“Bu, vaksinasiyaya məcburi təşviqdir” - BAŞQA ADI YOXDUR...

26-07-2021, 19:34           
“Bu, vaksinasiyaya məcburi təşviqdir” -
Sentyabr ayının 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün 18 yaşdan yuxarı şəxslərdən COVID-19 pasportu tələb ediləcək. Bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilir.

25 iyul 2021-ci il tarixində vaksinasiya ilə bağlı açıqlanan statistikaya görə, ölkəmiz üzrə ümumilikdə 4 milyon 563 min 897 nəfər peyvənd olunub. Bunlardan 2 milyon 654 min 76 nəfər 1-ci doza, 1 milyon 909 min 821 nəfər isə 2-ci doza COVID-19 peyvəndini qəbul edib.

Statistikanı nəzərə alsaq, sentyabr ayının 1-nə qədər 18 yaşdan yuxarı şəxslərin COVID-19 paspotu ala bilməsi üçün peyvəndlənməsini təşkil etmək mümkün olacaqmı? Əhali arasında peyvəndə inamsız yanaşan, əks təsirlərindən ehtiyat edən, eləcə də effektivliyinə şübhə ilə yanaşan insanları bu prosesə cəlb etməyə nail olunacaqmı?

AYNA bu və digər suallardan yola çıxaraq, həkim-farmakoloq Müşfiq Hüseynovla həmsöhbət olub.

- Doktor, peyvəndlənmə ilə bağlı yeni qərara münasibətiniz necədir?

- Bu, dünyada qəbul olunmuş praktikadır. Haradasa düzgün qəbul edilmiş qərar hesab etmək olar. Sadəcə işçilərlə bağlı 80-20 nisbəti anlaşılmazdır. Çünki məsələn, bir restoranda 80% işçi peyvənd olunubsa, yerdə qalan 20% peyvənd olunmursa, belə çıxır ki, onlar başqalarını yoluxdura bilərlər. 18 yaşdan yuxarı hər kəsdən müəyyən edilmiş yerlərdə pasport tələb edilməsi yaxşıdır. Bu, vaksinasiyaya məcburi təşviqdir.

- Sentyabr ayının birinə bir aydan bir neçə gün artıq qalıb. Bəs, sizcə, bu müddətdə 18 yaşdan yuxarı şəxslərin peyvənd olunmasına nə qədər nail olunacaq?

- Ölkədə kifayət qədər vaksin varsa, bu gün vaksin olundun, ya sabah - bir fərqi yoxdur. Mən ilk gündən demişəm, vaksinasiyanın tərəfdarıyam. Sentybar ayının birinə qədər böyük qismin peyvənd olunmasına qaldıqda isə peyvənd vurulan poliklinkaların, səyyar məntəqələrin sayını artırmaq lazımdır ki, bunu bacaraq. Bu, dövlət hesabına edilən bir şeydir. Əslində bunu əvvəldən etmək olardı. Peyvəndləri özəl klinikalara, universitetlərə də paylamaq olar. Məsələn, dərslər başlamazdam əvvəl tələbələr gedib vaksin oluna, yeni tədris ilinə başalaya bilərlər. COVID-19 testi ilə bağlı da bu problem var. Ancaq bir neçə klinikada test etdirmək mümükdür. Bununla bağlı da ciddi narazılıqlar var.

- Ümumilikdə bu günə qədər ölkəmizdə vaksinasiya prosesindəki sürəti necə dəyərləndirirsiniz?

- Burada əhalidən də çox şey asılıdır. Hələ də bir qism insan vaksinasiyaya neqativ yanaşır. Bunun da səbəbi insanların inandırılmaması, bu istiqamətdə KİV-lərdə təbliğat işinin yaxşı qurulmamasıdır. Şayiələr çox tez yayılır. İnsanlar psixoloji olaraq mənfi fikirlərə daha tez inanırlar, nəinki müsbət fikirlərə. Bu virus artıq bitmək üzrədir. Vaksinasiya prosesini də bir qədər gücləndirsək, buna daha tez nail olaraq. Hər yer açıqdır, toylar keçirilir, bir çox yerlərdə sosial məsafə qaydasına əməl olunmur. Lakin fikir versək, görərik ki, bunlara baxmayaraq, vaksinasiya olunanaların sayında artım müşahidə ediləndən, buna paralel olaraq yoluxma sayında elə də ciddi artım müşahidə edilmir. Keçmiş SSRİ məkanında vaksinasiya prosesi ən sürətli bizdə gedir. Elə ölkələr var ki, vaksin çatışmır. Bizdə isə belə bir problem yoxdur. Dövlətin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir. Bu işin öhdəsindən gəldilər. İnsanlar bilməlidirlər ki, vaksinasiya o demək deyil, sən yoluxmayacaqsan, sadəcə olaraq yoluxsan, yüngül keçirəcəksən.

- Cəmiyyətdə inamsızlıq məsələsinə toxundunuz. “Delta” ştammında peyvəndlərin effektiv olmaması ilə bağlı çox fikirlər səslənir. Bu da insanlarda inamsızlıq yaradır, “peyvənd məni yeni ştamlardan qorumayacaqsa, niyə vurdurum?”, - deyə sual verirlər...

- Bəli, bizə vurulan “Sinovac” peyvəndi “Delta” ştammına qarşı effektiv deyil. Bunu Çinin özü də açıqlayıb. Orada üçüncü dozada “BioNTech” peyvəndinin vurulması qərara alınıb. Bizdə də bildiyim qədərilə oktyabr ayından başlayaraq üçüncü dozanın vurulması ola bilər. Lakin üçüncü doza da “Sinovac” olacaqsa, bunun mənası yoxdur. Şəxsən özüm mart ayında “Sinovac” peyvəndini vurdurmuşam, COVID-19-a qarşı immunitet testi vermişəm, immunitet yox kimidir. Mənim şəxsi immunitetim kifayət qədər güclü olduğundan yoluxmamışam. Belə olmasaydı, yoluxacaqdım.

- Onda mütləq üçüncü doza başqa peyvənd olmalıdır?

- Yəqin ki. Üçüncü doza ya “BioNTech”, ya “AstraZeneca”, ya da “Pfizer” olmalıdır ki, virusa qarşı güclü immunitet yaransın. Bizdə yaxın müddətdə sutkalıq yoluxma sayının 2 minə-filan çatacağını gözləmirəm. Ola bilsin, avqustun sonu, sentyabrın əvvəlinə yoluxma sayı artsın, amma ümumilikdə bizdə epidemioloji vəziyyət yaxşı səviyyədədir. Bunun da səbəbi vaxtında başlanan vaksinasiya və kifayət qədər insanın peyvəndlənməsidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.