“Səni qan çıxana qədər qamçılayacaqlar...” - Əfqanıstanda arağı rublla necə aldım? - Reportaj

16-11-2021, 07:52           
“Səni qan çıxana qədər qamçılayacaqlar...” -
- Kabildə bir şüşə viskini haradan almaq olar?

Əfqan tanışım Əhmədin sifəti dərhal ağardı və pıçıltı ilə danışmağımı istədi.

- Bu, təhlükəlidir. Qamçı ilə qanın çıxana qədər 10 zərbə ala bilərsən, sonra isə ölkədən qovularsan. Onu satan isə külli miqdarda cərimə ödəyərək 3 aylıq həbsə düşə bilər və 60 qamçı zərbəsi ilə cəzalandırılar. Bu, çox ağrılıdır. 150 dollara (10 600 rubl), bundan aşağı qiymətə satmazlar.

Əvvəlki amerikapərəst hökumət dövründə Əfqanıstanda rəflərə alkoqol qoyulmazdı - onu yalnız “qara bazarda” əldə etmək mümkün idi. Əfqanıstanın sonuncu yəhudisi Zavulon Simintov verdiyi müsahibəyə görə pulla yox, “maye valyuta” ilə ödəniş tələb edəndə mən qaçaqmalçıların yanına getdim və onlardan yarım litr arağı 50 dollara (3500 rubl) aldım. Kabil barlarında alkoqolu altdan satırlar və o, daha bahadır. İndi “Taliban”dan olan dini fanatiklər hakimiyyətə gəldikdən sonra həbsxana və qamçı təhdidi ilə spirtli içkiləri qadağan ediblər.

“AiF”-in müxbiri yoxlamaq qərarına gəlib - görəsən, Əfqanıstanda taliblərin ciddi nəzarəti altında olan “qanunsuz mallar” əldə etmək asandırmı? Beləliklə, Georgi Zotovun Əfqanıstandan növbəti reportajını Moderator.az oxucularına təqdim edirik.

“Dadı tam zibil kimidir”

“Əsasən “samoqon” məşhurdur - həzaralar bunu buğda və üzümdən çəkirlər, - deyə Əhməd mənə izah edir. - Tam zibildir, “yandırılmış” araq dadı verir: sizdə, Rusiyada doxsanıncı illərdə olduğu kimi. Kommunistlərimizin hakimiyyəti dövründə şərab istehsal olunurdu, lakin taliblər 2001-ci ildə zavodu partlatdı. Heratdan gətirilən evdə hazırlanmış şərab var, amma məsləhət görmürəm - litrini 40 dollara satırlar, amma utanmadan su ilə qarışdırırlar”. Amerikalıların ölkədən qaçmasından sonra spirtli içkilərin satışı ilə bağlı işlərin necə getdiyi ilə maraqlanıram. Belə məlum olur ki, taliblər Kabilə daxil olduqdan sonra bütün alkoqol alverçiləri qeyri-leqal fəaliyyətə keçiblər: onların çoxu “samoqon” aparatlarını basdıraraq gizlədib: “Adətən, “qeyri-qanuni mühacirlər” Əfqanıstan gömrükçülərinə, məmurlarına və polisinə rüşvət verirdilər ki, onların fəaliyyətinə göz yumsunlar. Düz bir ay Əfqanıstanda heç bir pula spirtli içki almaq mümkün deyildi: “qara bazar” taliblərdən dəhşətli dərəcədə qorxurdu - dilerlər “şəriət polisi”nin evlərə yoxlamağa gələcəyini düşünürdülər. Yaraqlılar Norveçin Kabildəki tərk edilmiş səfirliyində axtarış apararaq orada saxlanılan fransız şərabı ehtiyatlarını aşkar şəkildə məhv etdilər. Amma evlərdə axtarış aparmadılar, hər şey yenidən əvvəki vəziyyətinə qayıtdı və onsuz da baha olan içkilərin qiyməti risk səbəbindən üç dəfə artdı”.

“Etibarlı adamlar tapa bilirlər”

“Problem təkcə taliblərdə deyil, ümumiyyətlə vəziyyətdədir, - deyə özünü İsmayıl kimi təqdim edən yaşlı qaçaqmalçı mənə ingilis dilində deyir. - Koronavirus və son döyüşlər səbəbindən sərhədlər bağlıdır və biz Özbəkistan və Tacikistandan həm yerli araq və konyak, həm də Qərb brendləri: viski, rom, tekila alırıq. Əfqanıstanda Zahir şahın hakimiyyətdə olduğu 60-cı illərdən bəri onilliklər ərzində gizli spirtli içki satışı davam edir. Açıq şəkildə heç kim içmir, amma hamı “deficit” malı tapa biləcək etibarlı adamları tanıyır. Alkoqol açıq şəkildə yalnız şuravinin olduğu dövrdə satılırdı, hətta Kabildə bir neçə içki mağazası da var idi. İndi içən varmı? Kimdən soruşsanız, hamı ayıq həyat tərzi sürür, amma mallarımız nədənsə alınır. İnsanlar ad gününü dostları ilə qeyd edir, ailəvi bayramlar keçirirlər. Bu işlər belə edilir: yalnız şəxsən çoxdan tanıdıqları adamları dəvət edir və bağlı qapılar arxasında içirlər”.

