Bundan sonra Moskva sülh müqaviləsinin bağlanmasına razılıq verəcək - GƏLİŞMƏ

16-11-2021, 18:22           
Bundan sonra Moskva sülh müqaviləsinin bağlanmasına razılıq verəcək - GƏLİŞMƏ
"Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin Bakının dəvətilə Qarabağa olmuş bu səfərindən sonra Moskva artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına razılıq verəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycan Prezident Adminstrasiyası nümayəndələri, Milli Məclisin deputatları ilə birlikdə Rusiya Dövlət Dumasının deputatları, hər iki ölkənin tanınmış ekspert və elm adamlarının Qarabağa baş tutan səfərini şərh edərkən deyib:

"Bakının dəvətilə Qarabağa olan bu səfərə Rusiya tərəfindən Azərbaycanı dəstəkləyən deputatlar, politoloqlar, hüquqşünaslar və digər tanınmış ictimai xadimlər gəlib”.

Həmsöhbətimiz düşünür ki, səfərdə əsas məqsəd Azərbaycan Rusiya münasibətlərini yaxşılaşdırmağa hesablanıb:

"Heç kimə sirr deyil ki, hazırda bu münasibətlər heç də ölkəmizin istədiyi səviyyədə deyil. O mənada ki, Moskva hələ də Ermənistan-Azərbaycan münasibətlərində konkret mövqe tutmur. Hələ ki, Rusiyada ölkəmizə münasibətdə ikili standartlarla yanaşmaqda davam edirlər. Ona görə də, Rusiyanın tanınmış ictimai-siyasi xadimləri və deputatlarının Qarabağa səfər etməsinin böyük əhəmiyyəti var. Çünki həmin insanlar Rusiyada söz sahibidirlər”.
C. Nuriyevin fikrincə, bu səfər həmçinin Rusiya telekanallarında Azərbaycan həqiqətlərinin gündəmə gətirilməsində mühüm addım olacaq:

"Bu mənada sözügedən səfər Azərbaycanın şimal ölkəsində mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, baş tutan bu səfərdən sonra Moskva artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına bir növ razılıq verəcək. Sülh müqaviləsinin bağlanması Azərbaycanın maraqlarına uyğundur. Bu mənada belə bir səfərin təşkili öz müsbət nəticəsini verəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.