"Bəli, Xankəndi dərdi mənim üçün ağırdı... - Nə etmək olar, tale belə gətirdi"

1-01-2022, 12:06           
"Bəli, Xankəndi dərdi mənim üçün ağırdı... -
Düz, 30 il öncə bu günlərdə Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xankəndi və ona bitişik Kərkicahan qəsəbəsindən sonuncu azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə qovuldular. O gündən hər iki Azərbaycan yurdunun camaatı 38 bölgəyə səpələnərək didərgin vəziyyətdə yaşayır. Təəssüf ki, 44 günlük müzəffər savaşımızdan sonra da müəyyən beynəlxalq amillər və şərtlər səbəbindən Xocalı, Əsgəran, Ağdrərə, Xocavənd rayon mərkəzi kimi Xankəndinə, Kərkicahana da üçrəngli Bayrağımızı sancaraq, orada dövlətimizin yurisdiksiyasının bərpasına nail ola bilmədik. Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, 122 saylı Xankəndi seçki dairəsindən sabiq millət vəkili Flora Qasımova ilə hafta.az üçün Xankəndidə münaqişənin və işğalın başladığı günlər, 30 illik həsrətin ağrı-acıları, eləcə də 44 günlük müzəffər savaşımızdan sonra xankəndli və kərkicahanlıların qəlblərində öz doğma yurdlarına dönəcəklərinə inam hisslərindən bəhs etdik. Teref.az həmin müsahibəni təqdim edir:

- Flora xanım, tale elə gətirib ki, doğum gününüz doğulub boya-başa çatdığınız doğma Xankəndinin işğalı günlərinə düşür. Sözsüz ki, hər il bu günlər qəlbinizə ağrılı hisslər hakim olur. Yəqin ki, ötən 2020-ci ilin dekabr ayının son günlərində olduğu kimi, bu ilin də son günlərini həm də tezliklə doğma şəhərinizə dönmək imkanı əldə edəcəyinizə ümid və inam duyğuları ilə yaşayırsınız?

- Bəli, Xankəndi dərdi mənim üçün ağırdı. Nə etmək olar, tale belə gətirdi. Dekabrın 27-də doğum günümdür, 28-də isə Xankəndinin azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsindən sonuncu azərbaycanlılar qovulub. Onlarca soydaşımız şəhid olub. Çətindir, çox çətindir bunları xatırlamaq. Bununla yanaşı, dediyiniz kimi, şükür Allaha, ötən il Ali Baş Komandanın rəhbərliyi ilə biz şəhıd və qazilərimizin canı-qanı sayəsində Şuşa şəhərini, Qubadlını, Zəngilanı, Ağdamı, Kəlbəcəri və s. azad etdik. Bu da hər bir Xankəndi sakini kimi məndə də tezliklə doğma şəhərimizə dönəcəyimizə böyük inam yaradır.

Bütün çətinliklərə rəğmən böyük ümidim var ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan dövləti tezliklə keçmiş Dağlıq Qarabağdakı Xocalı, Əsgəran, Ağdərə və s. yaşayış məntəqələrimiz kimi Xankəndini də separatçı və terrorçulardan təmizləyib azad edəcək və üçrəngli Bayrağımız bu şəhərimizin də meydanları və hökumət binaları üzərində dalğalanacaq.

Bilirsiniz, mövcud beynəlxalq şərtlər daxilində bu işləri görmək çox çətindir. Mən cənab Ali Baş Komandanın hansı çətinlik, gərginliklərlə üzləşdiyini, az da olsa, təsəvvür edirəm. Parlament üzvü olduğum dövrlərdə də İlham Əliyevin bir dövlət başçısı olaraq Azərbaycan xalqına, onun milli dəyərlərinə, eləcə də torpaqlarımıza olan sevgi və sadiqliyinin şahidi olduğumdan onun bütün bu çətinliklərindən də öhdəsindən gələcəyinə inanıram.

