykəllərini hazırlayacaqsız?

- SSRİ Xalq artisti Arif Məlikovun da heykəlinin ilkin varinatını hazırlamışam. Arif müəllimi pianonun arxasında elə təsvir etmişəm ki, elə bil bu dəqiqə pianonun qarşısına keçib, hansısa musiqi əsərini ifa edəcək. Heykəlin sağ və sol hissəsindəki çıxıntılarda isə onun məşhur baletlərindən kompozisiyalar yer alıb. Bu heykəl isə Bakı Musiqi Akademiyasının həyətində ucadılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.