Siyahı bəlli, ad bəlli, ancaq... – “MÜHARİBƏ VETERANI” ADI MÜZAKİRƏSİ

1-02-2022, 10:45           
Siyahı bəlli, ad bəlli, ancaq... –
Ötən günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev mətbuata açıqlamasında Vətən müharibəsi iştirakçılarının siyahısının hazırlandığını, həmçinin yaxın vaxtlarda təyinatların və ödənişlərin aparılmasının təmin ediləcəyini bildirib. Hər kəsə məlumdur ki, müharibənin bitməsinin üzərindən 1 ildən çox keçib və uzun zamandır “müharibə veteranı” statusunun verilməsi məsələsi ləngiyir. Hafta.az olaraq bu məsələnin müzakirəsini ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov ilə apardıq. Söhbət zamanı ekpsert veteranların üzləşdiyi bir sıra çətinliklərə də toxundu.

Teref.az müsahibəni sizlərə təqdim edir:

-Üzeyir bəy, “müharibə veteranı” statusunun verilməsi məsələsinin bu qədər ləngiməsi sizcə nə ilə bağlıdır? Ümumiyyətlə proseslə bağlı sizin mövqeyiniz necədir?

-Bu məsələ çox uzandı. Hətta deputat Musa Quliyev deyirdi ki, problem dekabrda həll olunacaq. Buna baxmayaraq artıq yanvar ayının sonuncu günüdür. Tək bildiyim odur ki, Müdafiə Nazirliyi öz üzərinə düşəni edib. Təəssüf ki, digər qurumlar üçün eyni sözü demək olmur. Artıq sabahdan yeni ay başlayır. Ödənişlərlə bağlı insanlar narahatlıq hissi keçirirlər. Lakin bəzi qurumlar bir qədər ləng tərpənirlər. Bu işi çoxdan yoluna qoymalı idilər. Açığı desəm söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gedir. Siyahı bəlli, ad bəlli ancaq ortada heç nə yoxdur. Müharibə 10 noyabr 2020-ci ildə başa çatıb. Üzərindən 1 il 3 ay vaxt keçib. Tək problem bu da deyil. Bilirsiniz ki, 2016-cı ildə düşmən təxribatlarının qarşısını alan zaman xeyli sayda hərbi qulluqçumuz aktiv döyüş əməliyyatlarında iştirak etdi. Bu məsələ də öz həllini tapmadı. Baxmayaraq ki, deputat Məlahət İbrahimli Milli Məclisdə çıxışı zamanı vurğuladı ki, biz 2016-cı il Aprel döyüşləri iştirakçılarını da diqqətdən kənarda saxlaya bilmərik.

-Sizcə proses şəffaf şəkildə aparılır?

-Prosesin şəffaflığını sorğulamağa ehtiyac yoxdur. Vətəndaş qeydiyyatda olduğu rayon, yaxud şəhərin səfərbərlik şöbəsindən döyüşə çağrılıb. Ona silah verilib, bu müddət ərzində maliyyə vəsaiti ödənilib. Bunlar hər biri də sənədlərdə var. Sadəcə olaraq bəzi məmurlar bir balaca özlərinə əziyyət verib iş görməlidirlər. Ancaq bundan sonra hər şey öz qaydasına düşəcək.

-Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq açıqlaması oldu. Sizcə bunu məsələnin həlli üçün ciddi addım hesab etmək olarmı?

-İctimaiyyətə yanlış məlumat verirlər. Əvvəla, bu işi görəcək axırıncı qurum varsa, bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bəzən deyirlər ki, məsələ dekabrda həll olunacaq. İnsanlar da ümidlənirlər, daha sonra proses uzananda da əhalidə qıcıq yaranır ki, “bəs demişdiniz dekabrda həll olunacaq?” Hər şeyi ölkə rəhbərliyinin, birinci vitse prezidentin üzərinə atmaq olmaz axı. Hərənin öz işi var. Nazirliklər və digər qurumlar, bir sözlə hər kəs öz öhdəliyinə düşən vəzifələri yerinə yetirsə, ölkədə heç bir problem qalmaz.

-Bəs siz özünüz bu günə qədər veteranlığın verilməməsi ilə bağlı şikayətlərlə qarşılaşmısınız?

-İnandırım sizi şikayətlərin sayı-hesabı yoxdur. Dünən sosial şəbəkələrdə ayağı olmayan qazinin problemi ilə rastlaşdım. Ona hər dəfə “gözlə-gözlə” deyib, həlli yubadırlar. Sanki hansısa qüvvələr ölkədə bilərəkdən süni narazılıq yaradırlar.

Bu yaxınlarda efirdə də bildirdim. Mərhum general Polad Həşimov və onunla birgə şəhid olan polkovnik İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhramanı adı verildi. Onların yanında eyni şəraitdə şəhid olan mayorların valideynləri şikayət edirlər ki, “əgər generala və polkovnikə Milli Qəhrəman adı verilirsə niyə eyni döyüş şəraitində şəhid olan 3 nəfərə heç olmasa hansısa orden ya da medal verilmir?” Biz bilirik ki, fəxri adlar yaxud da orden və medallar ailə üçün böyük təsəllidir.

-Müharibə veteranı adı kimlərə verilməlidir? Arxa cəbhədə fəaliyyətlərini davam etdirənlər də bu siyahıya şamil olunurlarmı?

-Mütləq şəkildə. Unutmamalıyıq ki, biz bu gün “hazır çörək yeyirik”. O çörəyin ərsəyə gəlməsi üçün, buğdanı əkənlər, suvaranlar , toplayanlar, üyüdənlər və s. var. Müharibədə də zəhməti olan təkcə əlində avtomat olan əsgər deyil. O hərbi sursatı daşıyan, ərzaq və qida təminatı ilə məşğul olanlar var. Hətta ezamiyətə gedən uşaqlar da müharibə veteranıdır.

-Müharibədə iştirak edən, daha sonra hərbi fəaliyyətini davam etdirən hərbi qulluqçular da veteran statusunu və 80 manatlıq müavinatı ala biləcəklərmi?

-Əlbəttə alacaqlar. 80 manat prezident müavinətidir. Hərbçilər bu vəsaiti maaşdan əlavə alacaqlar və bunun əməkhaqqına heç bir aidiyyatı yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.