Putin ilk addımı atdı: “Türkiyənin cavabı ciddi olacaq” - İNCƏLƏMƏ...

7-01-2022, 10:17           
Putin ilk addımı atdı: “Türkiyənin cavabı ciddi olacaq” - İNCƏLƏMƏ...
“Putin iki il əvvəl demişdi ki, SSRİ-nin dağılması XX əsrin ən böyük qlobal fəlakətidir. Təxminən bir neçə ay əvvəl SSRİ-nin yenidən yaradılması tezisi ortaya atılanda Putin bildirdi ki, Sovet İttifaqını yenidən yaratmaq mümkün deyil, Rusiyanın belə bir həvəsi yoxdur, əksinə, SSRİ-nin bərpası Rusiya üçün yük ola bilər. Zənnimcə, burada səmimiyyət elementləri çox azdır. Bəzi insanlarda SSRİ nostalgiyası olsa da, onlar başa düşmürlər ki, bazar iqtisadiyyatının mövcud olduğu, cəmiyyətlərin təbəqələşdiyi bir dövrdə sosialist ideologiyasının hakim olduğu bu keçmiş ittifaqı bərpa etmək mümkün deyil. Buna cəhd edilsə belə, bu qondarma dövlət çox uzağa gedə bilməz”. DİA.AZ olaraq politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya və KTMT Prezident Tokayevin müraciətindən sonra Qazaxıstana ordu yeritdi. Sizcə, bundan sonra bu ölkəni nə gözləyir?

- Hesab edirəm ki, Qazaxıstanda bu cür iğtişaşları şərtləndirəcək ciddi səbəblər yox idi. Etirazçıların sosialyönlü tələblərinin dərhal hökumət tərəfindən yerinə yetirilməsinə baxmayaraq, iğtişaşlar Aktau və Almatı kimi iri şəhərlərə də yayıldı. Bu da onu göstərir ki, Qazaxıstanda bu hadisələrə üçüncü ölkənin xüsusi xidmət orqanlarının müdaxiləsi var, iğtişaşları yaradanlar da onlardan təlimat və maliyyə yardımı alır. Beləliklə, etirazların gecə-gündüz dörd gün davam etməsi göstərdi ki, iğtişaşlar vahid mərkəzdən idarə olunur və ciddi surətdə əlaqələndilir. Çünki indi Qazaxıstan MDB dövlətləri arasında sosial durumu və əhalisinin maddi rifah halına görə birinci yerdə durur. Qazaxıstan sürətlə inkişaf edir, ÜDM-nin həcmi hər il 5-6 faiz həcmində artır, orta və kiçik sahibkarlara dövlətin ciddi qayğısı var. Qazaxıstanda bir sahibkarlıq obyektini qeydiyyata almaq üçün çox qısa vaxt lazımdır. Eyni zamanda, öz işini qurmaq üçün cüzi faizlə uzunmüddətli kredit almaq imkanları var. Yəni Qazaxıstan xüsusi sektorun, bazar iqtisadiyyatının və sahibkarlığın inkişaf etdiyi ən qabaqcıl ölkələrdən biridir. Hədəfləri də Avropa səviyyəsinə çatmaq və oranın standartlarına uyğun maddi rifah halını təmin etməkdir.



Bir sözlə, Qazaxıstanın yürütdüyü siyasətin müəyyən elementləri kimlərinsə xoşuna gəlməyə bilər. Məsələn, Nursultan Nazarbayevin hakimiyyəti dövründə Azərbaycan və Türkiyə ilə birlikdə türk dövlətləri birliyinin yaradılması istiqamətində ciddi addımlar atılmağa başladı. Məhz bu ölkələrin liderlərinin səyi ilə Naxçıvanda Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurası yaradıldı. Sonradan bu qurum Türk Dövlətləri Şurası adlandırıldı. Bu təşkilatın İstanbulda keçirilən son toplantısında bu birlikdən kənarda qalmış Türkmənistan da Nazarbayevin təşəbbüsü ilə bura qoşuldu. Belə görünür ki, Nazarbayev türk ölkələri arasında birliyin yaradılmasında kifayət qədər fəal olub.

