Qazaxıstanlı jurnalist Ardak Bukeyeva: “Başa düşmürəm, prezidentlə eyni sözləri deyən insanları niyə güllələmək lazım idi?”

13-01-2022, 07:53           
Qazaxıstanlı jurnalist Ardak Bukeyeva:
Qazaxıstanlı jurnalist Ardak Bukeyeva ölkəsində etirazlar zamanı və sonrakı günlər, habelə hazırkı vəziyyət barədə BBC News Azərbaycancaya danışıb.

- İndi sakitlikdir. Bu gün [müsahibə yanvarın 11-də götürülüb- red.] bizim Prezident parlamentdə palataların birgə iclasında hadisələr barədə və Qazaxıstanda keçiriləcək islahatlardan danışıb.

BBC: Siz Almatıdasınız. Şəhərdə vəziyyət necədir, camaat nə danışır, bu gün şəhərdə gördüyünüz nə olub?

- Sakitlikdir, insanların nə danışdığını bilmirəm, bu gün şəhərə çıxmamışam.

Terrorçular versiyasına inananlar da var, inanmayanlar da. Tam məlumat heç kimdə yoxdur.

Nə baş verdiyinə dair müxtəlif versiyalar var.

BBC: Hansı versiyalar dolaşır?

- Belə bir versiya var ki, bu, keçmiş Prezidentin qohumlarının sıxışdırılıb çıxarılması məqsədilə klanlararası müharibə olub.

Digərləri isə hesab edirlər ki, bunu hakimiyyətdəkilərin özü təşkil edib, çünki Qazaxıstanda məxməri inqilab baş verə bilərdi.

Onların hər ikisi isə, yəqin ki, hesab edir ki, müxtəlif maliyyə, sənaye və siyasi qruplar dinc etirazçılardan öz maraqlarını təmin etmək üçün istifadə edib.

BBC: Etirazlara səbəb nə olub və indi onların əhval-ruhiyyəsi necədir?

- İndi etirazçıları tapa bilməyəcəksiniz və nə düşündüklərini də heç kim deməyəcək, çünki indi hamı gizlənir və fikirlərini bildirmir, terrorçu elan olunacağından qorxurlar.

Amma, əslinə qalsa, etirazlar yanvarın 2-də Manqistau vilayətinin Janaozen şəhərində başlayıb.

Digər bölgələr isə janaozenlilərlə həmrəy olduqlarını bildirmək üçün meydana çıxdılar. Onlar, əsasən sosial-iqtisadi tələbləri irəli sürməyə başladılar, lakin orada siyasi tələblər də var idi. Məsələn, Nazarbayevin siyasətdən və hər şeydən getməsini tələb edən "şal ket" siyasi şüar idi.

Bu, qadağan olunmuş müxalifətin şüarı idi, lakin bu dəfə onu Qazaxıstanın müxtəlif şəhərlərində və Almatıda da təkrar edirdilər.

BBC: Bu tələblər etirazlar başlayanda olub, bəs bu gün onlar nə tələb edir?

- Bu gün etiraz edən yoxdur - bu gün, dünən, srağagün antiterror əməliyyatı elan olunandan və xəbərdarlıq etmədən öldürücü atəşin açılacağı deyiləndən sonra etiraz edən yoxdur.

Odur ki, hansı etirazlardan söhbət gedə bilər. Üstəlik, yanvarın 6-da axşam saatlarında Almatıda meydanı sonuncu etirazçılardan təmizlədilər, 150-200 nəfər var idi meydanda, bax onlara öldürücü atəş açılırdı.

BBC: Almatıda?

- Bəli, Almatıda idi.

BBC: Ölən və xəsarət alanların sayı barədə bu günə nə məlumdur?

- 10 mindən çox adam həbs olunub. İstintaq davam edir, heç bir məlumat verilmir. Ən azı bu günə kimi həlak olan mülki şəxslərlə bağlı məlumat görməmişəm.

Ölkə boyu 3 gün ərzində 16 əsgər və polis əməkdaşı həlak olub. Onlar barədə məlumat verilir, onlardan danışırlar, göstərirlər, amma mülki vətəndaşlar barədə heç bir məlumat yoxdur.

