"Yaxşı ki, Azərbaycan KTMT-yə qoşulmayıb..." – Etibar Məmmədov

21-01-2022, 09:34           
"Yaxşı ki, Azərbaycan KTMT-yə qoşulmayıb..." –
AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədovla hafta.az üçün bu dəfəki söhbətimizdə 32 il öncəki 20 Yanvar olaylarıyla son Qazaxıstan olayları arasında bu günümüz üçün də ibrətamiz olan paralellər aparmağa, fərqli cəhətləri araşdırmağa çalışdıq.

-Etibar bəy, hər ikisi, demək olar ki, sadəcə adları və ərazicə fərqlənən eyni imperiya tərəfindən körüklənmiş Bakıdakı 20 Yanvar 1990-cı il qanlı olaylarıyla son günlər Qazaxıstanda baş vermiş faciəli hadisələr arasında daha hansı paralelləri aparmaq olar?

-Bu iki tarixi faciəli olay arasındakı paralel öncə ondan ibarətdir ki, hər iki hadisə xalqın hakimiyyətdən narazılığı fonunda baş verib. Ancaq fərq ondadır ki, Qazaxıstan artıq müstəqil dövlətdir. Amma, təəssüf ki, ölkənin hazırkı rəhbərliyi daxili məsələlərin həlli, daha doğrusu, öz hakimiyyətini qorumaq üçün başqa dövlətlərin qoşunlarını dəvət elədi və bu vasitə ilə öz təhlükəsizliyini təmin etdi. Yəni kənardan ordu dəvət etmək məsələsində 20 Yanvar və son Qazaxıstan hadisələri arasında oxşarlıq var...

-1986-cı ilin dekabrında o vaxtkı Qazaxıstan paytaxtı Almatıda sovet ordusu tərəfindən törədilmiş və 600-dək qazaxın qətli ilə nəticələnmiş soyqırımı da, eyni ölkə ordusunun əməli olan 1990-cı ilin Yanvar qətliamı da Sovet İttifaqı imperiyasının çökməsinə təkan verən hadisələr oldu. Bəs bu il yanvarın əvvəlindəki Qazaxıstandakı qanlı olay faktiki olaraq Moskvanın patronajlığı altında fəaliyyət göstərən MDB-nin parçalanmasına təkan verə bilərmi?

-Məsələ ondan ibarətdir ki, son Qazaxıstan olayları MDB-yə, xüsusən Kremlin rəhbərlik etdiyi KTMT kimi hərbi struktura üzv dövlətlərin dayanıqlığının zəif olmasını göstərdi. Yəni belə oliqarxik sistemlər, avtoritar idarəçiliyə malik quruluşlar çox kövrək olur və bu cür sistem və quruluşa malik ölkələrdə proseslər kiçik bir qığılcımdan dövlətlərin çökməsinədək gedə bilər. Və ona görə də həmin dövlətlərin rəhbərləri Qazaxıstan olaylarından nəticə çıxarmalıdırlar ki, bu cür qeyri-dayanıqlı ölkələrin birliyinin özü də dayanıqlı ola bilməz. O da aydın olur ki, bu dövlətlərin əksəriyyətini birləşdirən heç bir ümumi maraq yoxdur, onları yalnız keçmiş Rusiya imperiyasının maraqlarına uyğun olaraq birləşdiriblər. Və Rusiya rəhbərliyi də çalışır ki, sözügedən dövlətlərin hamısı məhz bu imperiyanın maraqlarına xidmət etsin. Ona görə də yaxşı ki, Azərbaycan Rusiyanın komandanlığıyla olan KTMT hərbi strukturunda iştirak etmir, həmin quruma qoşulmayıb...

-Bu suala demək olar ki, qismən cavab verdiniz. Azərbaycanın 1990-cı ilin yanvarındakı rəhbərliyinin davranışları ilə Qazaxıstanın hazırkı hakimiyyətinin davranışları arasında daha hansı oxşarlığı görürsünüz?

