Putinin yeni SSRİ planı işə salındı: “Bütün resurslar səfərbər edilib”

21-12-2021, 11:24           
Putinin yeni SSRİ planı işə salındı:
“Əlbəttə, Avropa Birliyinin uzaqgedən məqsədləri də olmamış deyil. Məsələn, Rusiyanın bölgəyə təsirini zəiflətmək. Amma bu, hələlik sözdə deyildiyi qədər də asan deyil. Bundan başqa, sülh müqaviləsi imzalamağa çağırmaqla Avropa Birliyi də bölgədən keçməli olan nəqliyyat-kommunikasiya dəhlizinin işləməsində maraqlıdır, amma Moskvadan fərqli olaraq Brüssel bu layihələrin reallaşması üçün tərəflərə maliyyə dəstəyi göstərməyə də hazırdır. Bu da elə Avropa Birliyinin bölgəyə daxil olması deməkdir”.

Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Görüşdə Avropa Birliyi Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzalamağa çağırdı. Üstəgəl, görüşdən bir neçə gün sonra Avropa Birliyinin vasitəçiliyi ilə 10 erməni diversant İrəvana verildi. Maraqlıdır ki, Brüssel bu prosesdə maksimum nə əldə etmək istəyir?

- Əvvəla, onu demək istərdim ki, Avropa Birliyinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında vasitəçilik cəhdi alqışlanmalıdır. Çünki belə bir vasitəçilik ən azı bölgədəki vəziyyətə nəzarətin Rusiyanın inhisarından çıxarılmasına yardımçı ola bilər. Hazırda Rusiya vəziyyətə təkbaşına nəzarət etməyə çalışır və deməliyəm ki, xeyli dərəcədə də buna nail olmaqdadır. Bu, istər bizim, istərsə də Ermənistanın manevr imkanlarını məhdudlaşdırır ki, nəticədə proseslər iki ölkədən daha çox Moskvanın maraqlarının təmin olunması istiqamətində inkişaf edir. Amma bugünkü siyasi konyunktura Azərbaycanla Ermənistan arasında birbaşa təmasların olmasını tələb edir. Konyunktura isə belədir ki, Paşinyan hökuməti özündən əvvəlkilərdən fərqli olaraq, Rusiyaya çox da meylli deyil və ikitərəfli birbaşa münasibətlər də hər iki ölkə üçün daha əlverişli formatdır. Amma Rusiya “sülhməramlılar”ının Qarabağın dağlıq hissəsində dislokasiya olunması Moskvaya bu münasibətlərə ciddi təsir imkanları yaradıb.

Avropa Birliyində də bunu və Moskvanın post-sovet ölkələrə digər təsir imkanlarının olduğunu yaxşı anlayırlar, ona görə də Brüssel hələlik bölgədə gedən proseslərə vasitəçi qismində daxil olmaq istəyir. Bu mərhələdə hələlik mümkün olan isə iki ölkə arasında birbaşa münasibətlərin qurulmasına vasitəçilik etməkdir. Elə buna görə də Şarl Mişel ikitərəfli - Əliyev-Paşinyan görüşünə də imkan yaratdı.

Əlbəttə, Avropa Birliyinin uzaqgedən məqsədləri də olmamış deyil. Məsələn, Rusiyanın bölgəyə təsirini zəiflətmək. Amma bu, hələlik sözdə deyildiyi qədər də asan deyil. Bundan başqa, sülh müqaviləsi imzalamağa çağırmaqla Avropa Birliyi də bölgədən keçməli olan nəqliyyat-kommunikasiya dəhlizinin işləməsində maraqlıdır, amma Moskvadan fərqli olaraq Brüssel bu layihələrin reallaşması üçün tərəflərə maliyyə dəstəyi göstərməyə də hazırdır. Bu da elə Avropa Birliyinin bölgəyə daxil olması deməkdir. Bir o fərqlə ki, sülhməramlı və ya başqa ad altında qoşunlarla deyil, iqtisadi layihələrlə daxil olmaq. Hərçənd istisna deyil ki, Brüsseldə uzaq perspektivdə Avropa Birliyinin mandatı altında çoxmillətli sülhməramlı kontingentin bölgədə yerləşdirilməsi də nəzərdən keçirilə bilər.