– 30 ilə yaxın bu Azərbaycan şəhərində ermənilərlə yanaşı yaşamısınız. O dövrdə hiss edirdinizmi ki, ermənilərin nə vaxtsa Xankəndidən azərbaycanlıları qovmaq niyyətləri var?

– Düzdür, o vaxt ermənilərlə bir yerdə yaşayırdıq, işləyirdik, bir-birimizin evinə gedib-gəlirdik. Xankəndidə ermənilər sayca azərbaycanlılardan çox olsalar da, ilk baxışdan elə bir ciddi ayrı-seçkilik hiss olunmurdu. Fəqət, ermənilərin bizi istəmədiklərini elə uşaq vaxtından duyurduq. Bizi öz aralarında “tork” (türk) adlandırırdılar.

...Yadımdadır, uşaq ikən məşhur Xan Bağındakı bulağa gedib növbə ilə içməli su doldurardıq. Birdən elə olurdu ki, növbəm çatsa da, erməni qızlar məni kinlə kənara itələyib özləri qablarını doldurur və mən xeyli gözləməli olurdum...

Bizi Xankəndidən qovacaqları heç sonra - gənc yaşlarımda da ağlıma gəlməzdi. Eyni zamanda, bizlərə qarşı ayrı-seçkiliyi hiss edirdik. Atam Xankəndidə yanğından mühafizə idarəsinin rəis müavini işləyirdi. Mən orta məktəbdə direktor müavini, şəhər partiya komitəsində təlimatçı işlədim. Ermənilər qonşu, iş yoldaşı kimi bizimlə yaxınlıq etsələr də, gizli nifrətləri duyulurdu. Təsəvvür edin ki, erməni şagirdlərə təzə məktəb tikmişdilər, azərbaycanlıları onların köhnə məktəbinə göndərirdilər. Yenə də erməni uşaqları bizimkiləri o köhnə məktəbə gedəndə daş-qalaq edirdilər.Bir sözlə, sovet dövründə azərbaycanlılar həmişə Xankəndidə – bu qədim Azərbaycan yaşayış məntəqəsində özlərini qərib hiss ediblər. Ermənilər hər hansı bir sahədə bizlərin irəli çəkilməsinə imkan vermirdilər. Ona görə də Xankəndidən gəlib Bakıda ali təhsil alanlar geri qayıtmırdılar. Yalnız sovet dövrünün sonlarında orada azərbaycanlı həkimlərin, sex rəislərinin və s. sayı bir az artmışdı. Son illər Xankəndidə böyük sürətlə kooperativ binalar tikirdilər. Sonda azərbaycanlıları qovub çıxardılar, mənzillərin hamısı ermənilərə qaldı...

– Hələ 1967-ci ildə Xankəndidə ermənilər üç azərbaycanlını diri-diri yandırmışdılar...

– 1967-ci ildə üç azərbaycanlıya böhtan atmışdılar ki, guya bir erməni uşağı öldürüblər. Onlar məhkəməyə verilmişdi. Ermənilər də istəyirdi ki, məhkəməni parkda açıq keçirsinlər. O vaxt Azərbaycan rəhbərliyi ayıqlıq göstərmədi. Hamının xəbəri var idi ki, artıq ermənilər hazırlıq görür, parka daş, odun yığırlar. O dövrdə atam kütləni dağıtmaq üçün həmin parka yanğından mühafizə idarəsindən maşın gətirəndə azərbaycanlı olduğu üçün də onu da öldürmək istəmişdilər.

– Bildiyimə görə, 1988-ci ilin sentyabrında artıq Xankəndidə soydaşlarımıza qarşı hücumlar başlasa da, ata-ananız son imkana qədər doğma şəhərlərində yaşayıb duruş gətiriblər...

- Bəli, 1976-cı ildən rəhmətlik Şirin Mirzəyevin xidməti işi ilə əlaqədar biz Bakıda yaşasaq da, Xankəndinə hərdən gedib-gəlirdik. Orada atam evi qalırdı. Məşhur Lesnoy küçəsində rəhmətlik Şirinin doğmaları da olurdu. Ona görə də vaxtaşırı Xankəndinə gedib-gəlirdik...

