Milli Məclisin deputatı Qazaxıstandakı hadisələri xarici qüvvələrlə əlaqələndirdi

6-01-2022, 15:37           
Milli Məclisin deputatı Qazaxıstandakı hadisələri xarici qüvvələrlə əlaqələndirdi
“Dost və qardaş Qazaxıstanda baş verən hadisələr hər bir Azərbaycan vətəndaşını narahat edir. Son günlər dövlət qurumlarının binaları dağıdılıb, dövlət əmlakına ciddi ziyan dəyib. Bütün bunlar özlüyündə ölkə iqtisadiyyatına və ölkədə sabitliyə ciddi təsir edən məsələlərdir. Əslində Qazaxıstan son illər müstəqilliyin və dövlətçiliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atmışdı. Qazaxıstan keçmiş MDB ölkələri arasında bir sıra sahələrdə mühüm uğurlara nail olmuş dövlətlərdən sayılırdı”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Qazaxıstandakı etiraz aksiyalarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, proseslərin təhlili göstərir ki, baş verən hadisələrdə kənar amillərin də rolu var.

Deputat qeyd edib ki, bir sıra ölkələrin ayrı-ayrı dövlətlərdə marağının olması məlum məsələdir.

“Bir sıra hallarda bu maraqların həyata keçirilməsi üçün müəyyən təzyiq vasitələrindən istifadə edilir.

Artıq ölkə rəhbərliyi sabitliyin və ictimai asayişin təmin olunması istiqamətində ciddi addımlar atır. Yaxın bir neçə gündə vəziyyətin stabilləşəcəyi gözlənilir.

Son illər bir sıra müsəlman ölkələrində baş verən iğtişaş və qarşıdurmalar bu ölkələrdə yalnız sabitliyin pozulması və iqtisadi tənəzzüllə müşahidə olunub”, - deyə o müqayisə aparıb.

Milli Məclis üzvü deyib ki, Qazaxıstandakı hadisələrdən bir çox region dövlətləri nəticələr çıxarmalıdırlar.

“Bu, onu göstərir ki, bölgədə marağı olan ayrı-ayrı dövlətlər zaman-zaman digər dövlətlərdə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışırlar. Bu məqsədlə müxtəlif metodlardan istifadə edirlər.

Bu baxımdan belə halların baş verməməsi üçün hamı çalışmalıdır. Hər kəs öz üzərinə düşəni etməlidir ki, belə vəziyyət heç bir ölkədə baş verməsin. Tezliklə dost və qardaş Qazaxıstanda sabitlik və təhlükəsizliyin tam bərpa olunmasını arzulayırıq”, - deyə Ceyhun Məmmədov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Qazaxıstanda bahalaşma əleyhinə aksiyaların nəticəsi olaraq hökumət istefaya göndərilib, qiymətlərə yenidən baxılacağı bəyan edilib. Ancaq hökumətin addımı etirazçıları qane etməyib, ölkədə iğtişaşlar başlayıb. Ötən gün aksiyalar zamanı Təhlükəsizlik Şurasının sədri, elbaşı Nursultan Nazarbayev vəzifəsindən kənarlaşdırılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək yardım istəyib.

Aqşin Kərimov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.