- Rusiya sülhməramlılarının Xankəndidə “rus icması” formalaşdırması haqda məlumatlar dolaşır. Sizcə, belə bir şey mümkündürmü, ümumiyyətlə, bu onların nəyinə lazım ola bilər?

- Rusiyadan ilk baxışdan qeyri-mümkün və hətta absurd görünən hər cür sürprizlərə hazır olmaq lazımdır. Moskvanın ekspansionist siyasətini yaymaq üçün istifadə etdiyi geosiyasi alətlər arasında “Ruslar haradadırsa, ora Rusiyadır” psevdotezisi də var. Odur ki, bunu tamamilə mümkün sayıram. Görünür, Qarabağın dağlıq hissəsində yaşayan erməni icmasına çox da güvənməyən Moskva indi də birbaşa özünə tabe olan “icma” yaratmağı nəzərdən keçirir.

Rusiyada anlayırlar ki, Ermənistanın indiki hökuməti bu ölkəni siyasi baxımdan öz ənənəvi müttəfiqindən uzaqlaşdırmağa doğru aparır. Əslində belə tendensiya Paşinyana qədər də vardı, əks halda Paşinyan nə hakimiyyətə gələ, nə də hətta gəlsə də Ermənistanın ağır hərbi məğlubiyyəti ilə nəticələnən İkinci Qarabağ Müharibəsindən sonra təkrar seçilə bilərdi. Amma bunların hər ikisi baş verdi. Deməli, Rusiya Ermənistanın gələcəkdə tam itirilə biləcəyini nəzərə almalı və buna uyğun yeni paradiqmalar seçməlidir. Moskvanın paradiqmaları isə daim çox sadə olub və primitivliyinə rəğmən kobud hərbi-siyasi gücün sayəsində bir çox hallarda işləyib.

Sxem olduqca sadədir: “sülhməramlılar”ın ailə üzvləri və Qarabağın ermənilərin yaşadığı dağlıq hissəsinə Rusiyadan gətirilmiş mülki heyət üzvlərinin daxil olduğu “rus icması” yaratmaq, sonra isə kritik vəziyyətlərdə “rus icması”nı qorumaq adı altında hərəkətə keçmək. Kritik vəziyyətlərin yaradılmasında isə Rusiyanın böyük təcrübəsi var. Odur ki, belə xəbərlərə skeptik yanaşmaq lazım deyil, əksinə, Azərbaycan rus qoşunlarının ölkədən çıxarılmasına nail olmaq üçün düzənli bir strategiya qurmalı və ona uyğun addımlar atmalıdır.

- Ermənistan-Türkiyə münasibətləri normallaşma prosesinə girdi. Artıq qarşılıqlı olaraq, bununla bağlı xüsusi nümayəndələr təyin olunub. Bu yöndəki gəlişmələrlə bağlı proqnozunuz necədir?

- Ciddi maneələr yaradılmasa, Ermənistan-Türkiyə münasibətləri normallaşacaq. Bunun üçün həm zəmin var, həm siyasi iradə, həm də siyasi və iqtisadi səbəblər. Yuxarıda qeyd etdiyim kimi, Ermənistan hökuməti ölkəni Rusiya təsirindən çıxarmağa çalışır, amma bu məsələdə onun seçim imkanları olduqca məhduddur. Bunu həyata keçirmək üçün Ermənistanla həmsərhəd olan 4 ölkə arasında öz iqtisadi, hərbi-siyasi və digər imkanlarına görə ən uğurlusu Türkiyə ola bilər.