Hətta Almatıdakı morqa nə qədər meyit gətirildiyi barədə məlumat ala bilmirəm. Məlumat vermirlər, vəssalam.

BBC: Bəs rəsmilər yaxın vaxtlarda belə bir məlumat verəcəklərini vəd edirmi?

- Deyirlər, dəqiqləşdirirlər, amma mən bir jurnalist kimi Təcili Tibbi Yardım Xəstəxanasına məlumat almaq üçün getsəm, mənə xəstəxanaya güllə yarası ilə neçə nəfərin çatdırıldığını deməyəcəklər.

Onlar yalnız dövlət mediasına məlumat verir, qalanlarına hələlik verilmır.

BBC: Gündəlik tələbat məhsulları ilə təminat nə yerdədir?

- Problem yoxdur, bütün supermarketlər açıqdır. Üç gün gün ərzində bəzi rayonlarda problemlər olub. Lakin indi heç bir problem yoxdur.

BBC: Əhali arasında əhval-ruhiyyə necədir? KTMT qoşunlarına münasibət necədir?

- Bütün əhalinin əvəzinə nəsə demək çətindir. Amma "Qazaxıstana 20 min terrorçu hücum edib" deyənlər - müsbət, buna inanmayanlar isə mənfi fikirdədirlər.

Hər şey insanın məlumatlılıq səviyyəsindən və bəlkə də siyasi prioritetlərindən asılıdır.

BBC: Camaat məlumatı haradan alır?

- Bu gün artıq bütün günü internet işləyir. Ayın 4-dən bizdə internet olmayıb.

BBC: Saytlar, informasiya agentlikləri, qəzetlər, televiziya artıq öz işini bərpa edib?

- Yavaş-yavaş işə başlayırlar. Qazaxıstanda çap mediası çox deyil, bütün media artıq onlayn rejimə keçib və onlar tədricən iş ahəngini bərpa edirlər.

Bu hadisələr zamanı bəzi media strukturları işləyirdi, amma internet olmadığından, onları kim oxuya bilirdi ki? İnternetin işi pozulmasa, belə qalsa, o zaman, məncə, insanlar nə baş verdiyini anlamağa başlayacaqlar.

Getdikcə daha çox məlumat olacaq və biz nə baş verdiyini anlayacağıq. Məsələn, mənə maraqlıdır ki, görəsən, Müstəqillik abidəsinin ətrafında, meydana toplaşmış silahsız etirazçıları nəyin üstündə gülləbaran ediblər?

Mən bunu bilmək istərdim və ümid edirəm ki, bu adamlara atəş açmaq əmrini kimin verdiyi məlum olacaq. O adamlar heç kimə hədə-qorxu gəlməyiblər. Digər sual isə Almatıda baş verənlərlə bağlıdır. Bu, çox qəribədir, çünki son 30 ildə burada heç bir talan, qarətçilik olmayıb. İndi baş verənlər isə aydın deyil.

Bəlkə də bu, polisin küçələrdən yoxa çıxması ilə bağlıdır. Hadisələr zamanı Almatı şəhər polisinin hara yoxa çıxması barədə bizə aydın izahat hələ də verilməyib. Amma ümid edirəm ki, hər şey hələ qabaqdadır.

İki milyon əhalisi olan şəhərin polisinin hara yoxa çıxdığı, bizim polis patrullarının harada olması barədə rəsmi məlumat yoxdur - bunun səbəbi heç kimə məlum deyil.

BBC: Yəqin ki, bu sual Almatı sakinlərini narahat edir. İnsanlar arasında, məsələn, nəqliyyatda, küçədə belə söhbətlər olurmu?

- Almatı sakinləri həyətlərini, qarajlarını, dükanlarını qorumaq üçün hər biri 20-30 nəfərdən ibarət olmaqla özünümüdafiə dəstələri təşkil etməyə çalışıblar.

Onlardan bəzilərinin sözlərinə görə, talanlar başlayanda polisə zəng etməyə cəhd göstəriblər, lakin zənglərə heç kim cavab verməyib.

