"Azərbaycana qarşı həmlə: Qərb və İranın məqsədi..." - Müsahibə

21-10-2021, 10:07           
"Azərbaycana qarşı həmlə: Qərb və İranın məqsədi..." - Müsahibə
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər hazırda hansı səviyyədədir?

- Avropa İttifaqının istəyi ondan ibarətdir ki, Azərbaycanla post-konfilikt şəraitində etimadını hansısa bir şəraitdə artırsın. Bunun üçün mümkün layihələr irəli sürür. Bu layihələrin nədən ibarət olduğu hələ tam bəlli deyil. Amma İttifaqın belə bir niyyəti var. O cümlədən kommunikasiyaların bərpası ilə bağlı fikirlər mövcuddur. Təəccüblüdür ki, Avropa İttifaqının planlarının böyük bir hissəsi Ermənistana aiddir.

- Aİ Ermənistana 2,6 milyard yardım ayırdı, Azərbaycana isə 150 milyon dollar. Bu rəqəmlər də əslində necə yanaşma sərgiləndiyini göstərmirmi?

- Sözsüz, bunlar ikili standartaların göstəricisidir. Həm də bilirlər ki, Azərbaycan iqtisadi baxımdan güclü bir ölkədir. Azərbaycanın imkanları, pulu var deyə belə bir yanaşmanın da olması mükündür. Əslinə qalsa, onlar heç vaxt Azərbaycana nəsə bir yardım etməyiblər. Bu təcrübəni də davam etdirirlər. Müxtəlif proqramlarda da bu hal baş verir. Şərq Tərəfdaşlığı proqramında da belə bir vəziyyət var. Azərbaycanın payına düşəcək hansısa kreditlərin, proqramların həcmi digərlərindən qat-qat aşağı səviyyədə nəzərdə tutulur. Bu da təzə bir mövzu deyil.

- AŞPA və digər beynəlxalq qurumlarda Azərbaycan və Türkiyəyə qarşı absurd məsələlər gündəmə gətirilir. O qurumlar reallığı anlamırlar, yoxsa?

- Hazırda Avropa qurumlarında bəzi problemlər yaşanır. Brexitdən sonra bu hal daha geniş bir xarakter alıb. Böyük Britaniya bu qurumdan çıxandan sonra vəziyyət daha da pisləşib. Həmçinin hazırda Almaniya və Fransa arasında yumşaq dillə desək rəqabət mövcuddur. Ona görə də biz bir çox hallarda görürük ki, Fransa xarici siyasətinə uyğun sənədlər və qətnamələr qəbul edilir. Bu da bir növ Fransanın yaranmış vəziyyətə olan yanaşmasıdır. Eyni zamanda bu, Fransa tərəfindən Azərbaycana qarşı təzyiq siyasətinin də bir hissəsidir.

Bir sıra beynəlxalq təşkilatları "bəyanatlar fabrikası" da adlandırmaq olar. Onların proseslərə real təsir imkanları məhduddur. Sadəcə bunlar cəhdlərdir. Bu təşkilatların bəyanatlarının bölgəyə heç bir təsiri yoxdur.

- Paşinyan MDB sammitində kommunikasiyaların açılmasının lübüdlüyündən danışdı. Bunu erməni tərəfin sülh üçün ilk addımı kimi qəbul etmək olarmı?

- Hazırda Ermənistanda siyasi elitanın vəziyyəti olduqca mürəkkəbdir. Ermənistanda hazırkı dönəm üçün ruspərəst və qərbpərəst mövqelər arasında toqquşma gedir. Sadəcə erməni tərəfi həmişəki kimi çalışır ki, iki stulda eyni zamanda oturmağa nail olsun. İndiyə kimi Avropa qurumları Ermənistanı mümkün qədər özlərinə tərəf çəkmək istəyirdilər. MDB-də ermənilər çalışdılar ki, özlərini daha çox Rusiyapərəst kimi göstərsinlər. Amma artıq Rusiya da hər şeyi başa düşür. Ermənilərin də bu cür cəhdlərinə tənqidi yanaşırlar. Kommunikasiyaların açılması ilə bağlı məsələ mövcud razılaşmada əks edilib. Bu da onu göstərir ki, dəhlizin açılmasında maraqlı tərəflərdən bir də Rusiyadır. Bununla bağlı o vaxtlar da müxtəlif təhlillər var idi. İzah edilir ki, Rusiya nəyə görə bu dəhlizin açılmasında maraqlıdır. Rusiya həmçinin çalışırdı ki, Zəngəzur dəhlizi öz nəzarətində qalsın. Rusiyanın əsas marağı Şimal-Cənub dəhlizinin istifadəsidir. Zəngəzur dəhlizi işə düşsə, İranın dəmir yolları ilə mühüm bağlantı yaranacaq. Bu bağlantı vasitəsilə yüklər Skandinaviyadan Fars körfəzinə qədər daşınacaq. Həmçinin Ermənistan da bu dəhlizin açılması ilə qazanc əldə edəcək. Sadəcə onlar indiki halda düşünürlər ki, bu məsələdən mümkün təzyiq kimi istifadə edilsin. Məsələnin məhz bu qədər uzadılması da bundan qaynaqlanır. Amma Azərbaycan, Türkiyə və Rusiyanın mümkün təzyiqləri nəticəsində Ermənistan məcbur edilir ki, dəhliz barəsində müsbət ritorikadan çıxış etsin.

- Zəngəzur dəhlizinə qarşı Qərb və İranı hansı amillər birləşdirir?

- Qərb sözsüz ki, istəməz ki, Şimal-Cənub dəhlizi işlək hala düşsün. Bundan öncəki İran administrasiyası da bu dəhlizin açılmasının tərəfdarı idi. Bununla bağlı görüşlər də təşkil edilmişdi. Xüsusən də Şimal-Cənub dəhlizinə aid mühüm görüşlər keçirilmişdi. Azərbaycan, Rusiya və İran prezidentlərinin də bununla bağlı mövqeyi var. Amma indiki İran hakimiyyəti bu prosesə əks mövqedədir. Bu da daxili ziddiyətlərlə izah olunur. Hazırda İranda keçmiş prezidentin özünə cinayət işi açılıb, onun qohumlarının bir neçəsi həbs edilib. Ona görə də istisna edilmir ki, Şimal-Cənub dəhlizinin Zəngəzur hissəsinə aid məsələ heç də İranın marağı kimi deyil bu ölkə daxilində qruplaşmaların rəqabəti kimi izah oluna bilər. Bu gərginliklər göstərir ki, ölkə daxilində qarşıdurmalar var.

- Sizcə, İran bu mövqeyini nə zamana qədər davam etdirmək niyyətindədir?

- İndiki mərhələdə İranın sərgilədiyi mövqe heç də uzunmüddətli olmayacaq. Şimal-Cənub dəhlizinin açılması hər bir tərəfə öz xeyrini verəcək. Azərbaycan üçün bu çox önəmlidir. Naxçıvanla təhlükəsiz bir əlaqə yaranacaq. Hətta nəzərdə tutulur ki, mümkün dəmir yolu xətti Türkiyəyə qədər uzadılacaq. Ona görə də bəzi Qərb dairələri sözsüz ki, istəməz ki bu dəhliz işlək vəziyyətdə olsun. Bunun da nəticəsidir ki, Gürcüstan da buna elə də meyilli görünmür.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.