"MSTA-S" haubitsasının heyəti: "Torpaqlarımıza qarşı hər hansı təhdid olarsa, dərhal cavab verməyə qadirik"

10-01-2022, 16:17           
"MSTA-S" haubitsasının heyəti:
Ölkənin təhlükəsizliyinin qarantı olan nizami ordunun yaradılması, onun bugünkü səviyyəyə çatdırılması, döyüş qabiliyyətinin artırılması böyük siyasi iradə və gərgin zəhmət hesabına başa gəlib. Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl, planlı surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Ordunun müasir döyüş texnikası ilə təchiz olunması və hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yüksək səviyyəyə çatdırılması daim diqqət mərkəzində saxlanılır. Maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına imkan yaradıb. Aparılan islahatlar və ordu quruculuğu prosesində ən müasir silah-texnika arsenalımıza daxil edilib. Müxtəlif növ müasir atıcı silahlar, zirehli texnikalar, PUA-lar, reaktiv raket kompleksləri, artilleriya qurğuları Azərbaycan əsgərinin istifadəsinə verilib. Təbii ki, müasir silahların mövcudluğu ilə ordunun hər zaman qalib olacağını düşünmək düzgün fikir olmaz. Çünki təcrübəsiz hərbçinin ixtiyarında olan istənilən silah adi dəmir parçasından başqa bir şey deyil. Buna görə də ordumuzda hərbi qulluqçularımızın döyüş təcrübəsinin və praktiki vərdişlərinin artırılması məqsədilə daima məşğələlər, dərslər və təlimlər keçirilir.

"N" hərbi hissəsində artilleriyaçılarımızla müasir tələblərə cavab verən 2S19 "MSTA-S" özüyeriyən haubitsasının taktiki-texniki xüsusiyyətlərinin öyrədilməsi məqsədilə keçirilən praktiki məşğələnin şahidi olduq.

Vətən müharibəsi zamanı istifadə olunan artilleriya qurğusu müasir döyüş maşınlarındandır. "MSTA-S" xarici görünüş cəhətdən tanka bənzəsə də, tankdan daha çevikdir. Haubitsanın zirehi ən yüksək keyfiyyətə malik poladdan hazırlanıb. Sahib olduğu zireh texnikanın ekipajını yüngül atıcı silahların təsirindən və qəlpələrdən qoruyur. Düşmənin canlı qüvvəsini, möhkəmləndirilən atəş nöqtələrini, istehkam və ehtiyatlarını, artilleriya və minaatan batareyalarını, tank və digər zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulub.

Məşğələ bitdikdən sonra məşğələ rəhbəri və döyüş texnikasının heyəti ilə yaxından tanış olmaq imkanı qazandıq.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini fərqlənmə ilə bitirən kapitan İgid Məmmədovla həmsöhbət olduq. "Vətən müharibəsində digər bölmələr kimi, artilleriyaçılarımız da qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəldilər", - deyə zabit söhbətə başladı. "Müasir dövrdə döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir zabit, gizir və əsgərdən yüksək nəzəri-hərbi biliklə yanaşı, mənəvi-psixoloji hazırlıq da tələb edir. Odur ki, döyüşdə uğur qazanmaq üçün təkcə müasir silahlara malik olmaq qələbəyə zəmin deyil. Silahlardan peşəkarcasına istifadə etmək, fiziki cəhətdən hazırlıqlı olmaq, qazanılan nəzəri-təcrübi biliklərdən düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün maksimum səmərəli yararlanmaq əsasdır. Döyüşlər zamanı topların, tankların, reaktiv raketlərin, haubitsaların sərrast atəşi döyüşün taleyini həll edir. Təsadüfi deyil ki, hələ orta əsrlərdən müharibələrdə düşmənə qarşı toplardan geniş istifadə edilib. Artilleriya imkanlarına malik ordular möhtəşəmliyi və məğlubedilməzliyi ilə seçilib. Torpaqlarımızın işğalçılardan təmizlənməsində bizlərin də üzərinə böyük məsuliyyət düşdü. İllərdir təlimlərdə qazandığımız təcrübəni döyüş meydanında nümayiş etdirməyin zamanı gəlib çatıbdı. Vətən müharibəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən uğurla gəldik. Bizlər digər qoşun növlərinin səmərəli hücumunu təmin etmək məqsədilə, düşmənin istehkam qurğularını, artilleriya batareyalarını, sığınacaqlarını, eləcə də digər strateji hərbi obyekt və nöqtələrini, canlı qüvvəsini sərrast atəşlə məhv etdik. Əminliklə deyə bilərəm ki, ən müasir silahlarla təchiz olunan Azərbaycan Ordusu bundan sonra da istənilən tapşırığı yerinə yetirməyə, torpaqlarımıza qarşı hər hansı təhdid olarsa, dərhal cavab verməyə qadirdir".