BBC: Bu cür vəziyyət nə qədər davam etdi?

- Almatıda qarətlər yanvarın 5-də başladı, 5-i və 6-sı davam etdi.

BBC: İndi evdən bayıra çıxmaq nə dərəcədə təhlükəlidir?

- Ümumiyyətlə, əvvəlki günlər də elə çox təhlükəli olmayıb, xüsusi antiterror əməliyyatı başlayan 7 yanvar günü istisna olmaqla. Yanvarın 7-də, hərbçilər gələndə - bax onda təhlükəli idi - hər yerdə atışma gedirdi.

BBC: Hərbçilər deyəndə kimi nəzərdə tutursunuz?

- Mən KTMT hərbçilərini heç yerdə görməmişəm, düzdür, elə çox yerdə də olmamışam. Meydanda, mərkəzdə və ətrafda idim. Mən ancaq bizim əsgərləri görə bildim - Qazaxıstan əsgərlərini.

BBC: Zahiri gönüşünə görə KTMT əsgərini Qazaxıstan əsgərindən seçə bilirsinizmi?

- Yox, bacarmıram. Amma bunu başa düşən insanlardan, kişilərdən soruşdum.

Dedilər ki, meydanda əməliyyat keçirənlər, əsasən, bizim əsgərlərdir. Bəziləri zənn edirdilər ki, bəlkə də onlar, ola bilsin ki, Rusiyadakı Asiya xalqlarının nümayəndələridir və bir-biri ilə rusca danışırlar, amma başa düşənlər deyirdilər ki, onlar,əsasən, bizim hərbçilərdir.

Mənim bundan başım çıxmır. Amma oradan yaxında olanda polis nəfərlərnin durduğunu gördüm - bax, onlar bizimkilər idi.

BBC: İndi həmin ərazini kim mühafizə edir? Orada kim dayanır?

- Deyirlər ki, xüsusi təyinatlılar supermarketlərdə keşik çəkirlər, 5 nəfərlik qrup şəklində hərəkət edirlər.

Burada söz-söhbət yayılmışdı ki, hətta televiziyada da belə bir xəbər getmişdi ki, "terrorçular və ya boyeviklər və ya daha kimlərsə, 5 nəfərlik dəstələr şəklində hərəkət edirlər, başçıları da var".

Mən öz gözlərimlə görməmişəm, amma deyilənlərə görə, xüsusi təyinatlılar, polislər beş-beş gəzir.

BBC: Silahla?

- Bəli, silahla.

BBC: Və Tokayevin dediyi kimi, xəbərdarlıq etmədən atəş aça bilərlər?

- Bu əmrin ləğv edilib-edilmədiyini bilmirəm, amma yanvarın 7-də atışma səsi eşitdiyim məkanda hərbçilər atəş açırdı. Atəş açan heç bir mülki şəxs görmədim.

Amma digər tərəfdən, biz hadisə yerinə yaxın buraxılmırdıq və orada nə baş verdiyi məlum deyildi. Mənim gördüyüm o idi ki, atəş açan yalnız hərbçilər idi və məni atəşə tutan da ancaq hərbçilər olub.

BBC: Onlar sizə atəş açıblar?

- Bəli, meydanın boşaldığını görüb nə baş verdiyini öyrənmək üçün akimliyə (inzibati bina -red.) tərəf addımladım. İstəyirdim biləm ki, orada duran insanlar hara yox olub?

Bizdə heç bir məlumat yox idi... Bəli, hərbçilər mənə atəş açdılar ki, akimliyə yaxınlaşma. Baxmayaraq ki, onlara jurnalist vəsiqəmi göstərib qışqırdım ki, mən jurnalistəm.

BBC: Yəni silah sizə tərəf yönəldilmişdi?

- Bilmirəm.. Hə, təbii ki, silahı mənə tərəf yönəltmişdilər. Amma o da aydındır ki, onlar nişan almırdı, yəqin ki, atəş başımın üstü istiqamətinə açılırdı, əks təqdirdə, bu gün sizlə söhbət edə bilməzdim.