Bunu da qeyd edim ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində cəhdlər təkcə Paşinyan hökuməti tərəfindən edilmir, ona qədər Ermənistanın bütün hökumətləri də buna çalışıb. Belə münasibətlərin qurulmasına mane olan əsas amil Azərbaycan torpaqlarının işğal altında qalması idi, amma bu gün vəziyyət dəyişib və İrəvanda düşünürlər ki, indi buna nail olmaq üçün münbit siyasi-diplomatik şərait yaranıb. Ermənistana Türkiyə ilə münasibətlər həm də Azərbaycan-Türkiyə münasibətlərinə təsir etmək üçün vacibdir, amma bunun mümkün olacağı indiki halda real deyil.

Hər bir halda, ikitərəfli münasibətlərin inkişafında Ankara da maraqlıdır, çünki bu, Türkiyənin Cənubi Qafqaz siyasəti üçün yeni imkanlar aça bilər. Belə görünür ki, ciddi problemlər olmasa və ya yaradılmasa, Ermənistan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edəcək və biz də bunu mütləq nəzərə almalıyıq. Şəxsən mən düşünürəm ki, Ermənistanın Azərbaycana qarşı iddiaları heç vaxt bitməyəcək, ona görə də bütün və ilk baxışdan hətta ən ağlasığmaz variantlar da ciddi-ciddi nəzərdən keçirilməlidir.

- Rusiyada SSRİ ilə bağlı keçirilən sorğular və rus mətbuatında Sovet İttifaqı ilə bağlı müzakirələr də diqqətdən yayınmır. Üstəgəl, bu yaxınlarda Prezident Putin SSRİ-nin dağılması haqda danışarkən, bunu “tarixi Rusiyanın çöküşü” və “faciə” adlandırdı. Sizcə, bunlar nədən xəbər verir, Putinin bu mesajı və bu sorğular nəyə hesablanıb və bu yöndə düşünülmüş əməli addımlar ola bilərmi?

- SSRİ-nin onun mövcud olduğu şəkildə bərpası real deyil əlbəttə, amma Rusiyanın keçmiş sovet respublikalarını hər hansı bir şəkildə birləşdirərək öz nəzarəti altına almaq istəyinə də xülya kimi baxmaq yanlış olardı. Moskva bu istiqamətdə çoxşaxəli intensiv iş aparır. Bura MDB üzvü olan ölkələrin hələlik inert görünən Avrasiya İttifaqı kimi qurumlara üzv edilməsindən onların iqtisadi modelini dəyişərək özünə uyğunlaşdırılmasınadək, postsovet ölkələrin siyasi sisteminə təsirini artırmaqdan onlarla hərbi sahədə əməkdaşlığı genişləndirməyədək geniş spektri əhatə edən işlər daxildir. Bunların həyata keçirilməsi üçün də Moskva özünün bütün resurslarını səfərbər edib. Bu məqsədlə həm “yumşaq”, həm də “sərt” gücdən istifadə olunmaqdadır.

“Yumşaq” güc kimi bura post-sovet ölkələrində mövcud olan və ölkələrin müxtəlif sahələrinə dərindən nüfuz etmiş “5-ci kolon”ların aktivləşdirilməsi, rus dilində təhsilin genişləndirilməsi, elm və mədəniyyət sahəsinə öz təsirini artırmaq və s. kimi kompleks tədbirlər daxildir. Bundan savayı, Rusiya post-sovet ölkələrini öz informasiya məkanına daxil etmək üçün davamlı iş aparır. Rusiyanın təqdim etdiyi modelə əsasən labüd iqtisadi çöküşün ardınca bu ölkələrin resurslarına sahib olmaq üçün Rusiya banklarının indidən postsovet ölkələrinin bank-maliyyə sektoruna nüfuz etməsi genişləndirilir. Gördüyümüz kimi, bu istiqamətdə intensiv işlər aparılmaqdadır və onların uğurlu olması Rusiya üçün qələbədirsə, bizim üçün məğlubiyyət demək olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.