"Həmişə qış vaxtı toy az olub, bu 30-40 ildir ki, belədir"

22-11-2021, 10:18           
"Həmişə qış vaxtı toy az olub, bu 30-40 ildir ki, belədir"
“Həmişə qış vaxtı toy az olub, bu 30-40 ildir ki, belədir. Bilirsiniz nəyə görə? Ev sahibi hər zaman fikirləşib ki, birdən qar yağar, çovğun olar, insanlar gələ bilməzlər. Axı rayondan da toya gələnlər olur. Bu işin birinci tərəfidir. Həm də şəhidlərimiz var, toy etmək istəyənlər bu prossesi yubadırlar. Bu kimi şərtlər var. Bir də bu gün musiqiçi, müğənni çoxalıb. Əlinə musiqi aləti, mikrofon alan toya getmək istəyir. Onların da özlərinə görə kütlələri var. Sənətlə toya gedən çox az adam qalıb. İndi bir çoxu televiziya reklamı ilə, internetlə gündəmə gəlir. Həm də çoxlu toy maklerləri, toydan pul qazananlar var. Deyir ki, sən neynirsən filankəsi? Filan qrup mənim dostumdur, 3 min filankəsə verənə qədər mən deyərəm gəlib min manata oxuyarlar. Ucuz qiymətə onları danışır, öz pulunu da götürür. Ona görə də toylar səpələnir, azalır. Bu gün toyların az olmasının səbəbi təkcə pandemiya deyil, həm də bu sadaladığım faktlardır”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib. O daha sonra əlavə edib.

“Bütün oliqarxların, nazirlərin, dövlət işçilərinin, hətta fəhlələrin də, kasıbların da toylarını Firuzə xanımla biz etmişik, amma nə imkanlıdan çox pul almamışıq, nə də kasıbdan. Standart qiymət 3000-3500 olub, bu məbləğ də 16 nəfər musiqiçinin arasında bölünüb. Mən şəhərdə 4500-5000 min manata toya getməmişəm. Kim deyirsə gedib, gəlib çıxsın üzümə!16 nəfərlə getmişəm toya 3500 manata, toy sahibi çıxarıb 4 min manat verib. Deyib ki, bunu mən sənə hədiyyə edirəm, 500 manat ana südü kimi halalındır! O pulu da bölmüşəm. Mən camaatı incitməmişəm, ona görə xalqımın, dövlətimin yanında alnım açıq, başım ucadır. 16 ildir biz Firuzə xanımla musiqimizə xidmət edirik.16 il bir sənətçi əməkdar artist kimi qalmalıdır?! Biz dövlət tədbirlərində, kəndlərdə-kəsəklərdə olmuşuq, dövlət bizi hara göndərib getmişik. 17 xarici ölkədə bizim konsertlərimiz, tədbirlərimiz olub. Siz mənə deyin görüm, hərbidə, vergidə, gömrükdə, polisdə və digər çiynində “paqon” daşıyan nazirliklərdə 16 il leytenant, kapitan qalan olur?! Əgər səhvin, qayda pozuntun yoxdursa 3 il ərzində sənə rütbə verilir, yox əgər varsa 5 il ərzində. 50 ildir səhnədəyik, hər ikimizin də 68 yaşı var. 18 yaşından mən səhnədəyəm, 16-17 yaşından da Firuzə xanım. Nə mən, nə də Firuzə xanım, gedib heç bir qapını döymürük! Mən sizdən xahiş edirəm ki, o qapını mənim də, Firuzə xanımın da yerinə siz döyəsiniz! Zəng edin Prezidentin humanitar siyasət məsələləri söbəsinin müdiri Fərəh Əliyevadan, yeni Mədəniyyət nazirimiz Anar Kərimovdan soruşun və onların cavablarını da dərc edin” deyə əməkdar artist bildirib.

Cavanşir Məmmədov bir məsələyə də münasibətini bildirib.