Üstəgəl, ötən günlərdə Qazaxıstanda dövlət dili statusuna malik olan rus dilinin bu statusu ləğv edildi. Bundan bir neçə ay əvvəl isə ölkə latın əlifbasına keçib. Yəni Qazaxıstanın qərbyönümlü siyasət yürütdüyünün cizgiləri tədricən üzə çıxmaqda idi. Bəzən Rusiya mətbuatında Qazaxıstanda rusdilli insanların sıxışdırılması, onlara təzyiqlərin edilməsi barədə yalan məlumatlar dərc olunurdu. Bu işdə radikal rus millətçiləri və Rusiyadakı erməni diasporu çox yaxından iştirak edirdi. Bütün bunlar göstərir ki, Qazaxıstandakı bu olaylar xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış və idarə edilən hərəkatdır. Bu hərəkatın təkanverici qüvvələrindən bir də, hakimiyyət uğrunda mübarizə məqsədilə bu prosesə qoşulan müəyyən daxili tayfa və ya klanlardır.

Təəssüf edirəm ki, sürətlə inkişaf edən, əhalinin rifahının qayğısına qalan, korrupsiya və rüşvətin ən aşağı səviyyədə olduğu bir ölkədə bu cür olaylar baş verir və kimlərsə xarici dövlətlərin xüsusi xidmət orqanlarının əllərində maşaya çevrilir və öz suveren ölkəsinə qarşı çıxışlar edir.

- Qazaxıstanda baş verənlər yenidən o iddianı gündəmə gətirib ki, Rusiya Prezidenti Putin SSRİ-ni yenidən qurmağa başladı. Bu da daha çox rus mediasında müzakirə olunur. Sizcə, bu ideya mümkündürmü?

- Putin iki il əvvəl demişdi ki, SSRİ-nin dağılması XX əsrin ən böyük qlobal fəlakətidir. Təxminən bir neçə ay əvvəl SSRİ-nin yenidən yaradılması tezisi ortaya atılanda Putin bildirdi ki, Sovet İttifaqını yenidən yaratmaq mümkün deyil, Rusiyanın belə bir həvəsi yoxdur, əksinə, SSRİ-nin bərpası Rusiya üçün yük ola bilər. Zənnimcə, burada səmimiyyət elementləri çox azdır. Bəzi insanlarda SSRİ nostalgiyası olsa da, onlar başa düşmürlər ki, bazar iqtisadiyyatının mövcud olduğu, cəmiyyətlərin təbəqələşdiyi bir dövrdə sosialist ideologiyasının hakim olduğu bu keçmiş ittifaqı bərpa etmək mümkün deyil. Buna cəhd edilsə belə, bu qondarma dövlət çox uzağa gedə bilməz.

Rusiyanın son dövrlərdəki hərəkətləri təəccüb doğurur. NATO ilə münasibətlərdəki gərginlik pik həddə çatıb. Rusiyadan ABŞ və NATO-nun digər üzvlərini hədələyən bəyanatların ard-arası kəsilmir. Üstəgəl, post-sovet məkanındakı bütün münaqişələrin müəllifi Kremldir. Həmin münaqişə bölgələrindəki separatçı rejimlər də Rusiyanın əmri ilə oturub-durur. Rusiya SSRİ-dən ayrılmış bütün müstəqil respublikaların hamısını özünün “arxa bağça”sı hesab edir. Həmin ölkələrdə dominantlığını qoruyub-saxlamaq üçün bütün qüvvələrini səfərbər edir.

