İllər əvvəl vətəndaşlara ödənmiş pensiyaları geri almaq hüquqi olaraq mümkündürmü? - Sahil Babayevin fikirlərinə ekspert rəyi..
13-11-2021, 19:44

Hüseyn Axundov: “Saxta pensiyaların geri alınması mexanizmi olduqca çətindir”
“Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğin qanunvericilik çərçivəsində minimum tutulmalarla geri qaytarılması məsələsi müzakirə edilir”. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib.
Nazir bildirib ki, əsassız pensiyalarla bağlı ötən illər ərzində hər il 250-270 vəzifəli şəxsə cinayət işi açılıb, o vəzifəli şəxslər işdən də qovulub, cinayət tədbirləri görülüb: “Çox böyük məbləğdə mənimsəməyə yol verilib. Artıq əsassız pensiya və müavinətlərin qarşısı tam alınır. Ötən illər ərzində mənimsənilmiş vəsaitin geri qaytarılması məsələsi müzakirə olunur. Qanunvericiliyin imkan verdiyi halda vətəndaşlara ödəmələrdən minimal məbləğdə tutulmaların olmasına dair müzakirələr aparırıq” . - deyə, nazir bildirib.
Maraqlıdır, əsassız pensiya alanlardan həmin məbləğ necə geri qaytarılacaq?
Hüquqşünas Hüseyn Axundov bildirdi ki, saxta pensiyaların geri alınması mexanizmi olduqca çətindir: “Pensiya təyinatı saxta olubsa da belə, həmin vəsait artıq ödənilib. Saxta pensiya o deməkdir ki, onu alanlar pensiya almaq hüququ olmadan pensiya alıblar. Əgər saxta pensiya verilibsə, bu, artıq onu verənin məsuliyyətidir. Burada qeyri-rəsmi ödənişlər olub. Eləcə də qanun pozuntusu baş verib”.
Həmsöhbətimizin sözlərinə görə, əsassız pensiya ödənişinin geri alınması məhkəmə yolu ilə mümkün ola bilər: “Məhkəmə qərarı ilə hər hansı cərimələrin müəyyən olunması, yaxud vəsaitin geri qaytarılması ilə bağlı mexanizm qurula, yaxud belə bir mexanizmlə bağlı qərar verilə bilər. Əslində həmin vəsaiti bu sənədləri tərtib edənlər ödəməlidir. Yəni qanunsuz şəkildə vətəndaşa ödəniş təyin edənlər bunu bilərəkdən, rüşvət və başqa maraqlara görə ediblərsə, həmin vəzifəli şəxslər bu vəsaiti ödəməlidirlər”.