Qarabağ separatçıları Paşinyana qarşı - antiterror əməliyyatı qaçılmaz ola bilər

28-12-2021, 09:03           
Qarabağ separatçıları Paşinyana qarşı - antiterror əməliyyatı qaçılmaz ola bilər
“Artsax” “lideri” Araik Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyana ultimatum verib. Erməni baş nazirin dekabrın 24-dəki onlayn müsahibəsi Qarabağ ermənilərində qəzəb yaradıb, İrəvanla Qarabağ separatçıları arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub.

Separatçılar Paşinyanın açıqlamalarını “milli maraqlara xəyanət” kimi qiymətləndirib və baş nazirin mövqeyi ilə razılaşmadıqlarını açıq şəkildə bildiriblər. Qarabağ erməniləri açıq şəkildə sülhə mane olacaqlarını deyiblər. Bu isə Azərbaycanın əl-qolunu tamamən açır. Paşinyanın Azərbaycanla bağlamaq istədiyi sülhə mane olan Qarabağ separatçılarına qarşı Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər. Bu zaman Rusiyanın da neytral qalacağı şübhəsizdir. Çünki Rusiya Qarabağ məsələsinin həllində, həm də ədalətli həllində maraqlıdır. Böyük dövlətlərin nəhəng maraqlarına qarşı çıxan bir ovuc separatçı isə yəqin ki, çox müqavimət göstərə bilməyəcək. Ya bəri başdan təslim olacaqlar, ya da məhv ediləcəklər. Paşinyanın devrilməsinin qarşısını almağın başqa yolu yoxdur...

Qarabağın “prezidenti” Arayik Arutyunyan deyib ki, “”Artsax"ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması bizim əsas istinad nöqtəmizdir və heç bir hökumət bu xətdən kənara çıxa bilməz". Ona görə də “Artsax” “xalqı” və “hakimiyyətləri” heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcəklər. O, bəyanatında ermənilərlə azərbaycanlıların birgə yaşaması ehtimalını rədd edib, Qarabağın “işğal olunmuş ərazilərinin azad edilməsi” uğrunda döyüşməyə hazır olduğunu qeyd edib. Oxşar üslubda Paşinyanın mövqeyi digər separatçı “liderlər” tərəfindən də tənqid edilib. Beləliklə, Qarabağ erməniləri əslində Paşinyanın Əliyevlə danışıqlarda əldə etdiyi razılaşmaları yerinə yetirməkdən imtina ediblər. Paşinyanın bu bəyanatı Ermənistanın siyasi müxalifətini də hərəkətə keçirib. Onlar da yəqin separatçılarla birləşəcəklər və onlara dəstək verməyə, Paşinyana təzyiq göstərməyə çalışacaqlar.

Belə olarsa, Ermənistan cəmiyyəti yenə Paşinyanı dəstəkləyəcəkmi? Onu müdafiə edəcəkmi? Erməni xalqı bu dəfə sülhdən yana olacaq, növbəti dəfə müharibə edib, məhv olmağı seçəcək?

YAP-çı deputat Hikmət Babaoğlu ermənilərin yeni faciələr yaşamaq istəmədiklərini qeyd etdi: “Araik Arutyunyan hərbi cinayətkar və terroristdir. O, Azərbaycanın müvafiq qurumları tərəfindən axtarışa verilib. Onun son günlər yenə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlər səsləndirməsi Azərbaycan qanunları ilə hüquqi məsuliyyət yaradır və müvafiq qurumlarımız Arutyunyanın separatçı və qanunazidd açıqlamaları ilə bağlı yeni cinayət işi başlada bilər. Eyni zamanda bu caninin həbs edilməsi üçün antiterror əməliyyatı keçirmək də daxil olmaqla, ən müxtəlif addımlar atıla bilər. Belə addımın atılması, sadəcə, vaxt məsələsidir. Şübhəsiz ki, belə addımlar atılacaqsa, bu, Azərbaycanın öz ərazisində suveren hüquqlarını tətbiq etməsi kimi qiymətləndiriləcək və hər hansı sülhməramlı missiya, əlbəttə, buna mane ola bilməz. Çünki 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli razılaşmada nəzərdə tutulan əsas məsələlərdən biri də erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası və birgəyaşayışn təşviq edilməsi, eyni zamanda münaqişəyə qədərki demoqrafiq balansın bərpa edilməsidir. Arutyunyanın Paşinyana qarşı çıxması isə həm də regionda sülh istiqamətində atılan kövrək addımlara qarşı çıxmaqdır. Separatçılığı yenidən təbliğ etməklə yeni müharibəni alovlandırmaq cəhdləridir ki, bu da üçtərəfli razılaşmanın hər üç subyektinə qarşı çıxmaqdır. Belə radikal və terrorçu mövqe isə məğlub Ermənistanın vətəndaşlarının əksəriyyəti tərəfindən də qəbul edilmir. Çünki onlar bir də yenidən məğlub edilərək yeni faciələr yaşamaq istəmirlər. Ona görə də Arutyunyanın cinayətkar açıqlamaları ermənilər tərəfindən rədd edilərək onsuz da bölünmüş Ermənistan cəmiyyətində Qarabağ ermənilərinə nifrəti daha da dərinləşdirməklə onu yenidən böləcək. Ona görə də arutyunyanlara ”cərrahi müdaxilə" vaxtı çatıb".

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Ermənistanda revanşistlərin heç bir uğur qazanmayacağını bildirdi: “Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin bu ərazilər üzərində yeganə legitim suveren hüquqları olan Azərbaycan Respublikasının qanunlarına tabe olmaqdan, vətəndaş kimi öz öhdəliklərinə əməl etməkdən başqa alternativləri yoxdur. Ermənistanın və ermənilərin isə alternativləri var - bu, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, sülh müqaviləsi ilə bölgədə yaranan yeni imkanlardan yararlanaraq yaxşı həyat yaşamaqdan ibarətdir. Nikol Paşinyana - müharibədə acınacaqlı şəkildə məğlub olmuş ali baş komandana səs verərək, onun yenidən Ermənistanın baş naziri seçilməsinə imkan yaradanlar da məhz Azərbaycanın ərazilərinə göz dikməyin heç bir perspektivinin olmadığını dərk edənlərdir. Revanşçıların potensialı ortalıqdadır və 44 günlük müharibədən dərhal sonra radikal qüvvələr cəmiyyətin dəstəyini qazana bilmədilərsə, bundan sonra da bilməyəcəklər. Sülh prosesi, kommunikasiyaların açılması və bütün bunların Ermənistan cəmiyyətində müsbət sosial-iqtisadi dəyişikliklərə səbəb olması isə öz növbəsində radikalların sıralarını daha da seyrəldəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.