Ümumiyyətlə, Xankəndidə Lesnoy, Zavodskoy, Bazaraltı, Sabir və s. küçələrdə azərbaycanlılar kompakt yaşayırdı. Ermənilərin çox olduğu küçələrdəki azərbaycanlılar üçün lap çətin idi. Onlar ermənilərin mitinqləri qızışan vaxtlarda müvəqqəti evlərindən çıxıb Ağdama, Xocalıya, Şuşaya və s. qohumlarının yanına gedir, ara bir az sakitləşəndə yenidən qayıdırdılar. Elə o küçələrdə yaşayan soydaşlarımız Xankəndini daha tez tərk etməyə məcbur oldular.

...1988-ci ilin sentyabrında ermənilər azərbaycanlılara basqınlar təşkil etdilər, onlarca ev yandırdılar. 1989-cu ilin sentyabrında daha belə bir kütləvi hücum oldu azərbaycanlılara qarşı. Həmin günlər rəhmətlik Şirinin anası da övladları ilə birgə piyada qaçıb Şuşaya getməyə məcbur olmuşdu. Xankəndidə kompakt yaşayanlar, o cümlədən, Kərkicahan sakinlərinin bir hissəsi 1991-ci ilin sonlarında çıxdı...

1988-ci ildə atam təqaüdçü idi. Anam müəllim olsa da, ona işə getməyə imkan vermirdilər. Qardaşımın işlədiyi müəssisənin erməni rəisi çağırıb ona demişdi ki, biz sənin xətrini çox istəyirik, amma incimə, sən azərbaycanlısan...

Əslində, Azərbaycan Respublikası torpaqlarında xarici güclər tərəfindən qondarılan erməni-azərbaycanlı münaqişəsi elə məhz Xankəndidən başladı. 1988-ci ilin fevralın 13-dən başlanan separatçı mitinqləri sonradan Xankəndidəki azərbaycanlılara qarşı açıq təzyiq, təqib və sonda terror hərəkətlərinə keçdi. Öncə dediyim kimi, artıq 1988-ci ilin sentyabrından azərbaycanlı evlərinə hücumlar etməyə, evlərimizi yandırmağa başladılar. Xankəndidəki soydaşlarımız nə qədər duruş gətirsə də, 1991-ci ilin payızından artıq sonuncu azərbaycanlı ailələri də şəhəri tərk etməli oldu. Xankəndinə bitişik olan, azərbaycanlıların kompakt yaşadığı Kərkicahan qəsəbəsindəki soydaşlarımız da 1988-ci ildən bəri erməni terroru qarşısında döyüşərək dayansalar da, sonda yetərli kömək olmadığından öz dədə-baba yurdlarını tərk etməyə məcbur qaldılar...

- Ermənilər 1923-cü ildən bəri dünyada Xankəndini 1918-ci ilin 31 martından azərbaycanlılara qarşı başlayan soyqırımının təşkilatçısı qaniçən Stepan Şaumyanın adı ilə erməni şəhəri kimi tanıdırlar…

– Xankəndidə sovet dövründən bəri ermənilər çox yaşasa da, o, əsl Azərbaycan yurdu olub və ilk vaxtlar Qarabağ xanlarının bir növ istirahət məkanı imiş. 1823-cü ildəki siyahıyaalmaya görə, Xankəndidə cəmi 26 ailə yaşayırmış. Qarabağ xanlığı Rusiyaya birləşdiriləndən sonra orada rus qoşunları yerləşdirildiyindən, Xankəndinə artıq “Ştab” (qərargah) deyirmişlər. O vaxtdan ermənilərin mərhələ-mərhələ oraya köçürülməsi başlanıb və tədricən sayları artıb. 1923-cü ildə ermənilərin öz təşəbbüsü ilə Azərbaycan rəhbərliyinin heç bir müdaxiləsi olmadan şəhər qaniçən daşnak Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılmağa başlayıb. 1991-ci ildən isə Azərbaycan hökumətinin qərarı ilə tarixi adı bərpa edilən Xankəndinə respublika tabeli şəhər statusu verilib. İşğala qədər Xankəndidə, bəzi məlumatlara görə, 17 minə yaxın azərbaycanlı yaşayıb və 1988-1991-ci illərdən bəri köçkün düşüblər… İnşAllah, dediyim kimi, yaxın zamanda öz yurdlarımıza dönəcəyimizə tam əminik…

