"Öz tarixini, mədəniyyətini bilmirsə, xarici dildə nə danışacaq ki"... - deputat

30-03-2016, 12:48           
"Öz tarixini, mədəniyyətini bilmirsə, xarici dildə nə danışacaq ki"... - deputat
Geridə qoyduğumuz Novruz bayramı günlərində Bakı hər il olduğu kimi, əsasən İran və Türkiyədən Azərbaycana gələn turistlərə ev sahibliyi etdi.

Bu il Novruz bayramı günlərində turistlərə şəhəri gəzdirib, tanış edən bəzi bələdçilərin məlumatsızlığı, intellektual baxımdan zəifliyi müşahidə olunub.

Hətta bəzi bələdçilərin İrandan Bakının gözəlliklərini görməyə gələn turistlərə 20 Yanvar və Şəhidlər Xiyabanı haqqında da məlumat verməkdə çətinlik çəkdikləri diqqətlərdən yayınmayıb.

Görəsən xarici turstlərin qabağına düşüb, onlara gəlir mənbəyi kimi baxan bələdçilərin intellektual səviyyəsi niyə bu səviyyədədir?

Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az saytına turizm bələdçilərinin savadsızlığının əsas səbəblərini şərh edib:

“Turistlərə xidmət göstərən bələdçilər xüsusi kurslar keçməlidirlər. Onların fəaliyyəti, intellektual səviyyəsi ardıcıl olaraq yoxlanılmalıdır. Eyni zamanda bələdçilər tarixi-mədəni sahədə baş verən yenilikləri bilməldirlər. Daha çox tarixi abidələri, bizim tariximizdə iz qoymuş hadisələri bilməlidirlər.

Bu gün Turizm İnstitunda həmin sahə üzrə təhsil alıb gələcəyin turizm sektorunda quracaq gənclərə bu kimi biliklər öyrədilir. Orada xüsusi dərslər tədris olunur. Amma ardıcıl şəkildə davam etdirilməsə, təbii ki, keyfiyyət heç də yaxşı olmayacaq. Onlar həmişə nəzarətdə saxlanılmalı, daim öyrədilməlidir”.

Deputat hesab edir ki, bələdçilərin yalnız bir neçə xarici dil bilməsi ilə iş bitmir:

“Bələdçi problemi yalnız bizdə deyil, bütün dünyada var. Dünya ölkələrində olduğumuz zaman biz də müşahidə etmişik ki, bəzən bələdçilərin ümumi səviyyəsi aşağıdır. Bütün hallarda bələdçilər hansı quruma aiddirsə, onlar tərəfindən səviyyəli şəkildə ortaya çıxarılmalıdırlar.

Bu gün dünya mənəvi-ideoloji qarşıdurmalarla doludur. Bu məsuliyyət kimin üzərinə düşürsə, öz işini görməlidir. Təkcə turisti şəhərdə gəzdirib pul almaqla iş bitmir ki... Axı ortada Azərbaycanın adı var. Məqsəd odur ki, o pulun müqabilində turistlərə lazım olan məlumatları verməklə milli təəssübkeşliyi gözləmək lazımdır.

Bələdçinin xarici dili bilməsi hələ hər şey deyil. Öz tarixini, mədəniyyətini bilmirsə, xarici dildə nə danışacaq ki... Turistlərə verilən məlumatlar xalqın gələcəyinin xeyrinə işləməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.