Söhbət əsnasında onu da öyrəndim ki, kapitan İgid Məmmədov döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni və "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb.

Top komandiri gizir Fərid Əliyevlə də söhbətləşdim. Uşaqlıqdan yaşadığı bölgədə gördüyü hərbçilər və düşmənə olan nifrəti ömür yolunu ordudan salıb. "Düşünürəm ki, hərbçi olmaq nə qədər çətin olsa da, ən şərəfli peşələrdən biridir. Hərbi mundiri daşımaq arzum düşmənə olan nifrətimdən yaranıb. Keçirilən təlimlər zamanı düşmən işğalında olan torpaqlarımızı azad edəcəyimiz, qisas alacağımız günü düşünürdüm. Peşəmlə hər zaman qürur duyuram. Vətən müharibəsinin iştirakçısı və qalib ordunun hərbi qulluqçusu olduğum üçün isə bu gün ikiqat qürurluyam", - gizir F.Əliyev dedi.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan sürücü-mexanik, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İlqar Bayramov da söhbətimizə qoşulur. "İllərdir həm gecə, həm də gündüz vaxtı keçirilən sürücülük məşqləri bizə döyüşü istənilən hava şəraitində aparmağımıza kömək oldu. Döyüşlər zamanı təyin olunan saatda, yerdə atəş mövqeyinin tutulmasında, həm də texnikanın döyüşə hazır vəziyyətə gətirilməsində peşəkarlıq göstərdik. Bütün normativlərə uyğun olaraq qarşıya qoyulan tapşırıqları vaxtında və dəqiq yerinə yetirdik. Aciz qalan düşmən döyüş meydanından qaçmaqla canını qurtarmağa çalışdı. Qazandığımız böyük zəfər bizləri çox sevindirir. İllərdir həsrətini çəkdiyimiz torpaqlar artıq əsl sahiblərinindir".

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elgün Mirzəyev də döyüşlərdəki fəaliyyətinə görə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan hərbi qulluqçulardandır. "Fəxr edirəm ki, 44 günlük Vətən müharibəsində iştirak edərək düşməndən xalqımızın qisasını alan oğulların sırasında mən də varam. Bir hərbçi üçün bundan sevincli heçnə ola bilməz. Xidmətə başladığım ilk gündən döyüşlərin iştirakçısı olmağımı arzulayırdım. Şükürlər olsun ki, bu arzum reallaşdı", - deyə Elgün Mirzəyev qürurla danışdı.

Heyət üzvü əsgər Emin Bəhrəmzadə də söhbətə qoşuldu. "Azərbaycan Ordusunun hərbi qulluqçusu olaraq bu gün ordumuzun peşəkarlığından, güc və qüdrətindən qürur duyuram. Bildiyiniz kimi, ötən il sentyabrın 27-də düşmən cəbhə boyu genişmiqyaslı təxribatlara əl atdı. Lakin şanlı ordumuzun qısa müddətdə həyata keçirdiyi sürətli əks-hücum əməliyyatı ilə xain düşmən məğlub edildi. Uzun illərdir müxtəlif mühəndis-istehkam qurğuları ilə möhkəmləndirdiyi sədlər qısa zamanda ordumuz tərəfindən darmadağın edildi. Uğurlu əks-hücum əməliyyatlarıyla tarixi ədaləti bərpa etdik. İşğalçı erməni ordusunu yurdumuzdan qovub çıxartdıq.

Astara rayonundan xidmətə çağırılan əsgər Məhəmməd Əlizadə döyüş hazırlığı məşğələlərini maraqla gözlədiyini qeyd etdi. "Vətən müharibəsində qazanılan təcrübənin komandirlərimiz tərəfindən bizlərə öyrədilməsi sevindirici haldır. Keçirilən dərsləri diqqətlə izləyir, döyüş maşınımızın hər bir xüsusiyyətini öyrənməyə çalışıram. Təəssüf edirəm ki, Vətən müharibəsi xidmətim dövrünə təsadüf etməyib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mən də iştirak etmək istəyərdim. Qardaşlarımızın canı, qanı bahasına azad edilən torpaqlarımızı müdafiə etmək, qorumaq, saxlamaq ən ümdə vəzifəmizdir".

Oruc Mustafayev "Azərbaycan Ordusu"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.