- Yəqin ki, deputat kimi çalışdığınız illərdə keçirdiyiniz görüşlər, qəbullar zamanı Xankəndidən Bakıya qaçıb gələn əri azərbaycanlı olan erməni qadınlarla da rastlaşmısınız. Onlar Qarabağ məsələsi barədə nə deyirdilər?

– Xankəndidən gəlib Bakıda yaşayan əri azərbaycanlı erməni qadınları və anası erməni olanları da tanıyıram. Onlar arasında Xankəndidə dərs dediyim şagirdlərim də var. Onlar həmişə bu işi törədənləri, o cümlədən, Ermənistan rəhbərlərini söyürdülər. Bu məsələ neçə qarışıq ailənin dağılmasına, övladların atasız-anasız qalmasına səbəb oldu. Ermənilərin Bakıda olan qohumları hələ prezidentlərin Kazan görüşü ərəfəsində sevinirdilər ki, artıq barışıq olacaq. Onlar da beziblər bu hadisələrdən. Beynəlxalq güclərin və erməni daşnaklarının apardığı siyasət nəticəsində hər iki xalq faciə qurbanı oldu və əslində sadə emənilər də çox şey itirdilər. Buna görə də ermənilər 30 illik işğal dövründə də qalib olmayıblar. Daşnaklar daim öz xalqlarını aldadıblar. Əvvəlki 30 ildə olduğu kimi, 44 günlük müzəffər savaşımızdan sonra da Qarabağda, o cümlədən Xankəndində erməniləri hərbi rejim gücünə saxlayırlar. İmkanı olanlar rüşvət verib qaçırlar. Həmişə eşidirik ki, 44 günlük savaşdan öncə olduğu kimi, bu gün də Bakıdan, Gəncədən gedən ermənilər Rusiyada azərbaycanlıları görəndə ağlaşırlar…

– Sizcə, bundan sonra, inşAllah, azərbaycanlılar da Şuşaya, ərtaf kəndlərə, eləcə də Xankəndinə, Xocalıya qayıdandan sonra yenidən ermənilərlə sovet dövründəki kimi yanaşı yaşamağımız necə mümkün olacaq?

– Bu, hazırda Azərbaycan xalqı, dövləti qarşısında duran ən ciddi problemlərdən biridir. 1920-ci illərdə xalqımız belə bir prosesi yaşayıb. 1905-1906-cı və 1918-1920-ci illərdə ermənilərin bizə qarşı törətdiyi saysız-hesabsız vəhşilikləri, soyqırımları unudaraq yenə də onlarla bir şəhərdə, bir kənddə, bir küçədə, bir binada yaşamağa razılıq vermişik. Amma bu dəfə düşmənçilik hissləri lap dərinə işləyib. Yalnız Xocalı soyqırımını göz önünə gətirmək kifayətdir. Bu 30 ildə özümüzün, torpaqlarımızın, yurdlarımızın, şəhər və kəndlərimizin, evlərimizin, qəbirlərimizin başına hansı oyunları açmayıblar. Bunları unutmaq çox çətindir. Digər tərəfdən, nə qədər ki, Xankəndidə o separatçı-terrorçu, faşist xislətli Araik Arutyunyanlar, Vitali Balasanyanlar, İrəvanda Xocalı qatilləri Robert Köçəryanlar, Serj Sərksiyanlar həbs edilib məhkəmə qarşısında insanlığa qarşı törətdikləri cinayətə görə cəzalandırılmayıblar, ermənilər dinc durmayacaq və sülhdən, barışıqdan danışmaq çox çətin olacaq…

– Flora xanım, 30 illik yurd həsrətindən, acı-ağrıdan, didərginliyin əzab-əziyyətindən sonra xankəndlilərdə, kərkicahanlılarda öz yurdlarına dönəcəklərinə, sizcə, inam varmı hələ?

