Bölgələrimizdə həkimlərin sayı sürətlə azalır - Bakıda 10 min nəfərə 90, bölgələrə cəmi 15 həkim...

1-02-2022, 00:03           
Bölgələrimizdə həkimlərin sayı sürətlə azalır -
Aydın Əliyev: “Bölgələrdə həkimlərin qazanc imkanı Bakı ilə müqayisəolunmaz dərəcədə aşağıdır”

Azərbaycanın bölgələrində fəaliyyət göstərən tibb ocaqlarının əksəriyyəti kadr çatışmazlığından əziyyət çəkir. Baxmayaraq ki, bölgələrdə yeni xəstəxanalar tikilərək müasir tibbi avadanlıqlarla təmin edilib, amma həkim çatışmazlığı ciddi problem kimi qalmaqda davam edir. Son illər bir sıra bölgələrində müasir tipli Müalicə Diaqnostika Mərkəzləri tikilir. Bəzi xəstəxanalar yenidən qurulur. Tibb müəssisələri dünyanın müxtəlif ölkələrindən gətirilən müasir tipli tibbi avadanlıqlarla təchiz edilir. Ancaq orada işləyəcək kadrlar yoxdur.

Ölkədə həkimlərin 60 faizdən yuxarısı Bakıda cəmlənib. Belə ki, Azərbaycan üzrə ən çox həkim Bakıda və Abşeron yarımadasındadır - hər 10 min nəfərə düşən həkim 50-90 arasındadır. Əksər bölgələrdə isə hər 10 min nəfərə uzağı 15 həkim düşür. Burada diqqəti çəkən məqam odur ki, 10 il əvvəl bölgələrdə hər 10 min nəfərə 20 həkim düşürdü. İndi bu rəqəm daha da azalaraq 15-ə düşüb. Məsələn, Daşkəsəndə 100-dən çox həkim lazımdır, amma cəmi 23 həkim var. Gədəbəy və başqa rayonlarda da vəziyyət eynidir.

Maraqlıdır, ekspertlər çıxış yolunu nədə görür?

“Ucqar rayonlarda çalışan gənc həkimlərə yüksək maaş verilməli və onlar digər güzəştlərdən yararlanmalıdır”
Sözügedən məsələyə aydınlıq gətirən Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tanınmış həkim Aydın Əliyev belə vəziyyətin yaranma səbəbini ölkədəki miqrasiya ilə əlaqələndirdi: “Məsələ ondadır ki, son illər əhalinin paytaxta axını xeyli artıb. Bölgələrlə müqayisədə paytaxtda gəlir daha çoxdur. Bu səbəbdən ixtisaslı həkimlər də ya paytaxta üz tutur, ya da xarici ölkələrə. Çünki özəl tibb müəssisələrinin böyük əksəriyyəti Bakıda cəmlənib. Bölgələrdə həkimlərin qazanc imkanı Bakı ilə müqayisəolunmaz dərəcədə aşağıdır. Bakıda bir deyil, bir neçə yerdə işləmək imkanı var. Çünki həkimlərin dövlət xəstəxanaları ilə yanaşı, özəl klinikalarda işləmək imkanına sahib olurlar. Kənd yerlərində isə belə imkan yoxdur və ona görə də gənc həkimlərin regionlara marağı azdır. Bölgələrdə həkim çatışmazlığının kökündə dayanan problem əsasən bununla bağlıdır. Sözügedən problemi qısa müddətdə həll etmək o qədər də asan deyil. Bununla bağlı geniş və mükəmməl proqram hazırlanmalıdır. Ucqar rayonlarda çalışan gənc həkimlərə yüksək maaş verilməlidir. O cümlədən, onlar digər güzəştlərdən yararlanmalıdılar. Hesab edirəm ki, bu kimi metodlarla bölgələrdə qismən həkim çatışmazlığı problemini həll etmək olar”.

Tanınmış həkim onu da qeyd etdi ki, səhiyyə sistemində islahatlar dərinləşdirilməlidir.

Vidadi ORDAHALLI












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.