Deputatın tənqid etdiyi şöbə müdiri: - “Lazım olsa, üzr də istəyərəm”

5-01-2022, 15:13           
Deputatın tənqid etdiyi şöbə müdiri: -
Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şöbə müdiri haqqında tənqidi fikirlər səsləndirib.

TEREF.AZ Ölkə.Az-a istinadən xəbər verir ki, deputat AMEA-nın Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimovu “melonxolik” adlandırıb. O, həmçinin qurum əməkdaşının "adamların oxuduğu kitablar ona eşşək yüküdür" dediyini iddia edib və kəskin tənqid edib.

Filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov isə Ölkə.Az-a açıqlamasında deputatın onu yanlış anladığını deyib. Şöbə müdiri kitaba “eşşək yükü” demədiyini söyləyib:

“Etibar Əliyev millət vəkilimizdir. O, sadəcə, bir mövzunu düzgün başa düşməyib. Mən kitab oxuyanlara elə bir söz deməmişəm. Demişəm ki, oxumaq istəyənlər üçün Əbdürrəhim bəy Talıbovun “Kitab yüklü eşşək” adlı əsəri var. O da səhv başa düşüb. E.Əliyevə hörmətim var. Düzdür, mənim haqqımda yaxşı status yazmayıb, amma bu məsələnin uzanmasını istəmirəm. Mən onun haqqında mənfi söz deyə bilmərəm. Etibar müəllim kifayət qədər intellektual adamdır. Deyərdim ki, bəlkə də Milli Məclisin deputatları içərisində ən çox mütaliəli şəxsdir. Anlaşılmazlıq olub. Bu gün onun özü ilə də danışacağam”.

Şöbə müdiri həmçinin dissertasiyanın onsuz da araşdırıldığını deyib:

“Dissertasiya onsuz da araşdırılır. Onun prosedurları var. Sıradan, yerindən duran dissertasiya yazıb müdafiə etmir. Onun rəyçiləri, opponentləri, müdafiəçiləri olur. Ali Attestasiya Komissiyası artıq plagiat proqramından keçirir və s”.

E.İbrahimov deputatın ona əsəbləşdiyini bildirib: “Melonxolik” deyib desin. O da Etibar müəllimin mövqeyidir. Nə yazıb açığı, bilmirəm, çünki dostluğunda yoxam. Əgər anlaşılmazlıq olubsa, lazım olsa, ondan üzr də istəyərəm. O da ziyalıdır, mən də. Bizi başqaları da izləyir. Gərək bəzi məsələlərdə nümunə olaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.