-Dediyim kimi, kənardan, xaricdən ordu dəvəti məsələsində oxşarlıq var. Ancaq digər məsələlərdə o qədər də oxşarlıq yoxdur. Çünki 1990-cı ilin yanvarında Azərbaycan rəhbərliyi heç bir qətiyyət göstərmədi, nə də hansısa bir təşəbbüs etdi və tamamilə özünü proseslərdən kənarlaşdırmaqla xalqımıza qarşı bu müdhiş cinayətin baş verməsinə şərait yaratdı və buna da göz yumdu. Bu minvalla da həmin rəhbərlik öz xalqına qarşı cimayətdə iştirakçı oldu...

Fərq ondadır ki, Tokayev qazax etirazçılara atəş açmağı öz silahlı qüvvələrinə əmr etdi. Sadəcə, onun həmin silahlı qüvvələrin hakimiyyətin tərəfində durub-durmayacağına o qədər də inamı yox idi. Ona görə də öz hakimiyyətini qorumaq, şəxsi təhlükəsizliyini və özünə, adamlarına aid olan obyektlərin təhlükəsizliyini təmin etmək üçün Rusiyaya müraciət etdi. Ancaq yaxşı ki, heç olmasa, səhvinin yarısından qayıtmağı bacardı...

-30 ilə yaxın Qazaxıstanı idarə etmiş Nursultan Nazarbayevin məlum qanlı olaylar ərəfəsində bir aya yaxın yoxa çıxdıqdan sonra, nəhayət, yanvarın 18-də xalqa müraciətini necə dəyərləndirirsiz?

-Əvvəldən məlum idi ki, Nazarbayev hadisələrə birbaşa fikir bildirməyəcək, situasiyanın hansı istiqamətdə dəyişib-dəyişməyəcəyinə uyğun olaraq öz mövqeyini açıqlamağı gözləyəcək. Ona görə də o, gözləmə mövqeyi tutdu. Tokayevlə Nazarbayev arasında danışıqlar getdi və təbii ki, ilk gündən eks-prezidentdən tələb olunurmuş ki, xalqa müraciət etsin. Lakin Nazarbayev də vəziyyətə müdaxilə etməməklə onu göstərməyə çalışırdı ki, mən olmayanda ölkəni idarə edə bilməzsiz. Ancaq Tokayev də göstərdi ki, Qazaxıstanı Nazarbayevsiz də idarə edə bilir. Ona görə də Elbası məcbur olub dedi ki, mən artıq təqaüdçüyəm və heç bir işə qarışmıram...

-Üzərlərindən artıq 4-cü on illiyin keçməsinə baxmayaraq sovet dövründə 1986-cı il Almatı, nə də 20 Yanvar qətliamına əsl mənada hüquqi qiymət verilməyib, bu olayların əsl icraçı və təşkilatçıları qanunla cəzalandırılmayıb. Sizcə, bu gedişlə, son Qazaxıstan olaylarının təşkilatçı və icraçıları nə vaxt cəzasını alacaq?

-Təəssüf ki, sovet dövründəki qətliamlarla bağlı vəziyyət belədir. Qazaxıstana gəldikdə, orada nə vaxtsa daxili araşdırma olacaq. Çünki hakimiyyət tərəfindən yüz minlərlə etirazçı barədə müxtəlif ziddiyyətli fikirlər səsləndi. Onları “xarici terrorçu”, “cihadçı” və s. adlandırdılar. Digər tərfədən isə dedilər ki, aksiyaçıların hamısı içkili və nəşəli imiş. Onlar necə “cihadçı”-“islamçı” idilər ki, meydanlara içkili vəziyyətdə çıxmışdılar. Yəni çox qarışıq məsələdir və təbii ki, belə qarışıq məsələdən də hakimiyyət öz rəqiblərini vurmaq üçün istifadə edəcək. Necə ki, Azərbaycandakı 20 Yanvar olaylarından da rəhbərlikdə olanlar müxalifətdəki rəqiblərini vurmaq üçün istifadə etməyə cəhdlər göstərdi. Odur ki, Qazaxıstandakı son qanlı hadisələrin də ədalətli araşdırılması və təşkilatçıların, günahkarların, icraçıların cəzalandırılması da xeyli sürəcək...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.