“İçim qan ağlayır, bu mənə vurulan ən böyük zərbə idi, hələ də özümü bağışlamıram”

27-12-2021, 08:15           
“İçim qan ağlayır, bu mənə vurulan ən böyük zərbə idi, hələ də özümü bağışlamıram”
“Bu gün xalq artisti Səfurə İbrahimovanın 83 yaşı tamam olur və ölümündən 1 il keçir. Mən onun ölümünü hələ də qəbul edə bilmirəm. Onunla “Sən həmişə mənimləsən” tamaşasının məşq prossesində tanış olmuşdum, bizi Gülcahan Güləhmədova tanış etmişdi. İndiki kimi yadımdadır ki, konservatoriyanın opera binasında biz tanış olduq və orada bizim çox gərgin bir səhnəmiz çəkildi. Mən Səfurə xanımdan o qədər böyük elektrik almışdım ki. O mənə sarılmışdı. Mən Türkiyəyə gələnə qədər bizim bir-birimizlə yaxınlığımız bitmədi”

TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a tanınmış aktrisa, əməkdar incəsənət xadimi Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.

“Səfurə xanımın övladı yox idi, bütün sevgisini mənə göstərirdi. Məni görməyəndə, məşqlərimiz olmayanda deyirdi ki, mütləq mənə zəng et. Çox dəymədüşər xasiyyəti var idi, kədərli bir qadın idi. Həyatında olub-keçən hər şeyi, hətta özəl sirlərini belə mənə danışırdı. Biz ana-bala kimi olmuşduq artıq. O məni, mən onu görməyəndə darıxırdım. Tez-tez Gülcahan xanımın evində görüşürdük. 3 il yarıma qədər “Sən həmişə mənimləsən” televiziya tamaşasının məşqləri davam etdi, bu müddət ərzində bir-birimizdən heç vaxt qopmadıq. Bəxtim elə gətirdi ki, daha sonra universitetdən məni təyinatla AZDRAMA-ya göndərdilər. Yadıma gəlir, bunu ilk söylədiyim insan Səfurə xanım idi. O da sevinirdi, hətta sevincindən ağlamışdı da. Teatrda da birlikdə işlədik, yenə də bir yerdə idik. O da, mən də Gənclik metrosundan teatra gedirdik, hər dəfə də deyirdi ki, gəl birlikdə gedək, yolda söhbətləşərik də. Mən onun yaşadığı bütün faciələri, ailəsi tərəfindən necə tərk edildiyini, heç bir zaman sevilmədiyini və s. hər şeyini bilirdim. Ailə həyatı qurub Türkiyəyə köçəndə həm sevindi, daha sonra isə hönkürtü ilə ağladı. İkimiz də ağladıq. Dedi ki, bəs mən sənsiz nə edəcəyəm? Mən axı sənin ikinci ananam, ananı qoyub hara gedirsən? Dedim ki, hər dəfə gəlib sizi görəcəyəm, sizi Türkiyəyə gətirəcəyəm. Onun Türkiyə səfəri mənim ürəyimdə qaldı, çünki hər dəfə bir səbəb çıxırdı, gələ bilmirdi. Teatrdan ayrılandan sonra özünə qapandı, heç kimlə görüşmədi, hətta telefonlarının nömrəsini belə dəyişdi. Mən də 7-8 il ondan uzaq düşdüm. Təkcə jurnalist Əli Novruzəliyevi evinə buraxırdı, onun vasitəsilə mən görüşdüm. Ömrünün son illərində Əli Novruzəliyev ona oğulluq etdi. Mütəmadi olaraq görüşürdük. Səfurə xanım yıxılıb, baxımsızlıq ucbatından həyatını itirdi. Mənə hələ də onun ölümünü qəbul edə bilmirəm, onun ölümünə səbəb olanları həyatımın sonuna qədər bağışlamayacağam. Səfurə xanım mənim üçün böyük bir məktəb idi, ondan çox şey öyrəndim. Onun yoxluğu mənim həyatımda elə bir boşluq yaratdı ki (ağlayır). O hətta mənim verilişimə də gələcəkdi, hər dəfə də deyirdi ki, salona getməliyəm, saçımı rəngləməliyəm və s. Mən də deyirdim ki, özüm gəlib sizi aparacağam. Türkiyəyə də yanıma gəlmək istəyirdi. Özü ilə danışmışdım, onu Türkiyədə müalicə də etdirəcəkdim. Hər zaman yaşamaq istəyirdi, yaşam dolu biri idi. Elə xəyalları var idi ki. Onunla danışanda qəhərləndiyi anları heç bir zaman unuda bilmərəm. Bütün arzuları ürəyində qaldı. Çox üzülürəm ki, yıxılmağı ilə ölümü arasında 1 ay belə olmadı. O böyüklüyündə sənətkara bu cür urvatsız ölümü heç yaraşdırmadım. İçim qan ağlayır, bu mənə vurulan ən böyük zərbə idi. Hələ də özümə bağışlamadığım məqamlar var. Çox təəssüflənirəm ki, son gün onun səsini eşitmədim. Ən çətin zamanında gələ bilmədim, onu əmin əllərə buraxdım. O mənə analıq edib. Səfurə xanım hər zaman mənimlədir. Biz bu dünyada uzun illər görüşə bilmədik, bilirəm ki, nə vaxtsa o biri dünyada bir-birimizə qovuşacağıq” deyə tanınmış aktrisa bildirib.

Qeyd edək ki, bu gün xalq artisti Səfurə İbrahimovanın doğum günüdür. Sənətkar yaşasaydı 83 yaşını qeyd edəcəkdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.