“O gün Nanə Ağamalıyeva Firuzə xanımı böyük sənətkarımız Süleyman Abdullayevlə birgə verilişə çağırıb. Səhəri günü də məni verilişə dəvət etdilər. Firuzə xanım dueti Süleyman müəllimlə yox, mənimlə oxuyub, o mənimlə birlikdə çağırılmalı idi. O verilişdə müzakirə aparılmamalı idi ki, Cavanşir müəllimin evi belə gəldi, maşını belə getdi. Həmin verilişdə Nanə xanım Firuzə xanımı mənim var-dövlətimlə yox, özününkü ilə müqayisə etməli idi. Və yaxud da Tolikin verilişində Tolikin özü ilə müqayisə edilməli idi Firuzə xanım. Çünki Firuzə xanım sənətkardır, onların aparıcılığı ilə sənət nümunəsi deyil. Aparıcılıq diktorluq demək deyil! Bizim Roza Tağıyeva, Şərqiyyə Hüseynova, Rafiq Hüseynov kimi səviyyəli diktorlarımız olub. Onlar diktordurlar və onların fəxri adları var. Amma yenə də onları bu günki aparıcılarla tərəzinin gözünə qoyanda onların sənəti tam fərqlənir. Hər hansısa bir aparıcı haqda veriliş hazırlananda orada 3 dəqiqədən artıq danışmaq mümkün deyil. Bu aparıcıdır da, televiziyada kimlərisə təqdim edib. O vaxtı Xan Şuşinskini də, Rəşid Behbudovu da, Müslüm Maqomayevi, Zeynəb Xanlarovanı da, üzü bu yana gələndə bizi də təqdim ediblər. O təqdim edən aparıcıların hansı yaddaşlarda qalıb? Ancaq sənət adamları yadda qalıb. Ona görə aparıcı heç vaxt özünü müğənni ilə bir səviyyəyə qoymalı deyil. Əgər müqayisəyə qoyursansa qoy görək, Firuzə xanımın var-dövləti çoxdur, yoxsa sənin?! Porşeni, qalinvageni sən nə ilə, hardan aldın?! Aparıcılıqla? 500-800 manatla, 1000 manatla?! Verilişdə Firuzə xanım dili ilə dedi ki, mənim əlimdə olanlar dağıldı, qızıllarımı apardılar, bağımı deputat əlimdən aldı. O ailəsinə, bacısına, qardaşına baxıb, övladını evləndirib, universitetdə oxudub, nəvəsinə baxıb. Elə bil ki, iraq olsun bir insanın evi yanıb, o da hər zaman dövlətə xidmət edib. Ona kim əyan durmalıdır?! Əlbəttə ki, dövlət! O da dövlətindən istəyir də. Nə Nanə xanım səndən istəmir, nə Tolik səndən istəmir, nə də ki, məndən! Bu insan deyir ki, mən 50 ildir dövlətimə xidmət etmişəm, indi də dövlət mənə kömək etsin! Çünki mənzil şəraiti ağır vəziyyətdədir, təqaüd almır. Firuzə xanım deyir ki, dövlət mənə təqaüd versə, gedib ipoteka ilə ev götürərəm, Cavanşir müəllimlə də getdiyim toylarda gündəlik çörəyimi qazanaram! Səhv demir ki, düz deyir də! Yaxşı, sən bunun nəyini mənimlə müqayisə edirsən?! Mənimlə müqayisə etmə! Mən yenə də müqayisəyə gəlirəm, heç nəyi dammıram, mənim kollektivimdə 16 nəfər musiqiçi var, hamısının da hər şeyi var. Bəs siz nə ilə aldınız o maşınları, ay aparıcı xanım, aparıcı qardaş?! Onları qoyun ortalığa, onların dərdini çəkək! Dövlətə nə vergi verdin, kənddə-kəsəkdə gedib ayağını hansı torpağa, palçıqa basıb veriliş apardın? Nə vaxt oldu bu? Reytinq xatirinə adam öz sənətkarını yerə vurmaz, kiminləsə qarşı-qarşıya qoymaz! Kömək etmək istəyən elə etmir axı! Kömək etmək istəyən Firuzə xanımın səsinə öz səsini, sənət dostlarının səsini qatır ki, ona kömək etmək lazımdır! Sən götürüb 25-30 yaşında uşağa təqaüd verirsən, amma sənətkarın qalıb kənarda! Təqaüd insanın sənət və yaşına görə verilir! Bu adamın 68 yaşı var, niyə ona təqaüd vermirlər?!” deyə sənətkar əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.