Əvvəlcə mənə atdıqlarını başa düşmədim. Ancaq sonra onların: "Geri, geri çəkil" qışqırdıqlarını eşidəndə, anladım ki, bu sözlər mənə aiddir. Mənim silahım yox idi. Əynimdə gödəkcə var idi - üzərində "Press" yazılmışdı.

BBC: Küçələrdə nəsə gözünüzə dəyibmi, məsələn, meyit və ya başqa nəsə?

- Yox, təkcə gülləbaran edilmiş bir maşın gördüm. Camaatın dediyinə görə, maşında bir gənc öldürülübmüş. İnsanlar onun meyitini həmin maşından çıxarıb şəhər morquna aparıblar. Maşın qan içində idi - mən bunu öz gözümlə gördüm. Adamlar deyirlər ki, meyitləri videoya çəkiblər.

Küçələrdən birində bir neçə meyit gördüm, amma həmin küçə meydandan xeyli aralıda, çayın kənarında idi və bizim polislər orada idi.

Bilmirəm, həmin meyitlər kimlər olub, amma meydanda həlak olmuş həmin gənc çox güman ki, aksiya iştirakçısı olub. Görünür,maşını sürüb çıxıb getmək istəyərkən öldürülüb.

BBC: Etirazların o ilkin potensialı indi nə vəziyyətdədir? Əvvəlki kimidir, yoxsa tükənib?

- Yox, heç bir etirazdan indi söhbət gedə bilməz. Etiraz əhval-ruhiyyəsi yaxın perspektivdə görünür olmayacaq, çünki Prezident iqtisadi müstəvidə o qədər yaxşı vədlər verib ki,... məsələn, "Utilsbor" vergisi Nazarbayevin kiçik qızından alınıb.

Ölkəyə xarcidən gətirilən avtomobillərdən tutulan vergi məişət tullantılarının təkrar emalı müəssisəsini qurmaq şərtiylə Nazarbayevin qızının şirkətinə ödənilirdi.

Xeyli belə addımların atılacağı vəd olunub, çox güman ki, bu, insanların xoşuna gələcək. Məsələn, Astanada yüngül dəmiryol nəqliyyatı üçün (LRT) infrastrukturun tikintisi başa çatdırılmayacaq. Həmin xətt hava limanını dəmir yolu ilə birləşdirməli idi.

Bu layihə 1,5 milyard dollar dəyərindədir. Rəhbərlik bu pulun yarısını oğurlayıb. Nazarbayevlər ailəsinin biznesinə və ailəyə yaxın olan oliqarxların biznesinə təsir edən bu qəbildən çox addımlar nəzərdə tutulub.

Odur ki, belə jestlər insanların xoşuna gələcək və hətta nə qədər insanın öldürüldüyü üzə çıxsa belə, çətin ki, etirazların yeni dalğası olsun. Mən hələlik ikinci etiraz dalğası üçün heç bir əsas görmürəm.

Amma bütün bunlar hakimiyyətin növbəti atacağı addımlardan asılı olacaq.

BBC: Hələlik cavabsız qalan suallardan biri də - Nazarbayevin harada olmasıdır? Onu görən olubmu?

- Yox. Amma sözçüsü deyib ki, o, fəaliyyətini davam etdirir.

Astanadakı həmkarlarımla telefonla danışmışam, bilmirəm nə dərəcədə məlumatlıdırlar, deyirlər ki, etirazlar olanda o, heç yerə getməyib, halbuki onlar bunu hardan bilə bilərlər? Amma Nazarbayev ictimaiyyət qarşısına çıxmayıb.

Yeri gəlmişkən, bir çox digər siyasətçilər kimi - bir çox insanlar faktiki olaraq, virtual olaraq mövcuddurlar, lakin ictimaiyyət qarşısına çıxmayıblar...

BBC: Tokayev parlamentdə bildirib ki, KTMT 10 günə Qazaxıstandan çıxacaq və bu proses 2 günə başlayacaq. Qazaxıstanda bu xəbər necə qarşılanıb?

