“Muğamın ağır yükünü 42 ildir çiyinlərimdə gəzdirirəm, amma bu gün layiq olduğum yerdə deyiləm” - NARAZILIQ!

10-12-2021, 10:44           
“Muğamın ağır yükünü 42 ildir çiyinlərimdə gəzdirirəm, amma bu gün layiq olduğum yerdə deyiləm” - NARAZILIQ!
Əməkdar artist, tanınmış muğam ustadı Bəsti Sevdiyeva Moderator.az-ın suallarını cavablandırıb.

- Bəsti xanım, siz bizim hörmət etdiyimiz böyük sənətkarımızsınız. Maraqlıdır, Bəsti xanımın sənət əhval-ruhiyyəsi qayıdıb yoxsa hələ də pandemiyanın təsirindən çıxa bilmir?

- Hər kəsdə olduğu kimi pandemiyada məndə də həvəs ölmüşdü, çünki xəstələnmişdik. Amma şükür Allaha, yenə də işimlə məşğulam. Sənətimdə heç vaxt fasilə etməmişəm. Fasilə etsəm mən ölə bilərəm. Allah mənə can sağlığı versin, hər zaman öz işimlə məşğul olum. Mən həm də Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam, 20 ildir ki, muğam kafedrasının baş müəllimiyəm, dərslərim davam edir. 3-4 mahnı yazdırmışam, hamısını da aranjmana vermişəm.

- Bəsti xanım, sizin çox gözəl ailəniz var. Adətən sənətçilər deyir ki, ailə ilə sənət bir yerdə tutmur. Niyə bu cür düşünürlər?

- Bu sözü deyən adama mənim gülməyim gəlir. Adam var deyir ki, ailəmi sənətimə qurban vermişəm! Mən ailəmi niyə sənətimə qurban verməliyəm ki? Çünki bu sənət məndə ailə qurmazdan əvvəl var, bəyənən oğlan da məni sənətimdən bəyənib. Şükür Allaha ki, nə sənəti ailəmə qurban vermişəm, nə də ailəmi sənətimə. 42 ildir ki, mən bu sənətdəyəm. Qızımın da, oğlumun da hərəsində bir qız övladı var. Bu gün sənəti və ailəsi olan xanım sənətkarlarımız da az deyil.

- Sənətinizlə bağlı hansı arzularınız var? Yəqin ki, ən böyük arzunuz “xalq artisti” fəxri adına layiq görülməyinizdir?

- Heç vaxt deməmişəm, amma bu gün deyəcəyəm. Muğam sənətinin ağır yükünü 42 ildir çiyinlərimdə gəzdirmişəm, amma uzun illərdir ki, artıq layiq olduğum yerdə deyiləm. Buna görə çox pis oluram. Ümidim və inamım var, çünki sənətimlə dayanmadan fasiləsiz məşğulam, cənab prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyevaya arxalanıram. Bilirəm ki, onlar mənim dəyərimi verəcəklər. İndi kimlər neynir-neynəmir bilmirəm, amma mənim yeganə dayağım prezidentim, muğamımızı dünya səviyyəsində tanıdan, təbliğ edən Mehriban xanımdır. Onlarla fəxr edirəm, qürurlanıram. İlk qadın sənətçiyəm ki, Yeni Azərbaycan Partiyasına könüllü sürətdə üzv olmuşam, canla-başla bütün tədbirlərini oxumuşam. Mən ulu öndər Heydər Əliyevi sevib ora getmişdim.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.