Qazaxıstanla münasibətlər də süni şəkildə Rusiya tərəfindən gərginləşdirilib. Dediyim kimi, Qazaxıstan Türk Dövlətləri Təşkilatının qurulmasının təşəbbüskarlarından biridir. Nazarbayev bu təşkilatın İstanbul toplantısına onlayn formatda qoşulmuşdu. Üstəgəl, qazaxların öz ölkələrindəki suverenliyinin artırılması məqsədilə bir neçə il əvvəl paytaxt Almatıdan Rusiya ilə sərhəddə yerləşən Astanaya (indiki Nursultan) köçürüldü. Bu addım həm də rusların çox yaşadığı bu bölgədə qazaxların sayının artırılması məqsədilə atılmışdı. Həmçinin Nursultan Nazarbayev on il əvvəl bütün dünyada yaşayan qazaxlara müraciət edərək, Qazaxıstana gəlmələrini xahiş etmişdi. Bu çağırışdan sonra xeyli insan öz ölkəsinə gəldi. Eyni zamanda, Çinin Şərqi Türküstan bölgəsindən xeyli uyğur da yaşamaq üçün Qazaxıstana üz tutdu. Əgər sovet illərdində qazaxlar Qazaxıstan əhalisinin 20 faizini təşkil edirdilərsə, bu gün bu rəqəm 80 faizdən çoxdur. Eləcə də, sovet illərində Qazaxıstanda ən yüksək vəzifələrin 90 faizini ruslar tuturdusa, indi bu rəqəm qazaxların lehinə dəyişib.

Nursultan Nazarbayev bu dövlətin qurucu-memarıdır. O, düşünülmüş siyasət həyata keçirirdi. Beləliklə də, üçüncü dövlətin və onun Qazaxıstandakı maşalarının, qulbeçələrinin hədəfinə çevrildi. Nazarbayevlə qarşı edilən bu ədalətsizlik və hörmətsizlik xəyanətdir. Bunu qəbul etmək çox çətindir. Bu xəttin üçüncü bir dövlət tərəfindən türk birliyi üçün çalışan və qazax xalqının rifahı və əmin-amanlığı uğrunda mübarizə aparan bir insana qarşı çevrilirsə, buna da təəccüblənməmək lazım gəlir.

Rusiya “sülhməramlılar”ını ölkəyə çağıran Tokayev isə zəif xarakterli adamdır. Onun özünün də bu işlərdə əli ola bilər, amma bunu zəif ehtimalla deyirəm. Bəli, Qazaxıstanda hələ də feodal-patriarxal ənənənin bəzi elementlərinin, yəni tayfa-klan münasibətlərinin qalması da bir faktdır. Bu da Qazaxıstanı geri çəkən amillərdən biridir. Bu baxımdan, vəzifə uğrunda bu klanların apardığı mübarizə proseslərin bu yerə gəlib çatmasına təkan verdi. Hər halda Qazaxıstanın qərbpərəst siyasət yürütməsi və türk dövlətlərinin birliyinə can atması və ölkə üzərindən NATO-ya yardımın həyata keçirilməsi də, Nazarbayev və onun ölkəsini hədəfə gətirən amillərdən biri idi. Çox fakt sadalamaq olar, amma hər halda sürətlə inkişaf edən və ərazisinə görə dünyanın doqquzuncu ölkəsi olan Qazaxıstanda belə hadisələrin baş verməsi üzücüdür. Üstəgəl, bunun üçüncü bir dövlətin xüsusi xidmət orqanları tərəfindən edilməsi utandırıcıdır.

- Qazaxıstan və digər keçmiş sovet respublikalarına təzyiqləri artıran Rusiyaya qarşı Türkiyə, ABŞ və ya Qərbdən hansı addımlar atıla bilər?

- Artıq ABŞ etiraz bəyanatı verib, baş verənləri pisləyib. Türkiyə də ciddi addımlar atmaq niyyətindədir. Türkiyə Xarici İşlər naziri Çavuşoğlu azərbaycanlı həmkarı Bayramovla bu haqda məsləhətləşmə aparıb. Türkiyənin Qazaxıstanda ciddi sərmayəsi var. Eyni zamanda, bu iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Eləcə də, Türkiyənin Qazaxıstanda universitetləri var və orada çox sayda iş adamları fəaliyyət göstərir. Buna görə də, Türkiyənin bu prosesə qoşulacağını istisna etmirəm, hətta bunu zəruri sayıram.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.