- Əlbəttə, müsbət, bu məsələdə heç bir fikir ayrılığı yoxdur - konsensusdur.

BBC: Bəs KTMT qoşunları gətiriləndə, bu, necə qarşılandı?

- Düşünürəm ki, pis qarşılandı, çünki hətta xəbərdarlıq etmədən, öldürücü atəş açılacağı elan edilən gün, bir çox insan KTMT qüvvələrinin yeridilməsinə etiraz bildirmək üçün meydana axışmışdı. Onlar hesab edirdilər ki, suverenliyimiz təhlükə altındadır.

BBC: Bir sözlə Tokayevin bu günkü çıxışı sadə insanlar arasında müsbət qarşılanıb?

- Mən ancaq sosial şəbəkələr əsasında fikir söyləyə bilərəm, əksəriyyət bunu müsbət qarşılayıb.

Maraqlıdır ki, Tokayevin bu gün dedikləri, prinsipcə, meydanda etirazçıların mənə dedikləri ilə üst-üstə düşür. Ən əsası isə odur ki, Tokayev bu gün Qazaxıstana hücum edən beynəlxalq terrorçulardan nisbətən az danışıb, daha çox qazaxıstanlıların iqtisadi və sosial problemlərindən bəhs edib.

BBC: Belə çıxır ki, hakimiyyət etirazın ən əvvəlində səsləndirilmiş tələbləri yerinə yetirməyə başlayır?

- Bəli, meydanlarda səsləndirilən və ucadan deyilməyən tələblərin bir çoxu bu gün Prezidentin çıxışında öz əksini tapdı. Və buna görə də başa düşmürəm ki, eyni sözləri deyən insanları niyə güllələmək lazım idi?

BBC: Sizcə, KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasından sonra hadisələr necə inkişaf edəcək?

- Ümumiyyətlə, bu, Qazaxıstana heç bir şəkildə təsir etməyəcək, çünki onların iştirakı burada daha çox dekorativ xarakter alıb, onlar heç bir cəza əməliyyatında iştirak etməyiblər.

Prezidentin sözlərinə görə, KTMT qüvvələri digər vəzifələri yerinə yetirməyə imkan verib.

Məlum olur ki, onların faktiki oynadığı rol heç də mühüm olmayıb. Görünür, onların bura yeridilməsinin hansısa başqa bir məqsədi olub, ola bilsin ki, nəyisə nümayiş etdirmək üçün....

BBC: Yəni sıravi vətəndaş üçün onların bura niyə gətirildiyi aydın deyil?

- İnsanlar fərqlidir - Qazaxıstana 20 min terrorçunun hücum etdiyinə inananlar bunun haqlı olduğunu düşünürlər, amma mən daha çox 20 min terrorçunun Qazaxıstana hücum etdiyini düşünən politoloqlara təəccüblənirəm, - bu, artıq onların özlərinə aid problemdir.

BBC: 20 min terrorçu - haradan gəlib? Bu barədə nəsə deyilir?

- Bizə bu barədə heç nə deyilmir - nə onların haradan göndərildiyi, nə də məqsədləri bizə məlum deyil. Qazaxıstanın beynəlxalq terrorizmin diqqətini özünə necə cəlb etdiyi bəlli deyil.

Eyham vurublar ki, guya onlar dini ekstremistdirlər, amma heç bir sübut, ən azı sənəd və ya fotoşəkil qismində bizə heç nə göstərilməyib.

BBC: Hökumətin etirazçıların səsləndirdiyi sosial-iqtisadi tələbləri yerinə yetirməyə hazır olduğunu faktiki olaraq ifadə etdiyini nəzərə alsaq, yaxın gələcəkdə Qazaxıstanda hadisələrin inkişafını necə görürsünüz?

- Düşünürəm ki, bəzi populist addımlar atılacaq, xüsusən də Tokayevin səsləndirdiyi bu "Qazaxıstan Xalqı Fondu" - çox qəribə bir ideyadır. Fond yaradılır, ona zəngin insanlar, zəngin şirkətlər ödənişlər etməli olacaq, Fondun fəaliyyətinin şəffaf olacağı vəd edilir.