– Bu 30 ildə digər Qarabağ, Zəngəzur köşkünləri kimi, Xankəndi və Kərkicahan camaatının da nələr çəkdiyinin həm bir vətəndaş, həm da sabiq millət vəkili kimi şahidiyəm... Amma bilirəm ki, onlar da əmindirlər ki, öz yurdalrına dönəcəklər…

Cənab Ali Baş Komandan hələ 44 günlük savaşdan neçə illər öncədən müxtəlif tədbirlərdə, o cümlədən Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə görüşlərində daim deyirdi ki, Azərbaycan Bayrağı bütün işğal altındakı torpaqlarda dalğalanacaq və bu sırada birinci Xankəndinin adını çəkirdi. Söyləyirdi ki, üçrəngli Bayrağımız Xankəndidə, Şuşada və digər işğal edilmiş ərazilərimizdə dalğalanacaq və Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. 44 günlük müzəffər müharibəmiz dövründə hər dəfə Ali Baş Komandanın xalqın ürəyindən keçənlərlə səsləşən çıxışlarını eşitdikcə qəlbimiz dağa dönürdü.

Yenə deyirəm: şükür Allaha ki, biz şəhıd və qazilərimizin canı-qanı sayəsində Şuşa şəhərini, Qubadlını, Zəngilanı, Ağdamı, Kəlbəcəri və s. azad etdik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, xəstə qazilərimizə şəfa versin!..

Bir daha təkrar edirəm ki, Xankəndinin də azad olunacağına inamım böyükdür. Cənab İlham Əliyev daim bir fikri də təkrarlayır ki, mənim sözüm imzam qədər etibarlıdır...

Yadımdadır, 2018-ci il Prezident seçkilərindən sonrakı andiçmə mərasimində İlham Əliyevin son cümlələrindən biri də bu oldu ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına çalışacağam. O sözlər həmin vaxt məni çox mütəəssir etdi. Millətə, xalqa gərək nə qədər səmimi sevgin ola ki, bu sözü işlədəsən, bu vədi verəsən. Və son Qarabağ savaşı zamanı İlham Əliyev Ali Baş Komandan kimi “Mənim sözüm imzam qədər etibarlıdır” deyəndə dərhal Azərbaycan xalqını digərlərindən fərqləndirən bir gözəl milli dəyərini xatırladım...

Bilirsiniz ki, XIX əsrin ortalarında Azərbaycanda qonaq olmuş fransız yazıçı və səyyah Aleksandr Düma özünün “Qafqaza səyahət” əsərində azərbaycanlıların KİŞİ SÖZÜ dəyərindən bəhs edir. Məşhur yazıçı yazır ki, əgər hər hansı bir azərbaycanlı ilə iş görmək istəsən, rəsmi sənədə, müqaviləyə-filana ehtiyac yoxdur. Azərbaycanlı kişi sözü verdisə, ölüm olsa belə, sözünü nə geri götürəcək, nə də ki, dəyişəcək. Halbuki ermənilərlə müştərək iş görmək istəsən, unutmamalısan ki, erməni şəxsi mənafeyinə görə öz imzasından belə imtina edər...

Deməli, cənab Prezident İlham Əliyev də xalqımızın bu özünəməxsus ali dəyərini qəlbində, vicdanında yaşadaraq söyləyir ki, mənim sözüm imzam qədər etibarlıdır. Bu baxımdan Ali Baş Komandanın Xankəndi haqqında dediyi sözün də arxasında sonadək dayanacağına və digər işğaldan azad şəhərlərimizdəki kimi, Xankəndidə də öz əli ilə üçrəngli Azərbaycan Bayrağını ucaldacağına tam əminəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.