Əhməd məni çox tez - 15 dəqiqəyə İsmayılın yanına gətirdi.Varlı olmayan adi əfqan evidir. Ev sahibi qonaqpərvərliklə bizə çay tökür, qoz-fındıq gətirir, həyatdan danışır. “Bağışlayın, - deyə sözünü kəsirəm. - Vaxtım çox azdır”. İsmayıl Əhmədə baxıb kədərlə başını bulayır, sanki demək istəyir ki, indki alıcıların adama heç hörməti yoxdur, sonra qapıdan çıxır. Əhməd hər şeydən xəbərdar adam ədası ilə rusca deyir: “Onun orada gizli xəzinəsi var”. İranda spirtli içki alanda heç bir çaysız-filansız məni otağa çağırıb qapını açarla bağlamış və viski yeşiklərini göstərmişdilər... amma Əfqanıstanda heç kim heç yerə tələsmir. İsmayıl qayıdaraq kədərlə əllərini yelləyir: “Viski yoxdur, tədarükçü sözündə durmayıb. Amma Tacikistandan gətirilən əsl araq var, yaxşıdır - litr yarımını 150 dollara verəcəm”. “Mənim bu qədərə ehtiyacım yoxdur, yarım litr ver”, - deyə təklif edirəm və dərhal məlum olur ki, İsmayıl kiçik hissələr satmır: “Çox təhlükəlidir, risk özünü doğrultmaya bilər”. Başımı yelləyirəm - yaxşı, “qadağa olunmuş mal”ını gətir, qiymətdə razılaşarıq.


“Araq dadı verən kola”

Sonra gözləmədiyim bir şey baş verir. Kabil qaçaqmalçısı qarşımıza stolun üstünə şəffaf maye ilə doldurulmuş plastik Coca-Cola qabını qoyur. Mən bir qədər təəccüblənirəm: “Şüşə qabda yoxdur ki?” İsmayıl və Əhməd mənim sualımı təəccüblə qarşıladılar. İsmayıl məni əmin edir: “Butulkalarda saxlamaq təhlükəlidir. Taliblər evimə gəlsə, bu, birbaşa günahımın sübutu olar. Buna görə də onu başqa qablara tökürük və boş şüşələri məhv edirik: etiketləri yuyub butulkaları paketlərə doldururuq və çəkiclə əzib uzağa tullayırıq”. “Bunu necə aparacağımı heç düşünürsüz? - deyə özümü sanki bir cinayətkar kimi hiss edirəm. - Təsəvvür edin ki, taliblər məni saxlayır. “Bu nədir?”. “Coca Cola”. “Bəs niyə şəffafdır?” Onlara nə deyəcəm - “araq dadlı mövsümi koladır?” Alverçi problemi başa düşür, mineral su qabı axtarır, amma tapmır. Yaxınlıqda gedib almağa mağaza da yoxdur. İsmayıl çay stəkanına araq tökür: “Dadına bax, “yanmış” araq deyil. Məndə hər şey dürüstdür, yalansız-falansız”. Mən dadına baxıram. Nə deyə bilərəm, araq kimi araqdır, içmək olar.

Rublla ödəniş

Tacir “qadağan olunmuşları” iki qara sellofan paketə bükür. Özündən təndir kökələri də əlavə edir: “Bu da məndən”. Ödənişdə problem yaranır - onun mənə qaytarmağa nə 50 dolları, nə də əfqan valyutasında tələb olunan məbləği tapılır. “Bank kartınız var? - deyə İsmayıl soruşur. - Siz rublla ödəniş edə bilərsiniz”. Çaşmış halda donub qalıram - gör Əfqanıstanda texnoloji tərəqqi necə inkişaf edib! Amma məlum olur ki, İsmayılın qonşusu Moskvada yaşayır, onlar sonra hesablaşacaqlar. Kartımda tələb olunan məbləğ yoxdur, Samaradakı dostuma whatsapp vasitəsilə yazıram - o, Kabilin “qara bazarına” sponsorluq etməyə razılıq verir və pulu köçürür. Biz evdən çıxıb araqları baqaja yükləyirik. Yolda taliblərin keçid məntəqəsində bizi saxlayırlar. Əhmədin rəngi kağız kimi ağarır. Mənim də halım pozulur. Patrul işçisi pasportuma baxır. “Rusiya?” “Bəli”. “Sizə yaxşı yol!” Mehmanxanaya qədər Əhməd susur və asta-asta nəfəs alır. Otel otağında isə qapını bağlayaraq qıfılı yoxlayır, pəncərələrin pərdəsini çəkir: “Gəl əsəblərimizi sakitləşdirək” deyib çay stəkanlarına araq tökərək kökələri bölür.

Mən artıq İranda, Sudanda ən sərt qadağalar altında alkoqolun necə satıldığını görmüşdüm, indi isə Əfqanıstanda şahidi oldum. Və birdən başa düşürəm ki, Qorbaçovun 1985-ci ildə SSRİ-də “quru qanun” bərqərar etmək qərarı nə qədər axmaq idi. Əlbəttə, spirtli içkilərdən ölən çoxdur, amma insanlara izah edib onları inandırmağı bacarmaq lazımdır: 20 il əvvəl arağı dəlicəsinə sevən finlər çoxdan yüngül şəraba keçiblər. Qadağalar nəticə vermir - onlar yalnız mafiyanı zənginləşdirir və insanları saxta içkilərlə zəhərləməyə məcbur edirlər. Yeri gəlmişkən, Əfqanıstanda Qorbaçovu xatırlayırlar. Amma özləri üçün nəticə çıxarmayıblar.

Tərcümə və təqdim etdi: Miraslan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.