Bu məsələ məlum mexanizmlərlə - məsələn, mütərəqqi vergitutma siyasəti yolu ilə həll olunsaydı, bunu başa düşmək olardı. Amma bəyan edilən format suallar doğurur: onlar bu fondu necə formalaşdıracaqlar, hansı fərdin və ya hansı şirkətin nə dərəcədə zəngin olduğunu hansı meyarlarla müəyyən edəcəklər?

Praktikada bu, necə həyata keçiriləcək? Hələlik aydın deyil, bu fond hansı formada, kimin hesabına və necə fəaliyyət göstərəcək, ən əsası, bu fond nə işlə məşğul olacaq, nədir, oradan müavinət verəcəklərmi? Mənə bu məsələ çatmadı.

BBC: Bəyan edilənlər həyata keçirilsə, sosial gərginlik azala bilərmi?

- Əgər bəyan olunanlar həyata keçirilsə və insanların baza əmək haqları artırılsa, əlavə sosial müavinətlər paylanılsa, o zaman hesab edirəm ki, bu, sosial gərginliyi bir qədər azaldacaq, lakin əsas siyasi problemlər aradan qalxmayacaq - ölkədə, demək olar ki, təmsilçi demokratiya yoxdur, ölkədə seçki yoxdur, daha doğrusu, var, amma nəticəsi əvvəlcədən məlumdur.

Ölkədə daxili siyasi həyat yoxdur, ona görə də bu sual qalır. Prezident sentyabrda siyasi islahatlar məsələsinə qayıdacağına söz verib. Sentyabrda baxarıq, söhbət nədən gedir.

BBC: Son hadisələrdən sonra söz-söhbət gəzirdi ki, Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilə bilər. Deməli, bu məsələ sentyabra qədər təxirə salınır?

- Bu mövzuda eyhamlar olub. Ötən il kəndlərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Prezident bildirib ki, mərkəzlə regionlar arasında balans və donor regionların büdcədən maliyyələşdirilməsi prinsiplərinə yenidən baxılacaq.

Qazaxıstanda büdcəyə pay ayrılması baxımından yalnız 4 rayon donordur, qalanları büdcədən maliyyələşir. Və həmin donor bölgələr qazanclarının böyük hissəsini başqalarına verir. Amma daha bir məsələ var.

Məni ən çox narahat edən odur ki, Almatıdakı talanların hərəkətverici qüvvələrinin adı heç çəkilməyib. Düşünürəm ki, hakimiyyət bu hadisələrlə bağlı həqiqəti deməyə başlayandan sonra nə isə dəyişməyə başlaya bilər.

BBC: Nəyə əsaslanaraq düşünürsünüz ki, əsl səbəblər açılmamış qalır?

- Çünki deyilir ki, məsələn, kimsə bu gizli şəbəkəni yaradıb, gizli bir ordu yaradılıb, döyüşə bilən bir ordu, həmin orduya təlimlər keçirilib.

Amma bunu deyənlər heç bir ad çəkməyiblər, bu "bədxah qüvvələrin" kimlərdən ibarət olduğu heç vaxt açıqlanmayıb. Sonra dedilər ki, bütün bu qüvvələr eyni mərkəzdən idarə olunur. Amma bizə bu mərkəzin harada yerləşdiyini, ona kimin rəhbərlik etdiyini demədilər.

Və buna bənzər digər məsələləri də sadalamaq olar. Onlar konkret ünvan göstərmədən danışırlar. Ona görə də hamı əmindir ki, həqiqət hələ bizə tam şəkildə deyilməyib.

Bəlkə də bu, istintaqla bağlıdır, amma dünən biz hüquq-mühafizə orqanlarının bir neçə yüksək vəzifəli zabitlərinin eyni gündə müəmmalı ölüm xəbərlərini eşitdik..

BBC: Yəni belə bir hiss var ki, hakimiyyətlə xalq arasında səmimi söhbət hələ qabaqdadır?

- Bəli, mən belə düşünürəm. Gec-tez, bu cür söhbət olmalıdır, etdirilməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.